Şuşa, Laçın, Hadrut və Xankəndini çörəklə təmin edən şəxs -
Ekskluziv
19125
09 Nov 2024 | 10:43

Şuşa, Laçın, Hadrut və Xankəndini çörəklə təmin edən şəxs - "Vətənimə canım fəda"

“Mən özüm də Birinci Qarabağ müharibəsinin iştirakçısıyam. İkinci Qarabağ müharibəsi zamanı jurnalist oğlum Bəxtiyar Məcidli də müharibəyə yollandı. Biz qələbəni saatbasaat gözləyirdik. Bilirdik, əmin idik ki, qələbə bizimlədir. O ərəfədə bizim çörək istehsalı üçün avadanlıqlarımız var idi. Həmin avadanlıqları biz Müdafiə Nazirliyinə təqdim etdik ki, tam təmənnasız verək orduya. Onlar da orada çörək bişirib, özlərini təmin etsinlər. Nazirlikdən bizə dedilər ki, əsgərlər həmin avadanlıqlarla işləyə bilməz, bəlkə siz özünüz orada zavod yaradıb, ordumuzu çörəklə təmin edəsiz?! Bu vəziyyətdən sonra biz noyabr ayının 15-də Şuşaya getdik, yeri müəyyənləşdirib, gəlib avadanlıqları apardıq. Noyabr ayının sonunda bizim çörək zavodu artıq hazır vəziyyətdə idi. İlk etapda 3 ay nəinki orduya, Şuşada olan hər kəsə çörəyi pulsuz paylamışıq. Hazırda Şuşadan başqa təkcə 3 bölgədə-Laçın, Hadrut, Xankəndində fəaliyyət göstəririk”
 
Bunu Moderator.az-açıqlamasında Şuşada, Laçında, Hadrutda və hazırda Xankəndində çörək zavodlarının sahibi, “Azhun Holding” MMC-nin direktoru İftixar Əliyev deyib. O daha sonra əlavə edib:
 
 
“Müharibə yeni bitmişdi, erməni təxribatına yol vermək olmazdı. Ordumuz və daxili qoşunlarımız tərəfindən çox güclü patrul reydləri keçirilirdi. Biz də onlara köməklik edirdik. Çətin, dözülməz şərait idi. Noyabr-dekabr aylarında bilirsiz ki, Şuşada qar yağır. Qaz, su, işıq yox idi. Təkcə dizel vasitəsilə biz çörək istehsal edirdik. Davamlı olaraq işğaldan azad olunmuş ərazilərin digər rayonlarında Hadrut, Laçında çörək zavodları fəaliyyətə başladı. Orda da həmin qaydada Müdafiə Nazirliyini, ordumuzu, bütün dövlət qurumlarını çörəklə təmin edirdik. Xankəndi işğaldan azad olunandan sonra sağ olsun dövlətimiz bizə kömək etdi və Xankəndi çörək zavodunu müqavilə əsasında götürdük. Hal-hazırda Xankəndində çörək istehsalı ilə məşğuluq. Xankəndinin Sovet illərindən qalma ən böyük çörək zavodunu işlədirik. Bu zavodda yenidənqurma işləri aparmışıq. Zavod tam xarici istehsal avadanlıqları ilə təchiz olunub. Bütün dövlət qurumlarını, şirkətləri, ticarət şəbəkələrinin hamısını çörəklə təmin edirik. Sağ olsun dövlətimiz bizim üçün hər cür şərait yaradıb və böyük qürurla xalqımıza xidmət edirik. Vətənimə canım fəda! Sizin saytınız vasitəsilə torpaqlarımızı işğaldan azad edən ordumuza, xalqımıza, dövlətimizə öz minnətdarlığımı bildirirəm və onların hər birinin Zəfər gününü təbrik edirəm. Həmçinin torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə can sağlığı arzu edirəm. Sağ olsun dövlətimiz bütün dünyada qara ləkəni üzərimizdən götürdü və biz artıq müstəqil dövlətdə yaşayırıq” deyə İftixar Əliyev deyib.
 
Link kopyalandı!
Son xəbərlər