“SEPAH”-ın başına pul qoyduğu Trampın İrana münasibəti dəyişə bilərmi?..
Ekskluziv
2207
30 Nov 2024 | 17:05

“SEPAH”-ın başına pul qoyduğu Trampın İrana münasibəti dəyişə bilərmi?..

“O, mütləq vəziyyəti daha da gərginləşdirəcək. Bu, onun ilk prezidentliyi dövründə məsələyə yanaşmasından da bəlli olur.  Məsələn, Tramp o dövrdə Qüdsə gələrək həmin şəhəri İsrail paytaxtı elan etdi və ABŞ səfirliyini də oraya köçürtdü. Bu, kimin ağlına gələrdi...”
 
“Öncə bir şeyi nəzərə almalıyıq ki, Tramp İrana, ümumiyyətlə, Yaxın Şərqə qəddar münasibət bəsləyir.  Odur ki, Trampın prezident seçkilərində qələbəsi elan edilən gündən İranın yuxarı dairələrində bundan sonra nələr baş verə biləcəyi haqda müzakirələr başlayıb. Burada iki siyasi fiqurun mövqeyinin üst-üstə düşməsi və hər ikisinin İrana qarşı amansız mövqe tutması vəziyyəti bir az da pisləşdirir. Söhbət Donald Tramp və İsrailin  hazırkı baş naziri Binyamin Netanyahudan gedir. Onların İranla bağlı mövqeləri üst-üstə düşür. Ona görə də həm İrandakı, həm də bir sıra beynəlxalq mətbu orqanlarında ABŞ-İran, İsrail-İran münasibətlərinin gələcəyi haqda fikirlər yayılmağa başlanıb”.
 
Bu fikirləri  Moderator.az-a açıqlamasında “Sizcə, ilk prezidentliyi dövründə, 2020-ci ilin əvvəlində  general Qasım Süleymaninin qətlindən sonra başına “SEPAH” tərəfindən pul qoyulmuş, budəfəki seçkilərdə yenidən ABŞ prezidenti seçilmiş Donald Trampın İrana münasibəti dəyişə bilərmi?” sualını cavablandırarkən Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov ifadə edib.
 
“Bəllidi ki, Trampın  gələn il 20 yanvardakı andiçmə mərasimindən sonra ABŞ-ın İranla bağlı  hansısa addımı ola bilər. Amma yumşaq bir münasibət gözləmirəm. Bununla belə, Trampın dəst-xətti, xasiyyəti, İrana münasibəti bəllidir.  Həmçinin Trampın və Netanyahunun öncə dediyim kimi, mövqelərinin üst-üstə düşməsi bilavasitə İrana qarşı təhlükəli addım atılacağı ehtimalını gücləndirir... Hal-hazırda İranda bununla bağlı çox gərgin bir situasiya yaranıb”, - deyə davamında diplomat diqqətə çatdırıb.
 
“Belə çıxır ki, Tramp konkret olaraq İsrail-İran münasibətlərinin tənzimlənməsinə yox, əksinə, gərginləşməsinə səbəb olacaq” fikrinə isə keçmiş səfir belə münasibət bildirib:
 
“O, mütləq vəziyyəti daha da gərginləşdirəcək. Bu, onun ilk prezidentliyi dövründə məsələyə yanaşmasından da bəlli olur.  Məsələn, Tramp o dövrdə Qüdsə gələrək həmin şəhəri İsrail paytaxtı elan etdi və ABŞ səfirliyini də oraya köçürtdü. Bu, kimin ağlına gələrdi. Bunu hansı Amerika prezidenti etmişdi? Əvvəlki prezidentlər üçün hər halda müəyyən beynəlxalq normalar, qanunlar vardı, ona əsaslanırdılar. Amma Tramp üçün hansısa qanun, norma o qədər də əhəmiyyət daşımır. O, xasiyyətcə biznes adamıdır; hansısa qərar qəbul elədi, onu dərhal icra eləməlidir. Halbuki, siyasət bambaşqadır. Tramp isə siyasətdən gəlməyib, o mətbəxi, o abı-havanı hiss etməyib... Ona görə də, çox təəssüf ki, bölgədə xoşagəlməz hadisələrin daha da  artacağı gəzlənilir...”
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər