"İran dərin iqtisadi və energetika böhranı ilə üz-üzə qalıb, bu, ayətüllah rejiminin süqutuna səbəb ola bilərmi?.."
İran ağır energetika böhranı və beynəlxalq sanksiyalarla üz-üzə qalıb. Ölkə sakinləri son dərəcə mürəkkəb vəziyyətə düşüb, bu da rejimin sabitliyinə təhlükə törədir.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
Nəşr yazır ki, energetika böhranı səbəbindən hökumət müəssisələri bağlanıb və ya qısaldılmış qrafiklə işləyir, məktəb və kolleclər koronavirus pandemiyasından sonra ilk dəfə olaraq onlayn tədrisə keçib. Həmçinin avtomobil yolları və ticarət mərkəzləri qaranlığa qərq olub, İran istehsalı isə müəssisələrin elektrik enerjisiz qalması səbəbindən, demək olar ki, tamamilə dayanıb.
Dünyada təbii qazın və xam neftin ən böyük ehtiyatlarına malik olmasına rəğmən, İran tammiqyaslı energetika böhranı keçirir. Buna səbəb uzun illərin sanksiyaları, pis idarəetmə, köhnə infrastruktur, istehlakda israfçılıq, habelə İsrailin məqsədyönlü hücumlarıdır.
İran prezidenti Məsud Pezeşkian etiraf edib ki, problem kritik həddə çatıb. "Biz insanlardan üzr istəməliyik, çünki elə bir vəziyyətə düşmüşük ki, bunun əsas ağırlığı onların üzərinə düşür", - o, bəyan edib.
İranda iqtisadi və energetika böhranı ayətüllah rejiminin süqutuna səbəb ola bilərmi, yoxsa sərt gerçəklik iranlıları qəddar idarəçiliyin tələsində saxlayacaq?
"Radio Ran" fars nəşrinin aparıcısı Rani Əmrani baş verənlərin rəmzi aspektini qeyd edir: "İsrailin məhv edilməsinin rəmzi olan saatlar daha işləmir, sadəcə, ona görə ki, elektrik yoxdur". Bu metafora ciddi daxili problemlər və resurslar qıtlığı ilə üzləşən ölkənin ümumi vəziyyətini əks etdirir.
Suriya dərsləri
Ekspertlərin sözlərinə görə, iranlılar Bəşər Əsəd rejiminin hakimiyyəti əlində saxlamağa cəhd edən, lakin kütləvi etirazların təzyiqindən sayılı günlər ərzində çökən Suriyada baş verənləri müşahidə edərək çox şeyləri öyrənib. Lakin İran etirazçılarının İslam inqilabının güclü və amansız keşikçilərinə meydan oxuması üçün silah və resursları yetərli deyil.
İran rejimi repressiyaları gücləndirir, kütləvi edamlar, qanunların sərtləşdirilməsi, əhalinin qorxudulması ilə məşğuldur. "İranlılar anlayır ki, rejim bir neçə günə süqut edə bilər, lakin bilir ki, ayətüllah kimi rejimlər asanlıqla təslim olmayacaq", - Əmrani vurğulayıb.
Beynəlxalq dəstəyin rolu
Tarix göstərir ki, diktatura rejimlərinə qarşı etirazlar çox vaxt beynəlxalq dəstək olanda uğurlu olur. Məsələn, Suriyada üsyançılar Türkiyə və digər ölkələrdən dəstək alıb. İranda Qərb və ya İsrail tərəfindən belə əhəmiyyətli dəstək yoxdur. Bu, vətəndaşların birləşməsini çətinləşdirir və onların uğur qazanmaq şanslarını azaldır.
Əmrani hesab edir ki, İsrail öz strategiyasına yenidən baxmalıdır. "Bir ölkə rejimi devirə bilməz, lakin buna kömək edə bilər. Məsələn, kürdlər və ya beluclar kimi milli azlıqlara dəstək verə və media vasitəsilə İran əhalisinə təsiri gücləndirə bilər".
İran dəyişikliklər astanasındadır?
Başlıca sual qalır: "İranlılar rejimə qarşı üsyana qalxa biləcəkmi?" Bu suala cavab bir çox cəhətdən beynəlxalq dəstəkdən, habelə ölkə daxilində iqtisadiyyat və energetikanın vəziyyətindən asılıdır. Hələlik cəmiyyət öz mübarizəsində təklikdə qalıb, Tehranda dəyişikliklər uzun müddət ləngiyə bilər.