"Zelenski qəsdən belə davranır və ümid edir ki, Putinin danışıqlardan imtina edəcəyi təqdirdə onun yumşaq mövqeyi Ağ Evdə ona rəğbət qazandıracaq..."
Son zamanlar Ukrayna prezidenti Vladimir Zelenski danışıqlara getdikcə daha çox hazır olduğu barədə siqnallar göndərir. O, ümid edir ki, onun daha yumşaq mövqeyi Putinin danışıqlardan imtina edəcəyi təqdirdə Tramp administrasiyasında ona qarşı rəğbət qazandıracaq.
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.
ABŞ-da Donald Trampın hakimiyyətə gəlişi və Ukrayna Silahlı Qüvvələri üçün cəbhədə ağır vəziyyət Ukrayna prezidenti Vladimir Zelenskini Rusiya ilə gələcək danışıqlarda daha yumşaq mövqeyə sövq edir.
Son zamanlar Zelenski müharibəyə son qoyulması məqsədilə danışıqlara getdikcə daha çox hazır olduğu barədə siqnallar göndərir. Bu, "uzun müddət ölkəsinin hər qarış torpağı uğrunda mübarizə aparacağına and içən Ukrayna lideri üçün ciddi dəyişiklikdir".
"Ukrayna və Qərbin rəsmi şəxsləri Zelenskinin ritorikasının dəyişdiyinə diqqət çəkib, bunu da, ehtimal ki, cəbhədə vəziyyətin pisləşməsi və ABŞ-ın yeni administrasiyasının Kiyevə təhlükəsizlik sahəsində gələcək yardımı şübhə altına alması ilə izah etmək olar", - məqalədə deyilir.
Bundan öncə Zelenski bəyan edib ki, danışıqlar yalnız Moskvanın öz qoşunlarını Ukrayna ərazisindən çıxardıqdan sonra başlaya bilər. Lakin Tramp və Avropa liderləri ilə son görüşlərində Ukrayna prezidenti diqqəti daha çox Ukrayna üçün "ədalətli sülhə" nail olunmasına yönəldib.
İndi əsas prioritet NATO hərbi alyansına dəvət edilməsi və Rusiyanın gələcək hücumlarının qarşısının alınması üçün Qərb sülhməramlılarının mümkün iştirakı kimi digər təhlükəsizlik zəmanətləridir.
Məmur və analitiklər qeyd edir ki, Zelenskinin bəyanatlarının tonunun dəyişməsi, ehtimal ki, Trampın münaqişənin dayandırılmasına yönələn mövqeyi ilə uzlaşdırma cəhdidir.
Zelenski administrasiyası "anlayır ki, Tramp dönəmində hər şey dəyişəcək", bunu ABŞ-ın Rusiyadakı sabiq səfiri Maykı Makfol deyib.
"Düşünürəm ki, bu, Zelenskini heç nəyə baxmadan 1991-ci il sərhədlərinədək mübarizə aparmaq barədə əvvəlki mövqeyindən azad edir", - Makfol əlavə edib. İndi isə o, deyə bilər: "Nə edim, mən bunu məmnuniyyətlə edərdim, amma Tramp gəlişilə hər şey dəyişib".
Eyni zamanda siyasətçilərin əksəriyyəti Vladimir Putinin qoşunlarının cəbhə xəttində uğurlar qazandığı bir zaman onun danışıqlara hazır olduğuna şübhə ilə yanaşır:
"Bəzi məmurlar güman edir ki, Zelenski qəsdən belə davranır və ümid edir ki, onun daha yumşaq mövqeyi Putinin danışıqlardan imtina edəcəyi təqdirdə Ağ Evdə ona qarşı rəğbət qazandıracaq və Trampa Ukraynanın müdafiəsinə daha çox dəstək göstərməsinə imkan verəcək".