Ekskluziv
707
16 Dec 2024 | 18:58

"İrandakı kəşfiyyat rezidenti və arvadı şəxsi varlanma ilə məşğul olurmuş...”- İSTİNTAQ SƏNƏDLƏRİNDƏN

“Atakişiyev böyük məbləğdə əmək haqqı alsa da, bu qədər şeyi halal zəhmətlə qazana bilməzdi. Bütün bu şeyləri Atakişiyev gömrük nəzarətindən keçmədən və dövlət rüsumu ödəmədən özüylə Bakıya gətirdi...”
 
“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə  Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...
 
İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...”
Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış  “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...
Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.
 
Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət,   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.
 
Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:
 
"İstintaq materiallarından...
 
 (Əvvəli burada: )
 
“Şahid Məmməd Mehdiyevin dediklərindən: 
 
“Respublikanın və rayonların rəhbər işçilərinin həbsi o vaxtlar Sumbatovun təqdim etdiyi siyahı üzrə, Bağırovun göstərişi və sanksiyası ilə həyata keçirilirdi. Şəxsən mən Bağırovun dərkənarı olan həmin siyahıları 1938-39-cu illərdə Markaryanda görmüşəm..
 
Mən İranda olduğum zaman, sıravi kəçfiyyatçı kimi, konspirasiya məqsədilə Atakişiyevin rezidenturasında görünə bilməzdim, ona görə də onun İranda özünü necə apraması barədə məlumatım yox idi. İrandakı agentura ilə aparılan işin vəziyyətindən də xəbərim yox idi. Ancaq mənə məlumdur ki, Atakişiyev və Quliyev İranda olduqları vaxt onlar bizim kəşfiyyata elə rəhbərlik etmişdilər ki, SSRİ ərazisinə göndərilməsi güman edilən xarici kəşfiyyat agentlərinin biri də aşkara çıxarılmamışdır. Eləcə də xarici kəşfiyyatın SSRİ ərazisinə göndərdiyi agentlərlə əlaqə kanalları da müəyyənləşdirilməmişdi... 
1946-cı ildə Təbrizdə xidməti ezamiyyətim zamanı mən Atakişiyevin mənzilinə gedəsi oldum. Və mənə məlum oldu ki, Atakişiyev və onun arvadı İranda şəxsi varlanma ilə məşğul olurmuş. Atakişiyevin mənzilində mən müxtəlif qiymətli əşyalara rast gəldim: ona qədər bahalı xalça, çoxlu müxtəlif şal və ipək parçalar, hazır paltar və ayaqqabı, gümüş qab-qacaq və başqa şeylər. Atakişiyev böyük məbləğdə əmək haqqı alsa da, bu qədər şeyi halal zəhmətlə qazana bilməzdi. Bütün bu şeyləri Atakişiyev gömrük nəzarətindən keçmədən və dövlət rüsumu ödəmədən özüylə Bakıya gətirdi. Sürücülər: Rizvan Quliyev, Fadin və başqaları bütün gecəni Atakişiyevin gətirdiyi şeyləri vaqondan maşınla, arabayla da Atakişiyevin mənzilinə daşımalı oldular...” 
 
(Davamı var)
 
Təqdim etdi:
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər