“Yaxın 20 gündə Gürcüstan və Suriyadakı proseslərin sonu aydınlanacaq...”-Azərbaycanlı ekspert
Ekskluziv
2107
05 Dec 2024 | 11:33

“Yaxın 20 gündə Gürcüstan və Suriyadakı proseslərin sonu aydınlanacaq...”-Azərbaycanlı ekspert

“Tramp Gürcüstan məsələsində güzəştə gedə bilər, amma Suriyada güzəştə gedəcəyi inandırıcı görünmür...”
 
Maraqlıdır, görəsən, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın  son vaxtlar Rusiyanın Ukraynadakı təcavüzkar savaşıyla paralel olaraq Suriya və Gürcüstanda baş verən olay və proseslərə münasibəti necədir? Əgər o rəsmən vəzifə başına keçincə hər iki ölkədəki məsələlər həllini tapmazsa, onlara qarşı necə mövqe nümayiş etdirəcək?.. 
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu maraqlı proqnozlar verib:
 
“Açığı, mən son günlər Trampın bu mövzularda açıqlamalarına rast gəlməmişəm. Nə Gürcüstan, nə də Suriya ilə bağlı... Belə görünür ki, Tramp yaxşı anlayır ki, onun Ağ Evdə real hakimiyyətə gəlişinə qədər, yəni yanvarın sonlarınadək bu məsələlərin həlli nəzərdə tutulub. Bu da onun üçün əlverişli variantdır. Ən azı, həmin problemlərlə məşğul olmağa ehtiyac qalmayacaqdır. Əgər deyilən müddətdə bu proses baş tutmazsa, tamamlanmazsa, hər şey Trampın Moskva ilə münasibətlərindən asılı olacaq. Əgər Kremllə, indiki halda Putinlə Tramp arasında ortaq bir mövqe tapılacaqsa, Tramp o məsələlərdə güzəştə gedə bilər. Suriya məsələsində olmasa da, Gürcüstanda güzəştə gedə bilər. Çünki Suriya məsələsi İsrail üçün də, eləcə də Yaxın Şərqdəki ABŞ müttəfiqləri üçün də önəmlidir. Ona görə də, hesab edirəm ki, heç bir halda bu məsələdə güzəştə getməyəcək... Gürcüstan məsələsində bəlkə də güzəştə gedə bilər. Amma mən düşünürəm ki, Trampın Ağ evə gəlişinə qədər ay yarım qalsa da, proseslər çox sürətlə gedir. Yəni hər halda yaxın 20 gündə, dekabr ayının sonunadək hər iki ölkədəki proseslərin sonu görünəcək, aydınlanacaqdır. İstənilən nəticə ilə, fərqi yoxdur – tərəflərdən birinin mövqelərinin möhkəmlənməsi ilə... Mənə elə gəlir ki, bir ay ərzində vəziyyət yekunlaşacaq. Demirəm, Bəşər Əsədmi, ya üsyançılarmı və yaxud Gürcüstanda “Gürcü arzusu”, ya müxalifətmi  yekunda uğur qazanacaq.  Lakin hər bir halda konturlar aydınlaşacaqdır. Yox, əksinə, bundan sonra  da əgər hər iki ölkədə proseslər davam edəcəksə, onda, əlbəttə, Tramp, dediyim kimi, Gürcüstan məsələsində güzəştə gedə bilər, amma Suriyada güzəştə gedəcəyi inandırıcı görünmür..."
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər