"Düşmən müharibənin bitməsini deyil, Ukrayna və müttəfiqlərinin təslim olmasını istəyir..."
Atəşkəslə bağlı gerçək danışıqların başlanması üçün Rusiyanı müharibəni davam etdirmək üçün resurslardan məhrum etmək lazımdır.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Yermak Lvovda yerli və regional hakimiyyətlər Konqresinin iclası zamanı bəyan edib. Məlumatı "krymr.com" nəşri yayıb.
"Bir daha vurğulayıram, yalnız güclülərə kömək edilir, ona görə də biz güclü olmalıyıq. Dayanıqlı sülh barədə danışıqlar yalnız düşmənin müharibəni davam etdirmək üçün resursları tükənəndə başlayacaq, ona görə də qarşıda görüləcək işlərimiz həddən artıq çoxdur", - o, deyib.
Yermak xatırladıb ki, oktyabrın 24-də Ukrayna prezidenti Vladimir Zelenski qələbə planını təqdim edib. Bu sənəd beynəlxalq tərəfdaşlara yönəlib və burada ölkəmizin mövqeyi və müharibənin sona çatdırılmasının gerçək mexanizmləri ifadə edilib.
Yermakın sözlərinə görə, 1261 yerli şuralardan 1087-si plana dəstəklə bağlı müraciət qəbul edib. Daha 174 şura buni yaxın zamanlarda etmək niyyətindədir.
"Bu müraciətlərdə qələbə planı ilə bağlı dəstək ifadə edilib. Nəticələr isə bir çox hallarda əsas tərəfdaşlarımız olan ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Danimarka, Polşa, Norveç, Yaponiya, Niderland və Avropa İttifaqı və dünyanın digər ölkələrinin mövqelərindən asılıdır. Bizim regionlar bu ölkələrdəki tərəfdaşlarımızla böyük iş görməkdə davam edir", - müşavir vurğulayıb.
Bundan başqa, Yermak əlavə edib ki, ukraynalılar dünya birliyinə Ukraynanın müharibənin başa çatdırılması ilə bağlı öz baxışlarını çatdırır. O, deyib ki, Ukrayna nümayəndə heyətlərinin xarici səfərlərinin artıq sanballı nəticələri var.
"Vəziyyət mürəkkəb olaraq qalır, düşmən hücumlarını davam etdirir, bu arada isə Rusiya təbliğatı dünyanı qlobal sui-qəsdin qaçılmaz olduğuna, Rusiya diktatının alternativsiz gələcək olduğuna inandırmağa cəhd göstərir. Bu, belə deyil və biz bu planı heçə endirmək üçün güclü olmalıyıq", - o, vurğulayıb.
"Düşmən müharibənin bitməsini deyil, bizim və müttəfiqlərimizin təslim olmasını istəyir. Əgər Rusiya ədalətli sülhə məcbur edilməzsə, sülh olmayacaq, fasilə olacaq və Moskva bu fasilədən öz qüvvələrinin bərpası və hücumlarının davam etdirilməsi üçün istifadə edəcək", - Yermak izah edib.