Ekskluziv
922
19 Dec 2024 | 22:54

"Rusiyada oliqarxların üsyanı yetişir" - "The Wall Street Journal"

"Elitanın narazılığı getdikcə daha ucadan səslənir, lakin iqtisadi böhranın gerçək kökləri olan münaqişə və sanksiyalar diqqətdən kənarda qalır..."
 
Uzun müddət sakit davranan rusiyalı oliqarxlar iqtisadiyyatdakı vəziyyətdən o qədər qəzəb hissi keçirir ki, Mərkəzi Bankın putinyönlü rəhbəri Nabiullinanı gerdikcə daha fəal şəkildə tənqid etməyə başlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb. 
 
Məqalədə deyilir ki, Rusiya iqtisadiyyatı getdikcə artan problemlərlə üzləşir: inflyasiya artır, faiz dərəcələri isə rekord səviyyəyə çatır. Üstəlik, indi şirkətlər və hətta oliqarxlar öz narazılıqlarını getdikcə daha ucadan səsləndirir.
 
Lakin biznes-elitanın açıq şəkildə tənqid etməkdən çəkindiyi Kreml rəhbərini tənqid etmək əvəzinə, bütün oxlar Mərkəzi Bankın rəhbəri Elvira Nabiullinaya yönəlib. 
 
Elitanın getdikcə artan narazılığı
 
Rusiyanın uzun müddət istehlak məsrəfləri və korporativ gəlirlərə dəstək verən hərbi iqtisadiyyatı yerində saymağa başlayıb. İnflyasiya artımı, rublun məzənnədən düşməsi və yüksək faiz dərəcələri biznes üzərində dözülməz yükə çevrilir. Şirkətlərin narazılığı Putin Rusiyasının üzləşdiyi iqtisadi təzyiqin artmasının əlamətidir.
 
"Mərkəzi Bankın bugünkü faiz dərəcələri iqtisadiyyat və sənayenin inkişafı üçün çox ciddi təhlükədir. Bu, düzgün dərman hesab edilə bilərmi? Mən ümid edirəm ki, dərman xəstəlikdən daha zərərli olmayacaq", - bunu "Severstal" şirkətinin rəhbəri, milyardçı Alelsey Mordaşov bəyan edib. 
 
Mərkəzi Bankın fəaliyyətindən milyardçı Oleq Deribaska da daima narazılıq edir. Mərkəzi Bankı tez-tez tənqid edən Deribaska bu ilin əvvəlində ölkənin "nəfəs ala bilməsi üçün" "əsarət altına salan" 5 faizədək dərəcənin aşağı salınmasını tələb edib.
 
Putinin yaxın silahdaşı, Rusiyanın dövlət müdafiə konqlomeratı "Rostex"ə rəhbərlik edən Sergey Çemezov faiz dərəcələrinin səviyyəsini "bundan sonra sənaye artımı üçün ciddi maneə" adlandıran elita nümayəndələrinin ən qətiyyətli nümayəndələrindən biri olub. 
 
Bu yaxınlarda iqtisadi forumların birində Neftqaz Servisi Milli Assosiasiyasının prezuidenti Viktor Xaykov yüksək faiz dərəcələri səbəbindən texnoloji inkişafa investisiyaları xeyli azaldan sənayeçilərə əllərini yuxarıya qaldırmağı xahiş edib. Hamı əllərini qaldırıb. Nabiullinaya qarşı neqativ münasibətin artması ilə əlaqədar olaraq bəziləri onu istefaya çağırır.
 
Dövlət Duması fraksiyalarından birinin lideri Sergey Mironov isə əməlli-başlı qalmaqal yaradıb. O, Nabiullinanı əsas faiz dərəcəsinin yüksəldilməsində onu ittiham edərək kəskin tənqid edib.
 
"Ötən ilin iyul ayından Siz uçot dərəcəsini artırmağa başlamısınız. İnfyasiya nə qədər artıb? Ey, xanım Nabiullina, Siz adekvatsınız, yoxsa yox? Bu nə cəfəngiyyatdır?" - o, bəyan edib. 
 
Mərkəzi Bankın müəyyən edilən 21 faiz dərəcəsi artıq sabah daha da çoxala bilər, bu da iqtisadiyyata təzyiqi gücləndirəcək. Şirkətlər bütün cəbhə boyunca zərbə hiss edir, inflyasiya 9 faiz səviyyəsində qalır, bu da rublu məzənnədən salır və məsrəfləri artırır.
 
Seçinin "Rosneft" şirkəti kreditləşmənin əlçatan olmadığına istinad edərək neft emalı zavodlarının modernləşdirilməsini təxirə salıb, 200-dən artıq ticarət mərkəzləri müflisləşmə təhlükəsi altındadır, yükdaşınmalarının üçdə bir hissəsinin gələn il müflisləşəcəyi proqnozlaşdırılır.
 
Ekspertlər hesab edir ki, biznes-elitanın narazılığı artır, lakin oliqarxların Kreml rəhbərini tənqid etməyə cəsarəti çatmır. Elvira Nabiullina ittihamlar üçün "rahat hədəfdir", - bunu Mərkəzi Bankın sabiq əməkdaşı Aleksandra Prokopenko qeyd edib.
 
Neft və hərbi məsrəflərlə dəstəklənən iqtisadiyyat dayanıqlı olub, lakin bu model münaqişə ilə yaranan disbalansların öhdəsindən gəlmək iqtidarında deyil. 
 
ABŞ və Avropa İttifaqının sanksiyaları rublun sabitliyini sarsıdıb, əmək bazarı isə səfərbərlik və miqrasiya səbəbindən işçi qüvvəsi qıtlığı keçirir. 
 
Biznes və iqtisadiyyat üçün təhlükələr
 
Yüksək faiz dərəcələri və inflyasiya şirkətlərin marjasını azaldır, uzunmüddətli planlaşdırmanı mümkünsüz edir. İri müəssisələrin maliyyə problemləri müflisləşmənin zəncirvari reaksiyasına gətirib çıxara bilər, bu da iqtisadi vəziyyəti yalnız pisləşdirəcək. 
 
Rusiyanın iqtisadi modeli ciddi problemlərlə üzləşib, elitanın narazılığı getdikcə daha ucadan səslənir. Lakin tənqid hələlik Mərkəzi Banka yönəlib, bohranın gerçək kökləri olan münaqişə və sanksiyalar isə diqqətdən kənarda qalır.
 
Müəllif: Mark Voroşilov
Link kopyalandı!
Son xəbərlər