“Ərdoğanla Netanyahu arasındakı ziddiyyətləri Trampın İrana təcavüz qərarı daha da artırdı...
Ekskluziv
449
13:53, Bu gün

“Ərdoğanla Netanyahu arasındakı ziddiyyətləri Trampın İrana təcavüz qərarı daha da artırdı..."

“Hörmüzün bağlanmasından İsrail uduzur, Türkiyə isə udur...”
 
“Bütün dava-dalaş hansı ölkədən yeni neft-qaz  kəmərlərinin  keçməsi üstündədir...”
 
“O ki, qaldı Türkiyə və ABŞ arasında qarşıdurmanın müharibəyə gətirib çıxarıb-çıxarmayacağına, bu ağla gələsi deyil. Çünki hər iki ölkə ABŞ-ın Yaxın Şərqdə ən sadiq müttəfiqləridir...”
 
“ABŞ+İsrail-İran münaqişəsi hələ həllini tapmadığı bir şəraitdə Türkiyə və İsrail liderləri arasında gündən-günə artan gərginliyi necə təhlil edərdiniz? Bu nələrlə nəticələnə bilər?”
 
Bu sualı ünvanladığımız siyasi analitik Tahir Cəfərli Moderator.az-a açıqlamasında aşağıdakı fikirləri ifadə edib:
 
“Əvvəla, onu deyim ki,Türkiyə və İsrail dövlətləri arasında ziddiyyətlər əsasən iqtisadi maraqların toqquşması sayəsində yaranır. Son aylarda bilavasitə Türkiyə və İsrail liderləri, yəni Ərdoğanla Netanyahu arasında artan narazılıq və ziddiyyətlərin səbəbi isə ABŞ Prezidenti Donald Trampın  İrana təcavüz qərarıdır...
 
Aydındır ki, ABŞ Prezidentinin  İrana qalib gəlmək üçün əlində nüvə bombasından  başqa heç nə yoxdur. Bunu etməyə isə onun cürəti  çatmaz, bircə anın içində dünya yox olar. ABŞ Prezidentinin İsrailin əlində oyuncaq olduğundan danışanlar da yanılırlar. Trampın əslində icraçı olduğundan çox yazmışıq, bununla belə, çoxlarına elə gəlir ki, o sadəcə öz bildiyini edir, İsraillə birlikdə  müharibə aparır. Həqiqət isə başqadır. ABŞ üçün İsrail bu saat İranın  hiper-səs raketləri üçün hərbi poliqondur, eyni zamanda onun Yaxın Şərqdə vuran əlidir...
 
Hörmüz boğazının bağlanmasıyla iqtisadi cəhətdən  uduzan ölkə İsraildirsə, udan ölkə Türkiyədir.
Hörmüz ətrafı ölkələrin neft və qazının ticarətini və maliyyə məsələləri  İsrailin əlindədir. İndiyədək bu dövlət neftdən gələn gəlirlərin çox  hissəsini əlində saxlamaqla, güclənirdi, elə ərəbləri də ərəblərin əliylə qırırdı. İndi İsrailə gedən neft-qaz gəlirlərinin qarşısı alınıb və Hörmüz körfəzi nə qədər bağlı qalsa, Türkiyənin  logistikası udacaq, çünki Rusiyadan, Azərbaycandan və Orta Asiya ölkələrindən gələn neft və qaz Türkiyədən Avropa İttifaqına ötürüləcək. Bu Türkiyənin iqtisadi və siyasi  inkişafına böyük təsir göstərəcək...
 
Gəlin, görək nə baş verir? İranla müharibə yanacağın logistikasını dəyişib. Rusiyaya qarşı ABŞ-ın neft satışı ilə bağlı sanksiyaları azmüddətli olsa da, dayandırıldığından, neftin qiymətinin qalxmasından udan elə ABŞ və Rusiyadır. Türkiyə neft tranzitlərinin buraxılma həcmi artdığı halda, İsrailinki kəsgin şəkildə azalır. Nə qədər ABŞ-İran razılığı baş tutmayıb, Hörmüz bağlı qalacaq, bu, iqtisadi cəhətdən İsraili gücdən  salacaqdır... 
 
Türkiyənin güclənməsi isə İsrailin zərərinədir. Çünki İsrailin burnunu soxduğu Livan, Suriya, Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ və s. İsraildən uzaqlaşıb Türkiyəyə daha yaxın olmalıdırlar ki, İranın raketləri altında qalmasınlar. Bütün dava-dalaş hansı ölkədən yeni neft-qaz  kəmərlərinin  keçməsi üstündədir. Digər tərəfdən, ABŞ istəməz ki, Türkiyəyə gələn ucuz neft Avropa İttifaqına getsin. Bu, Donald Trampın Aİ dağıtması üçün  həyata keçirtdiyi nyuproteksionist siyasətinə ziddir.  Bu siyasətin arxasında  iqtisadi müharibə durur ki, o da Aİ-nin dağıdılmasına yönəldilib. ABŞ-ın NATO- dan uzaqlaşması da bununla bağlıdır. 
 
Qayıdaq Türkiyə-İsrail qarşıdurmasına... ABŞ-İsrail-İran  müharibəsinin yaratdığı paradoks ondan ibarətdir ki, Türkiyə müsəlman dövlətlərini ətrafında birləşdirir və iqtisadi imkanları artdığından istəsə də-istəməsə də İslam ölkələrini öz ətrafında birləşdirə biləcək yeganə dövlətə çevrilir. Çünki bu ölkələrinin iqtisadi rıçaqları Türkiyənin əlində olacaq. Və yalnız o halda ərəb ölkələri bir yerə toplaşıb, İsrailin əl ayağını yığışdıra bilər. Bu mənim proqnozum deyil, İsrail dövlətini yaradanlardan biri olan Moşe  Doyanın sözləridir... 
 
Türkiyənin bu cür inkişafı ABŞ-ın xeyrinə deyil. Söhbət neftin qalxmış qiymətini saxlamaqdan gedir. Türkiyədən keçəcək boruların Avropanı neftlə təmin etməsi üçün əlində bütün imkanları yaranacaq. Oradan keçən neftin qiyməti isə indi mövcud olan tariflərdən aşağı olacaq. Bu da ABŞ-n heç bir iqtisadi və siyasi marağına uyğun gəlmir. Odur ki, ABŞ Suriyada Türkiyənin əliylə hakimiyyətə gətirdiyi  proksi “islam”çı prezidenti Türkiyəyə qarşı çevirdi və Suriyada  kürd muxtariyyəti yaratmağa başladı. Bundan əvvəl 13 noyabr 2024-cü ildə Prezident Ərdoğan İsraili Fələstindəki hərəkətlərində günahlandıraraq diplomatik əlaqələrin kəsildiyini elan etdi... 
 
ABŞ+İsrail-İran müharibəsi bir çox həqiqətləri üzə çıxartdı. İndi aydın olur ki, Hörmüz boğazının bağlanması ABŞ-ın iqtisadi marağındadır və bu da Aİ-ni çökdürmək üçün bir alətdir.   O ki, qaldı Türkiyə və ABŞ arasında qarşıdurmanın müharibəyə gətirib çıxarıb-çıxarmayacağına, bu ağla gələsi deyil. Çünki hər iki ölkə ABŞ-ın Yaxın Şərqdə ən sadiq müttəfiqləridir...”
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər