ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova öz sosial şəbəkə hesabında Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham edib.
Moderator.az xəbər verir ki, iddiaya görə, 50 yaxın şəxslər Səhiyyə Nazirliyinə 30 min manat rüşvət verərək bir gecədə ixtisas dəyişdiriblər.
2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunub. Qanuna əsasən, rezidenturanı bitirməyənlər ixtisaslı həkim ola bilməz. Amma iddiaya görə, təqdim olunan siyahıdakı həkimlərin heç biri estetik cərrahiyyə üzrə rezidentura təhsili almayıb.
Qənirə Ataşova, həmin cərrahların daha da inandırıcı görünmək üçün xaricdə qısamüddətli kurslara qatıldıqlarını qeyd edib: “Təsəvvür edin, gedib bir-iki gün xaricdə “təhsil” alır, sonra isə böyük fəxrlə geri qayıdıb, “beynəlxalq sertifikatlı estetik cərrah” olduqlarını iddia edirlər. Amma diqqət edin, bu kurslar adi izləyiciləri də qəbul edir. Yəni, istəsəniz, siz də gedib orada oturub özünüzü “beynəlxalq mütəxəssis” kimi hiss edə bilərsiniz.
Moderator.az yayılan ittihamlarla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciət edib. Qurumdan sorğumuza belə cavab aldıq:
“Plastik cərrahiyyə ixtisası üzrə qeyri-qanuni fəaliyyət göstərən şəxslər barədə Analitik Ekspertiza Mərkəzi tərəfindən 25 dekabr 2023-cü il tarixindən 23 fevral 2024-cü il tarixinədək araşdırma və nəzarət tədbirləri görülüb. Eyni zamanda bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən də müvafiq araşdırma həyata keçirilib.
Siyahıda adları göstərilən şəxslərin qeyd olunan müəssisələrdə fəaliyyətlərinin araşdırılması məqsədi ilə ümumilikdə 35 plandankənar (növbədənkənar) yoxlama aparılıb, aidiyyəti üzrə şəxslərin fəaliyyəti hər bir müəssisədə ayrıca araşdırılaraq müvafiq tədbirlər görülüb. Yekun olaraq, bir neçə müəssisədə adları qeyd olunan şəxslər müəyyən olunmayan, bəzi hallarda əmək müqavilələrinə artıq xitam verildiyi müəyyən edilən, 14 müəssisədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə intizam tənbeh tədbiri olaraq inzibati cərimə tətbiq edilib. Bir neçə halda fəaliyyəti aşkar olunan şəxslərin həmin müəssisələrdə fəaliyyətinə xitam verilib və ümumilikdə bütün müəssisə rəhbərliklərinə bu istiqamətdə xəbərdarlıq edilib. Mərkəzin səlahiyyətlərinə aid olmayan müəssisələrdə və məlumat natamam olan (və ya qeyri-müəyyən olan) hallarda araşdırma aparılmayıb. Məsələ daimi nəzarət altındadır. Yeni faktlar olduğu halda nəzarət tədbirləri görüləcək.
Vətəndaşlar özəl tibb müəssisələrində qarşılaşdıqları mənfi hallarla əlaqəli şikayətləri Analitik Ekspertiza Mərkəzinin “qaynar xətt” (596 05 20) nömrəsinə, www.pharma.az saytının "Müraciət" bölməsinə və ya
[email protected] elektron ünvanına bildirsinlər”.
Mehin Mehmanqızı