“Son onilliklər ərzində Azərbaycan bir qonşu, müsəlman sayılan dövlət olaraq İrana qarşı nə qədər səmimi olsa da, qarşı tərəfdən çox vaxt, əksinə, bu cür şər böhtan eşidib...”
Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov Moderator.az əməkdaşıyla söhbətində İran dini lideri Xamneyinin Ərdəbil üzrə nümayəndəsi Seyid Həsən Amulinin təşkil etdiyi son mərasimlərdən birində Azərbaycan və Türkiyəyə qarşı böhtan və təhqir dolu ittihamlarla çıxışlar etməsi haqda danışarkən yaxın keçmişdə şahidi olduğu aşağıdakı olaydan bəhs edib:
“2001-ci ilin səhv etmirəmsə, iyun ayında o dövrdə İran Təhlükəsizlik Şurasının katibi olan mərhum eks-prezident Həsən Ruhani Bakıya gəlmişdi. Onun Azərbaycanın o vaxtkı milli təhlükəsizlik naziri mərhum Namiq Abbasovla görüşündə mən də Azərbaycanın İrandakı səfiri kimi iştirak edirdim. Həmin görüşdə Ruhani nazirimiz qarşısında məsələ qaldırdı ki, guya Azərbaycan İsrailə öz ərazisində müxtəlif xüsusi texniki qurğu və cihazlarla İran ərazisinə nəzarət etməsi üçün şərait yaradır. Və bu da İran dövləti üçün ciddi təhlükə təşkil edir. Qeyd edim ki, İran rəsmisinin həmin çıxışı tərcüməsini nəzərə almasaq, 20 dəqiqə davam etdi. Rəhmətlik Namiq Abbasov Ruhaninin çıxışına heç bir müdaxilə etmədən səbir və təmkinlə qulaq asdı. İran Təhlükəsizlik Şurasının katibi çıxışına tam bitirəndən sonra bizim milli təhlükəsizlik naziri ona təxminən belə cavab verdi:
“Cənab Ruhani, siz bir ölkənin təhlükəsizliyinə cavabdeh olan bir qurumun rəhbəri kimi bəhs etdiyiniz hər hansı bir olay haqda əlinizdə fakt və sənədlər olduqdan sonra danışmalısınız. İndi sizdən xahiş edirəm, gəlin burada Azərbaycan xəritəsində İsrailin xüsusi qurğu və ya cihazlarının quraşdırıldığı konkret məntəqəni, məkanı göstərin, biz də xüsusi nəqliyyat təşkil edək, birlikdə gedək həmin yerə baxaq, oranı ciddi yoxlayaq, görək, həqiqətən orada belə qurğular, cihazlar var, yoxsa yox...”
Bu sözlərdən sonra Həsən Ruhani tərəddüdlü baxışla özü ilə bərabər gəlmiş təhlükəsizlik mütəxəssislərinə tərəf baxdı, öz aralarında nəsə pıçıldaşdılar. Və sonda Ruhani başda olmaqla hamısı pərt bir vəziyyət aldılar. Məlum oldu ki, əslində belə bir şey yoxdur – hamısı yalan, uydurma, böhtandır və bunun arxasında, şayiə və dedi-qodudan başqa bir şey yoxdur. Yəni onu demək istəyirəm ki, son onilliklər ərzində Azərbaycan bir qonşu, müsəlman sayılan dövlət olaraq İrana qarşı nə qədər səmimi olsa da, qarşı tərəfdən çox vaxt, əksinə, bu cür şər böhtan eşidib...”
Sultan Laçın