“Ona görə bizim hökumət də öz lazımi tədbirlərini görməlidir ki, məsələlər bir-birinə qarışmasın...”
“Tramp hakimiyyətdə olacağı dövr üçün missiyasını elan edib ki, o, planetin hər yerində sülh yaranmasına çalışacaq. Ona görə də, çox güman ki, tezliklə həm Ermənistan, həm Azərbaycan tərəfə təzyiqlər edəcək ki, sülh müqaviləsini imzalasınlar...Yəni gözlənilən budur...”
Bu fikri Moderator.az əməkdaşıyla telefon söhbətində “Sizcə, ABŞ-nin yeni seçilmiş prezidenti, respublikaçı Donald Trampın Ağ Evdə hakimiyyət kürsüsünə əyləşəcəyi gündən sonra qlobal siyasətdə Azərbaycana münasibətdə hansı dəyişikliklər gözlənilir?” sualını cavablandırarkən AMİP-in fəxri lideri Etibar Məmmədov söyləyib.
Ardınca həmsöhbətimiz digər suallarımızı da cavablandırıb:
-O da var ki, bu, seçki kampaniyası dövründə sosial şəbəkədəki paylaşımlarında Azərbaycanı faktiki olaraq Qarabağda etnik təmizləmədə suçlayan və ermənilərin geri qayıtmasına dəstək verəcəyini vəd edən Trampdır...
-Dediyim kimi, bu saat Tramp üçün Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı siyasətdə bir nömrəli vəzifə kimi sülh sazişinin imzalanmasını qarşıya qoyub. Çünki onun elən etdiyi missiyaya görə hər yerdə sülhə nail olmalıdır. Bu məqsəd üçün ən real görünən də Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıdır...
-Yeni seçilmiş ABŞ prezidentinin ölkəmizə qarşı digər yönlərdə necə siyasət yeridəcəyini hesab edirsiz?
-Başqa yönlərdə necə siyasət yürüdəcəyini bilmək olmaz. Çünki Trampın siyasəti gözlənilməz və aqressiv siyasətdir. Yəqin ki, bizə qarşı da məcburetmə siyasəti aparacaq. İndi ondan sonra hansı nəticələr olacağını isə öncədən proqnozlaşdırmaq mümkün deyil... O birisi məsələlərlə bağlı da, təbii ki, nəsə etməyə çalışacaq. Onsuz da ABŞ Konqresində də, Senatında da Azərbaycana qarşı qətnamələr hazırlanır. Onlar yalnız Ermənistan deyil, daxili siyasətlə bağlı bəzi məsələləri də nəzərə alırlar. Ona görə bizim hökumət də öz lazımi tədbirlərini görməlidir ki, məsələlər bir-birinə qarışmasın...
Sultan Laçın