"Qərb ölkələri Suriyada hakimiyyəti ələ alan "Həyat Təhrir əş-Şam" qruplaşması və onun lideri ilə münasibətlər yaradır..."
Bayden administrasiyasının yüksək vəzifəli diplomatları bu gün Suriyanın yeni hakimiyyəti ilə görüşmək üçün Dəməşqə səfər edəcək.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, nümayəndə heyətinə Dövlət Departamentinin Yaxın Şərq üzrə baş diplomatı Barbara Lif başçılıq edəcək. Onlar "Həyat Təhrir əş-Şam" qruplaşmasının komandiri Əl-Culani ilə görüşəcək.
Danışıqlarda diqqət Suriyanın inklüziv hökumətinin yaradılması və Əsəd rejimi zamanı itkin düşmüş amerikalı vətəndaşların taleyinə yönələcək.
Bundan başqa, diplomatlar vətəndaş cəmiyyəti nümayəndələri, fəallar, müxtəlif icma üzvləri və digər suriyalarla görüşəvək. Bu, Bəşər Əsəd rejimi devriləndən sonra amerikalı diplomatların Suriyaya ilk səfəridir.
Dövlət Departamentinin məlumatına görə, amerikalı elçilər Suriyanın müvəqqəti rəhbərləri ilə "ölkənin gələcəyinə baxışları və Birləşmiş Ştatların onlara necə yardım edəcəyini" müzakirə edəcək.
Qeyd edilir ki, bu səfər Suriyada vətəndaş savaşı başlanandan ABŞ-ın əsas rəsmi diplomatik missiyasıdır. 2012-ci ildə Vaşinqron Dəməşqlə diplomatik münasibətləri kəsib və oradakı səfirliyini bağlayıb.
Qərb ölkələri tədricən Suriyada hakimiyyəti ələ alan "Həyat Təhrir əş-Şam" qruplaşması və onun lideri Əl-Culani ilə münasibətlər yaradır, terrorçu statusu olan bu təşkilatla necə davranacaqlarını düşünür. ABŞ nümayəndə heyətinin səfəri Fransa və Böyük Britaniyanın analoji missiyalarından sonra gerçəkləşir.
"NBC News" nəşrinin məlumatına görə, Bayden administrasiyası "Həyat Təhrir əş-Şab" qruplaşmasının terrorçu təşkilatlar sıyahısından çıxarılmasının mümkünlüyünü nəzərdən keçirir. Administrasiya həmçinin ABŞ-ın Suriya hökumətini rəsmən tanımasından öncə bir sıra şərtlər irəli sürüb.
Xəbər verildiyi kimi, bu günlər Moskvada mətbuat konfransı zamanı Rusiya prezidenti Vladimir Putin kollektiv Qərbi "ikili standartlarda" ittiham edib.
"Bu gün bir çox Avropa ölkələri və Birləşmiş Ştatlar əbəs yerə onlarla münasibətlərini nizama salmaq istəmir. Əgər onlar terrorçu təşkilatdırsa, burnunuzu oraya niyə soxursunuz? Deməli, onlar dəyişib, elə deyilmi?" - Kreml hakimi deyib.