Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində Türkiyə ilə birgə təlimlərə diqqət çəkib, bu təlimlərin bütövlükdə Qafqazda sülhün və təhlükəsizliyin təmininə töhfə verdiyini bildirib.
Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının regionun təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıdığını bildirib:
“Türkiyə ilə Azərbaycan arasında hərbi-siyasi yaxınlaşma sürətlə gedir. Türkiyə ilə əməkdaşlıq əlaqələrimiz yüksək səviyyəyə qalxıb. Xüsusi təyinatlılarımızın böyük əksəriyyəti Türkiyədə təlimlər keçir. İki dövlətin Hərbi Hava Qüvvələri arasında da ciddi əməkdaşlıq mövcuddur. Demək olar ki, hərbin bütün istiqamətləri üzrə Türkiyə ilə əməkdaşlığımız mövcuddur. Ola bilsin ki, gələcəkdə Suriyanın bərpası istiqamətində də Azərbaycanla Türkiyə bigə fəaliyyət ortaya qoysunlar.
Bir sözlə, iki dövlət arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə ciddi əməkdaşlıq mövcuddur ki, bu da bütövlkdə regionda sülhün, təhlükəsizliyin təmininə hesablanıb. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı Qafqazda sülhün və təhlükəsizliyi baxımından son dərəcə mühüm, həyati önəmə malikdir. Bu mənada sözügedən təlimlərin bundan sonra da davam etdirilməsinə ciddi ehtiyac var”.
Seymur ƏLİYEV