“Onu saxta pul kəsənlərlə əlaqədə ittiham etsələr də, kifayət qədər sübut tapmırlar...”
5946
04 Nov 2024 | 14:48

“Onu saxta pul kəsənlərlə əlaqədə ittiham etsələr də, kifayət qədər sübut tapmırlar...”

“Bağırovun himayəsinə baxmayaraq, 1926-cı ilin dekabrında Mərkəzi hakimiyyətin “köhnələrə” qarşı növbəti kampaniyanın gedişində Zizikski həbs edilir...”
 
Məlum olduğu kimi, Moderator.az oxucularını sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılmış cəmi iki cildlik material əsasında hazırlanmış  “Mir Cəfər Bağırovun məhkəməsi”  adlı kitabın ən maraqlı epizodlarıyla tanış edir. Materialın “Bağırov  20-ci illərdə Xalq Cümhuriyyəti parlamentinin üzvünü 4 il himayə edib...” başlığı verdiyimiz ötən epizoduna( burada:) şərhi təqdim edirik.
Sözügedən epizoddan doğan “Doğrudanmı Mir Cəfər Bağırov Əli bəy Zizikskini sovet dövlətinin təqiblərindən himayə edib”  sualına cavab axtarılması məqsədi ilə  tarix elmləri doktoru, professor, AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi  Solmaz Rüstəmova-Tohidinin “Mircəfər Bağırov və azərbaycanlıların milli qırğını” başlıqlı yazısının mövzu ilə bağlı zəruri məqamlarını nəzərinizə çatdırırıq:
 
“...Quba ictimaiyyətinin ən görkəmli xadimlərindən biri, Azərbaycanda milli-azadlıq hərəkatının fəal iştirakçısı, “İttihad” partiyasından Cümhuriyyət Parlamentinin üzvü Əli bəy Zizikski Azərbaycan sovetləşdirildikdən sonra İran Azərbaycanına, Ərdəbil şəhərinə köçmüşdü. Lakin, ilk himayəçisinin yaxşılıqlarını unutmadığındanmı, yaxud özünün Quba hadisələrindəki günahlarını yumaq, ya “yumşaltmaq” niyyəti iləmi, hər halda 1923-cü ildə M.C.Bağırov Əli bəy Zizikskiyə təminat-dəvətlə Vətənə qayıtmaq təklifi göndərir. Burada diqqətəlayiqdir ki, Əli bəy Zizikski öz həmyerlisinə inanaraq bu təklifi qəbul edir! Həmin dövr artıq Azərbaycan Fövqəladə Komitəsinin sədri vəzifəsinə qədər yüksəlmiş Mir Cəfər Bağırov keçmiş rəisini və əslində siyasi rəqibini öz iş kabinetində, olduqca hörmətlə – Əli bəy Zizikskini kövrəltmək həddinə qədər – qarşılayır, ona leqallaşmaqda – üzə çıxmaqda və iş tapmaqda həqiqətən kömək edir. Zizikski Qubaya qayıtmayaraq Bakıda məskunlaşır. Bununla belə, onun nəzarətdə saxlanılmasına və bəzən açıq təqib edilməsinə son qoyulmur. Bağırovun himayəsinə baxmayaraq, 1926-cı ilin dekabrında Mərkəzi hakimiyyətin “köhnələrə” qarşı növbəti kampaniyanın gedişində Zizikski həbs edilir. İstintaq orqanları onu bir sıra “yeni cinayətlərdə”: müsavatçıların xeyrinə gizli fəaliyyət, fəhlə sinfinə qarşı mübarizə, xaricdəki əks-inqilabi və saxta pul kəsən təşkilatlarla əlaqələrdə ittiham etsələr də görünür ki, kifayət qədər sübutlar tapmırlar və il yarımdan sonra Zizikskinin 1918-ci il hadisələri zamanı fəaliyyəti də cinayət işinə əlavə edilir. Əli bəy ona qarşı irəli sürülən çoxsaylı ittihamların heç birində özünü müqəssir saymır, 1918-ci ilin mart-may hadisələri haqqında danışmaqdan isə ümumiyyətlə, imtina edir, hətta üzləşdirmələr zamanı özünü çox ləyaqətlə aparır.
 
1928-ci il avqustun 2-də Ə.b.Zizikski “siyasi quldur” kimi ittiham olunur və “sosial müdafiənin ən yüksək cəzasına – güllələnməyə” məhkum edilir.
 
Az.SSR təhlükəsizlik orqanları Oktyabr İnqilabının 10 illiyi münasibətilə hökumət tərəfindən verilmiş amnistiyanın Zizikskiyə şamil edilməməsi haqqında vəsatət qaldırırlar. Bu vəsatətin Azərbaycan, Zaqafqaziya Federasiyası və Sovet İttifaqının dövlət strukturları tərəfindən təsdiqi bir ildən çox çəkir. Həmin vəsatət təsdiq edildikdən dərhal sonra Əli bəy Zizikski haqqında ölüm hökmü 1929-cu il sentyabrında yerinə yetirilir.
 
Qeyd olunmalıdır ki, Mir Cəfər Bağırov bu vaxt artıq Azərbaycanda deyildi, 1927–1928-ci illərdə Tiflisdə Zaqafqaziya su təsərrüfatı idarəsinin, 1928–1929-cu illərdə isə Zaqafqaziya kənd təsərrüfatı idarəsinin sədri vəzifəsində çalışırdı. Ehtimal etmək olar ki, Azərbaycanda olsaydı belə, Sovet hökumətinin cəza maşınının güc topladığı bir şəraitdə artıq Əli bəy Zizikskini xilas etmək iqtidarında olmayacaqdı…
 
Amma 1940-cı illərin sonlarında bütün bu hadisələr tamamilə başqa bir müstəvidə, həm də Mir Cəfər Bağırovun özü tərəfindən gündəmə gələcək və onun 1918-ci il hadisələri də daxil olmaqla erməni fitnələrinə münasibətini artıq tam açıq şəkildə açıqlamasını şərtləndirəcək…”
 
Təqdim etdi: 
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər