“Belə bir qərar varsa, yüksək ehtimalla Əsəd rejimi çökəcəkdir...”-EKSPERT
Ekskluziv
1510
04 Dec 2024 | 10:47

“Belə bir qərar varsa, yüksək ehtimalla Əsəd rejimi çökəcəkdir...”-EKSPERT

“Artıq görürük ki, dünənədək Əsədə qarşı loyallıq göstərən “YPG” kürd yaraqlıları da bu rejimə qarşı hücuma keçiblər. Və yayılan son məlumatlara görə, həmin qruplaşmalara ABŞ aviasiyası da dəstək verməkdədir...”
 
“Bəşər Əsəd rejiminin çökmə ehtimalı kifayət qədər yüksəkdir.  Məsələn, bu saatlarda(4 dekabr, səhər saat 5 radələri-S.L.) gələn məlumatlara görə, artıq Hama şəhəri də üsyançılar tərəfindən nəzarətə götürülüb. Bundan sonra Homs şəhəri də ələ keçirilərsə, bu, faktiki olaraq Əsədin nəzarətində yalnız Dəməşqin qalması deməkdir.  Və əlbəttə ki, bu halda Əsəd rejimi nəzarəti itirmiş olacaq”. 
 
Bunu Moderator.az-a açıqlamasında “Bəşər Əsəd rejiminin birdəfəlik çökmə ehtimalı nə qədərdir, sizcə?” sualını cavablandırarkən siyasi təhlükəsizlik məsələri üzrə ekspert Ərəstun Oruclu söyləyib.
 
“Düzdü, İran xarici işlər naziri Seyid Abbas Əraqçinin dilindən Əsəd hökumətinin rəsmən müraciət edəcəyi halda bu dövlətin Suriyaya qoşun yeridəcəyi haqda bəyanatı səsləndi. Amma mən İranın bunu edəcəyini düşünmürəm – bu sadəcə olaraq bir diplomatik jestdir. Çünki İran Suriyaya qoşun yeridəcəyi halda konfliktə qoşulan bir tərəf də olacaq ki, bu da İsraildir. İsrail heç vaxt onun sərhədləri yaxınlığında- Suriya ərazisində İran qoşunlarının yerləşməsi ilə razılaşmayacaq. Bu isə bölgədə savaşın daha da alovlanması, onun miqyasının genişlənməsi ilə nəticələnəcək. Bu mənada Bəşər Əsədin hakimiyyəti əldə saxlamaq şansları getdikcə kəskin şəkildə azalmaqdadır”- deyə davamında analitik diqqətə çatdırıb. 
 
Ərəstun Oruclu hesab edir ki, Suriya hökumət ordusunun ruhi-mənəvi baxımdan düşkün bir durumda olması da hazırda Dəməşqdə hök sürən hakimiyyətin çöküş prosesini sürətləndirə bilən amillərdəndir.
 
“Və nəzərə alsaq ki, Əsəd ordusu tam olaraq mənəvi deqradasiyaya uğrayıb, kriminallaşıbdır, onun Rusiyadan ciddi dəstəyi yoxdur, İrandan da ciddi dəstək görünmür – belə olduğu halda əlbəttə ki, Əsəd rejiminin çökmə ehtimalı çox yüksəkdir. Çökəcəkmi? Bunu  zaman göstərəcək. Çünki hal-hazırda hər şey  Əsəd rejiminə qarşı mübarizə aparan qruplaşmaların öz arasındakı münasibətdən asılı olacaq. Həmin qruplaşmalar da, bildiyimiz kimi, müxtəlif yerlərə bağlıdırlar. Yəni bir koalisyon qərar varsa, yüksək ehtimalla Əsəd rejimi çökəcəkdir. Artıq görürük ki, dünənədək Əsədə qarşı loyallıq göstərən “YPG” kürd yaraqlıları da bu rejimə qarşı hücuma keçiblər. Və yayılan son məlumatlara görə, həmin qruplaşmalara ABŞ aviasiyası da dəstək verməkdədir. Bax, bu rakursdan yanaşdıqda, əlbəttə ki, Bəşər Əsəd rejiminin çökəcəyi istisna edilmir”,- deyə ekspert vurğulayıb.
 
Sultan Laçın 
 
Link kopyalandı!
Son xəbərlər