“ABŞ dövləti Trampın qarşısını kəsə bilməsə, o, bütün dünyaya böyük faciələr gətirəcək...”
Ekskluziv
814
17 Jan 2025 | 21:01

“ABŞ dövləti Trampın qarşısını kəsə bilməsə, o, bütün dünyaya böyük faciələr gətirəcək...”

“Onun ətrafına toplanmış oliqarxlar Amerikanın gücündən yararlanaraq dünyanın bütün gəlir gətirən mənbələrini ələ keçirmək məqsədi güdürlər. O cümlədən Qrenlandiyanı...”
 
“Trampın istər 2016-cı il seçkiləri ərəfəsində, istərsə də bu dəfə heç bir seçkiqabağı platforması olmayıb. Yəni bu adamın etmək istədiklərinin hamısı müxtəlif sahələrə aid pərakəndə fikirlər olub...”
 
Bütün bəşəriyyət həyəcanla 20 yanvardan, yəni Donald Trampın ikinci möhlət ABŞ prezidenti kimi and içməsindən sonra bütövlükdə planetdə nələr baş verəcəyini həyəcanla gözləyir.  Hələlik heç bir dünya şöhrətli ekspert, analitik, politoloq onun nə etməyi planlaşdırdığını düzgün şərh edə bilmir. Çünki o, proqnozlaşdırıla bilməyən, gözlənilməz addımlar atan biridir.  Doğrudan da bu Tramp nə etmək fikrindədir? Görəsən, o birbaşa hakimiyyət kürsüsünə oturandan sonra da belə sərsəm bəyanatları davam etdirəcək? Sivil dünya Putin kimi işğalçı, avtoritar, diktator xislətli ölkə başçılarına qarşı mübarizə apardığı bir vaxtda bu gah Kanadaya, gah Qrenlandiyaya, gah Panamaya qarşı iddialar irəli sürməklə sanki  işğalçılığa, zorun, gücün beynəlxalq hüquq üzərində üstünlüyünə haqq qazandırır. Yoxsa o, səs çoxluğuyla prezident seçilməyinə rəğmən boynunda onlarla cinayət, dələduzluq, saxtakarlıq və s. olması səbəbindən hakimiyyət kürsüsünün kövrək olacağını düşünür və indidən özünü guya vətənpərvər, Amerikanın böyüklüyünü, gələcəyini düşünən bir lider kimi sırımaq istəyir?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə analitik Ərəstun Oruclu bunları söyləyib:
 
“Məsələ ondadır ki, Donald Trampın istər 2016-cı il seçkiləri ərəfəsində, istərsə də bu dəfə heç bir seçkiqabağı platforması olmayıb. Yəni bu adamın etmək istədiklərinin hamısı müxtəlif sahələrə aid pərakəndə fikirlər olub.  Və Trampın xüsusi kompleksi olan mövzular var, təbii ki, bunlardan biri və birincisi qeyri-leqal mühacirlər məsələsidir ki, o bu haqda ən ağlasığmaz versiyalar irəli sürübdür. Miqrantların “it-pişik yeməyin”dən tutmuş, cinayət törətmələrinədək... Halbuki statistika göstərir ki, istər leqal, istərsə də qeyri-leqal miqrantlar arasında törədilən cinayət faizi, yerli amerikalıların cinayət faizindən qat-qat aşağıdır. Yəni bu, populistlərin tipik yanaşmasıdır. Onlar cəmiyyətin hansısa hissəsinin diqqətin çəkən bir mövzunu götürüb onu istismar edirlər... Bəs Tramp bu istiqamətdə hansısa addımlar ata biləcəkdirmi? Deyə bilmərəm –çətin məsələdir. Və ümumiyyətlə, bu mövzu Amerika cəmiyyətində ən çətin, ən ağır, ən ağrılı mövzulardan biri sayılır. Ona görə ki, ölkədəki qeyri-leqal mühacirlərin dəqiq sayının nə qədər olduğu bu günədək bəlli deyil. Yəni çoxları düşünür ki, ABŞ dövlətində hər şey saat mexanizmi kimi işləyir və hər şeyə dəqiq nəzarət olunur. Elə deyil, heç bir nəzarət-filan olunmur, özbaşınalıq baş alıb gedir. Reallıq budur...
 
İkinci bir məsələ. Tramp çalışır kiı bütün diqqəti Birləşmiş Ştatların daxili siyasətinə yönəltsin. Amma başa düşür ki, orda istədiyinə nail olmayacaq. Məsələn, bu yaxınlarda mətbuat konfransında yeni seçilmiş prezidentə sual verdilər ki, o, istehlak bazarında qiymətləri aşağı salmaq üçün nə etmək istəyir. Tramp cavab verdi ki, mən enerji daşıyıcılarının qiymətini aşağı salacam – bununla da məsələ öz həllini tapacaq. Ancaq o bunu edə bilməz. Bunu özü də yaxşı blir. Niyə edə bilməz? Çünki Birləşmiş Ştatların enerji sektoru ən güclü lobbi fəaliyyəti olan sahələrdən biridir. Məsələn, enerji sektoruna nəzarət edən ailələrdən birinin Konqresdə, azı, 30-35 nəfər lobbiçi konqresmeni var və təbii ki, belə olduğu halda da onlar Trampın təşəbbüsünü dəstəkləməyəcəklər. Çünki enerji daşıyıcılarının qiymətlərinin aşağı düşməsi enerji şirkətlərinə sərf etmir. Məsələ bu qədər sadədir.  Və ən maraqlısı odur ki, həmin o enerji sektoruna lobbiçilik edən konresmenlərin hamısı Respublikaçılar Partiyasındandır. Belə çıxır ki, heç dediyimiz 30-35 nəfərə də ehtiyac yoxdur. Elə 10-15 nəfər demokratlara qoşulsa, Trampın bütün təşəbbüsləri Konqres səviyyəsində bloklanacaq... 
 
Tramp bunların hamısını başa düşür...  Və onun niyyəti başqadır. Onun ətrafına toplanmış oliqarxlar Amerikanın gücündən yararlanaraq dünyanın bütün gəlir gətirən mənbələrini ələ keçirmək məqsədi güdürlər. O cümlədən Qrenlandiyanı... Qrenlandiya həm loqistika, kommunikasiya baxımından son dərəcə vacibdir. Həmçinin bu ölkədə çox böyük işlənməmiş yataqlar var. O cümlədən müasir texnologiyalarda istifadə olunan litium,  stronsium kimi metalların ehtiyatı mövcuddur. Yeganə səbəb budur...
 
Panama kanalına gəldikdə, bilirik ki, bu kanal Amerika qitəsini iki yerə bölür. Yəni o çox vacib bir kommunikasiya kəməridir. Vaxtilə də onun istismar müddəti bitdiyindən Panamaya qaytarılıb.  Tramp isə onu deyir ki, biz onu geri almalıyıq. Yəni bunlar hamısı artıq bir populizm olmaqla yanaşı, həm də Trampın “Amerikanı yenidən böyük və güclü edək” şüarının guya təsdiqlənməsinə xidmət edir. Ona görə də yeni seçilmiş prezident belə şeylərə əl atır. Panama kanalı da həm dediyim kimi, maliyyə, iqtisadi baxımdan əlverişlidir, həm də Trampın populizmini əsaslandırmaq baxımından... 
 
O belə bir iddia da ortalığa qoyub ki, Meksika körfəzi əslində Amerika körfəzi adlandırılmalıdır.  Bir sözlə, Tramp belə absurd iddialar irəli sürür və onun konkret nə düşündüyünü, hansı məqsəd güddüyünü söyləmək çətindir. Mən hesab edirəm ki, bu istiqamətdə siyasət yürüdəcəyi halda onun hakimiyyəti dünyada çox ciddi problemlər yaradacaq. Əvvəla, Trampın ərazi iddiaları irəli sürməsi ilə nəinki qlobal güclərin, regional dövlətlərin belə, əlinə bəhanə düşəcəkdir ki, öz ərazi problemlərini həll etsinlər. Məsələn, əgər Tramp Qrenlandiyanı götürəcəksə, - özü də adam deyir ki, o ölkəni hətta silah gücünə götürməyi də istisna etmir, - artıq o, Ukraynanı işğal etməsinə görə Putinə heç bir şey deyə bilməz. Və yaxud sabah Çin Tayvanı işğal etsə, ona da heç nə deyə bilməz... 
 
Dünyada ərazi mübahisələri ilə bağlı problemlər isə onlarla, bəlkə də yüzlərlədir. Odur ki, Trampın bu cür siyasəti nəticəsində planetdə nələr baş verə biləcəyini təsəvvür etmək də çətindir.  Və tam əminlikə deyə bilərəm ki, o bu cür siyasətinin nəticələri haqda düşünəcək qədər dərin adam deyil.  Tramp olduqca primitiv, olduqca səthi düşünən, zehniyyəti alverçi təfəkküründən o yana keçməyən biridir. Və üstəlik də, son dərəcə riyakardır. Belə bir şəraitdə, əlbəttə ki, bu deyilənlər hamısı dünya üçün çox ciddi təhlükələr doğurur, o cümlədən mürtəce qüvvələrə rəvac vermiş olur. Bu son dərəcə təhlükəli bir tendensiyadır. Ümid edək ki, Amerika isteblişmenti, Konqres və bütövlükdə ABŞ dövləti Trampın qarşısını kəsə biləcək. Onun qarşısını kəsə bilməsələr, o nəinki Birləşmiş Ştatlara, bütövlükdə dünyaya böyük faciələr gətirəcək...”
 
Sultan Laçın
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər