"Gürcüstan parlamenti yaxınlığında etirazların sərt şəkildə dağıdılması iştirakçıların sayının artmasına səbəb olur..."- Analitiklər
Gürcüstan dövlət sektorunun əməkdaşları Avropa İttifaqına(Aİ) üzvlüklə bağlı danışıqların dayandırılmasının əleyhinə çıxış ediblər və aksiya iştirakçılarının hədələnməsinə son qoymağa çağırıblar. Onlar Gürcüstan parlamentinin qarşısında etirazçılara qoşulublar.
Moderator.az bu haqda "Kavkazskiy uzel" nəşrinə istinadla xəbər verir.
Xatırladılır ki, noyabrın 28-dən Gürcüstanda ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların dayandırılmasına etiraz aksiyaları keçirilir. Dekabrın 9-da etiraz aksiyalarında 400-dən çox adam saxlanılıb. Dekabrın 10-da, etirazların 13-cü günündə etirazçılar Tbilisinin Rustaveli prospektini bağlayıblar, təhlükəsizlik qüvvələri etirazçıları dağıtmayıb.
Aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının təzyiqinə məruz qalır, vəkillərin iştirakı olmadan onları zorla dindirməyə aparırlar, işdən çıxarılma təhdidləri də var. Fəallar bu hərəkətlərin etiraz dalğasını azaltmaq üçün qorxutma məqsədi daşıdığına diqqət çəkib.
"Gürcüstan parlamenti yaxınlığında etirazların sərt şəkildə dağıdılması iştirakçıların sayının artmasına səbəb olur, nümayişçilərin sayı bir neçə mindən on minlərlə arasında dəyişir", - deyə gürcü analitiklər qeyd edirlər. QHT-lər təhlükəsizlik qüvvələrinin hərəkətlərindən zərər çəkənlərə kömək etmək üçün birləşib.
"Gürcüstan xəbərləri" (Newsgeorgia") agentliyinin verdiyi xəbərə görə, dünən axşam saatlarında Tbilisidə Avropaya inteqrasiyanın dayandırılması ilə razılaşmayaraq yürüş keçirən dövlət məmurları Birinci Respublika meydanından ardıcıl 14-cü gündür etiraz aksiyasının keçirildiyi Gürcüstan parlamentinə qədər gediblər. Yürüş zamanı dövlət qulluqçuları Gürcüstanın və Avropa İttifaqının himnlərini oxuyub, tələblərini səsləndiriblər. Vətəndaşlar qanunsuz həbsdə olan məhbusların azadlığa buraxılmasını və təkrar seçkilərin keçirilməsini tələb edirlər.
“Tədbirimizin iki səbəbi var: biri ölkədə baş verən hazırkı proses, 2028-ci ilə qədər Aİ-yə üzvlük müraciətinin rədd edilməsidir.
İkincisi, bu, hakimiyyət tərəfindən hədə-qorxu formalarına reaksiyamızdır. Biz dövlət qulluğu ilə məşğul olan insanlarıq və yürüşümüzün məqsədi ictimaiyyətə, o cümlədən bu gün işəgötürənlərimizi təmsil edənlərə Konstitusiyaya və cəmiyyətə də, Avropa kursuna da sadiq qalacağımız haqda səsimizi çatdırmaqdır. Eyni zamanda, biz onları bizə qarşı zorakılığı, son zamanlar çox rast gəlinən müxtəlif hədə-qorxu formalarından istifadəni dayandırmağa çağırırıq”, - "İnterpressnews" meriyanın əməkdaşı Gigi Sopromadzenin sözlərindən sitat gətirib.
Hakimiyyət Rustaveli prospektində yeni il ağacı quraşdırıb. Hər axşam etirazçılar döyülən və həbs olunan etirazçıların foto-şəkillərini dönə-dönə onu əhatə edən hasara asırlar. "JamNews" yazır ki, dövlət işçilərinin Tbilisinin mərkəzindən keçirdiyi “Həmrəylik” yazısı olan pankart da yolkanın qarşısındakı hasara yapışdırılıb.
Parlament binası yaxınlığında avtomobillərin hərəkəti dayandırılıb. "Paper Kartuli" xəbər verib ki, aksiyada vəziyyət sakitdir.
S.Laçın