Ekskluziv
1768
04 Dec 2024 | 07:23

"SSRİ qayıtdı?”: Gürcüstanda yenə "OMON" etirazçıları vəhşicəsinə dağıtdı...

"Tbilisidə təhlükəsizlik qüvvələri xüsusi vasitələrdən istifadə edərək etirazçıları dağıtmağa çalışır. Artıq bir neçə nəfər tibbi yardıma müraciət edib".
 
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, bu informasiyanı yayan "Rustavi2" telekanalının məlumatına görə, xüsusi təyinatlılar Rustaveli prospektində insanlara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə ediblər. Etirazçılar pirotexniki vasitələrdən və işıq lazerindən istifadə edib. Onlardan bir neçəsi Xüsusi Təyinatlı İdarənin əməkdaşları tərəfindən saxlanılıb.
 
Gürcüstan prezidenti Salome Zurabişvili "X" mikrobloqunda çevik polisin nümayişçilərə qarşı amansız hərəkətlərini pisləyən bəyanat yayıb:
 
"Gözyaşardıcı qaz və su şırnaqlarından qeyri-mütənasib istifadə olunub. Kütləvi həbslər və amansız rəftar. Təhsil Nazirliyi təhsil prosesini pozanlarla bağlı məlumat verənlər üçün qaynar xətt açır... SSRİ qayıdıb?"
 
Bildiyiniz kimi, Tbilisidə mitinqlər altıncı gündür ki, səngimir. İnsanlar parlament seçkilərinin nəticələrini tanımır, həmçinin “Gürcü Arzusu” partiyasının Avropa İttifaqına daxil olmaq üçün danışıqlardan imtina etməsindən hiddətlənir.
 
İnternetdə Gürcüstan təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı sərt hərəkətlərinin görüntüləri yayılır. Dünən müxalifətin “Dəyişiklik naminə” koalisiyasının liderlərindən biri Zurab Qirçi Caparidzenin saxlanıldığı xəbəri yayılıb.
 
Qeyd edək ki, bu gecədə Gürcüstan parlament qarşısına toplaşanlar polis və digər qüvvələr tərəfindən amansız metodlarla dağıdılıb.  "Civil Georgia" portalının məlumatında belə deyilir:
 
Saat 05.00-da etirazçılar Rustaveli prospektindən dağıdılıb. Daha əvvəl çevik polis qüvvələri etirazçıları prospektdə sıxışdırıb,  külli miqdarda gözyaşardıcı qaz və su şırnaqları ilə dağıdıb, sonra isə qaçan qrupları şəhər daxilində təqib edib. Camaatın böyük bir hissəsi Çavçavadze prospektinə keçərək Vake parkına və meriya binasına qədər yürüş edib.

05:35:

Sübh açılan kimi etirazçılar Vaja Pşavela prospektinə çatırlar. Tbilisi küçələrində vətəndaşlar etirazçılara dəstək üçün avtomobilləri ilə siqnal verirlər..."

S.Laçın

Link kopyalandı!
Son xəbərlər