Strateji səhvi düzəltmək üçün hələ də GEC DEYİL - İLHAM İSMAYIL YAZIR...
Ekskluziv
1771
06 Dec 2024 | 20:40

Strateji səhvi düzəltmək üçün hələ də GEC DEYİL - İLHAM İSMAYIL YAZIR...

 İstənilən sahədə, münasibətlərdə səhv etmək mümkündür, o cümlədən siyasətdə də. Amma, siyasətdə strateji səhv çox vaxt geridönməz olur, ağır nəticələrə gətirib çıxarır. 30 il bundan əvvəl 1994-cü ilin dekabrın 5-də Budapeştdə Nüvə silahının yayılmaması müqaviləsinə Ukraynanın qoşulması ilə bağlı ona təhlükəsizlik təminatlarını təmin etmək üçün Rusiya, ABŞ, Böyük Britaniya tərəfindən memorandum imzalanmışdı, eyni zamanda digər nüvə gücləri sayılan Çin və Fransa isə ayrı-ayrı sənədlərdə bir qədər zəif fərdi təminatlar vermişdirlər. Bu sənəd Ukraynanın o dövr üçün dünyada nüvə arsenalına görə üçüncü yerdə olmasından könüllü imtina etməsi müqabilində onun suverenliyini, ərazi bütövlüyünü təmin etməli idi.
 
Amma, 2014-cü ildə sənədi imzalayan və təminatçı funksiyasını üzərinə götürən Rusiya Federasiyası öhdəliyini pozaraq Ukrayna ərazilərini işğal etməyə başladı. Bu işğala görə ciddi beynəlxalq təzyiqlə üzləşməyən Rusiya 2022-ci iliin fevralın 24-də Ukraynaya irimiqyaslı hərbi təcavüzə başladı. Bu təcavüz beynəlxalq hüququn, BMT Nizamnaməsinin pozulmasıdır.
 
   2014-cü ildə Krım bütövlükdə, Donbasın isə yarısı işğal olunanda bu sənədi imzalayan digər təminatçı dövlətlər “zərərin yarısından da dönmək qənimətdir” prinsipinə də əməl etmədilər. Rusiyaya qarşı sərt sanksiyalar, onu dayandıra biləcək addımlar atmadılar. Məhz həmin il, təcili olaraq Ukrayna NATO-ya qəbul edilməliydi. Rusiyanın bu üzvülüyə etirazını onu suveren Ukrayna torpaqlarından çıxmaq şərtilə üz-üzə qoymalı idilər. Olmadı və bu gün həmin təminatçı dövlətlər, başda ABŞ olmaqla Ukraynanı ərazi itkisi ilə barışmağa dəvət edirlər və Rusiyaya da söz verirlər ki, ən azı 10 il Ukraynanın NATO üzvlüyünə baxılmayacaq. Bu istiqamətdə işləyən Tramp komandasının irəli sürdüyü 3 sülh variantında Ukraynanın ərazi itkisi ilə razılaşması qaçılmaz variant kimi göstərilir. Budurmu qlobal Qərbin “təhlükəsizlik təminatı”?
 
Rusiya təcavüzü başlayandan sonra hətta Ukraynanın dəfələrlə təşəbbüs göstərdiyi sənəddə nəzərdə tutulan konsultasiyalar belə aparılmadı. Rusiyanın Budapeşt Memorandumunu pozması nüvə tərksilahı ideyasına inamı sarsıdan təhlükəli presedent yaratdı. Bunun əvəzində biz Hind-Sakit okean regionu və Yaxın Şərqdən tutmuş Avro-Atlantik məkana qədər müxtəlif ölkələrin mövcud nüvə arsenalının yaradılması və genişləndirilməsi ilə bağlı aktiv fəaliyyətlərini müşahidə edirik. Budapeşt Memorandumunun öz funksiyalarını yerinə yetirməməsi təkcə Ukrayna üçün deyil, digər ölkələr və regionlar, xüsusən də Avropa, Avro-Atlantik məkan, Mərkəzi və Cənub-Şərqi Asiya, Yaxın Şərq üçün təhlükəsizlik təhdidlərinin fəlakətli artması ilə nəticələndi. 
 
Bu gün Budapeşt Memorandumu milli təhlükəsizlik məsələləri ilə bağlı strateji qərarların qəbul edilməsində uzaqgörənliyin olmamasının abidəsidir. Bu, Avroatlantik ölkələrinin hazırkı liderlərinə xatırladacaq ki, Avropa təhlükəsizlik arxitekturasının Ukraynanın maraqları hesabına və bu maraqları nəzərə almadan qurulması uğursuzluğa məhkumdur. 1990-cı illərdə Ukraynaya real, effektiv təhlükəsizlik təminatlarının verilməməsi Moskvanın cəld və hiyləgər şəkildə istifadə etdiyi strateji səhvə çevrildi.
 
Bu tarixi səhv düzəldilməlidir. Ukrayna qlobal nüvə tərksilahına, beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsinə verdiyi mühüm töhfəyə uyğun olaraq aydın, hüquqi cəhətdən məcburi təhlükəsizlik zəmanətləri almalıdır. Budapeşt Memorandumunun imzalanmasının 30-cu ildönümü ərəfəsində Ukrayna Xarici İşlər Nazirliyi sənədi imzalayan ABŞ və Böyük Britaniya hökumətlərinə və liderlərinə, ona qoşulan Fransa və Çin liderlərinə Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilənin bütün üzv dövlətlərinə effektiv təhlükəsizlik təminatlarının təmin edilməsini dəstəkləmək üçün çağırışla müraciət edib.
 
“Biz əminik ki, Ukrayna üçün təhlükəsizliyin yeganə real təminatı, habelə Rusiyanın Ukraynaya və digər dövlətlərə qarşı növbəti təcavüzünün qarşısının alınması Ukraynanın NATO-ya müstəsna tamhüquqlu üzvlüyüdür. Budapeşt Memorandumunun acı təcrübəsini arxada qoyaraq, biz Ukraynanın NATO-ya tamhüquqlu üzvlüyündən başqa heç bir alternativ, surroqat və ya əvəzedici qəbul etməyəcəyik”, - Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən bəyanatda deyilir. 
  Əgər Rusiya işğal etdiyi Ukrayna ərazilərindən geri çəkilməsə və ya ən azı 24 fevral 2022-ci il vəziyyətinə qayıtmasa, Ukraynanın NATO-ya qəbul ediləcəyi şərt olaraq qlobal Qərb tərəfindən Rusiyaya bildirilməlidir. Ukraynanın NATO-ya qəbul edilməməsi üçün Rusiya işğal etdiyi ərazilərin böyük hissəsindən çıxmalı və danışıqlara başlamalıdır. Əks halda, hansısa qarşılıqlı müttəfiqlik müqaviləsi Ukraynanı gələcək Rusiya təcavüzündən sığortalaya bilməyəcək. Hətta Putindən sonra da növbəti təcavüzü həyata keçirə biləcək II Putinin (lərin) Rusiyada hakimiyyətə gəlməyəcəyinə heç kəs zəmanət verə bilməz. Rusiyada aqressivlik potensialı kifayət qədərdir. 
  Strateji səhvi düzəltmək üçün hələ imkan və az da olsa zaman var.
 
 İlham İsmayıl
 
Link kopyalandı!
Son xəbərlər