Ekskluziv
1703
02 Nov 2024 | 21:09

"Qərbin dünya düzəni tezliklə çökəcək": Medvedev yenidən "nüvə dəyənəyini" işə salıb

"Əgər söhbət Rusiyanın mövcudluğundan gedəcəksə, nüvə silahı tətbiq etməkdən başqa seçimimiz olmayacaq..."

 
"Qoy consonlar, borrellər və digər rusofob rəzil və nacinslər bilsin ki, onların qapıları döyüləcək..."
 
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev çoxdandır ki, dünyanı nüvə apokalipsisi ilə təhdid etməyib və bu boşluğu doldurmaq qərarına gəlib.
 
Moderator.az xəbər verir ki, onun "Russia Today" telekanalına müsahibəsindən bu nəticəyə gəlmək olar. Məlumatı "gazeta.ru" nəşri yayıb.
 
Medvedev bəyan edib ki, ABŞ-ın Rusiya hakimiyyətinin heç vaxt "müəyyən xətləri keçməyəcəyini" və nüvə silahını tətbiq etməyəcəyini düşünəndə səhvə yol verir.
 
"Əgər söhbət dövlətimizin mövcudluğundan gedəcəksə, o zaman bizim, sadəcə, seçimimiz olmayacaq", - Medvedev deyib.
 
O, həmçinin Qərbin dünya düzəninin tezliklə çökəcəyini proqnozlaşdırıb. Onun fikrincə, bu, qaçılmazdır, çünki söhbət yalnız müəyyən nöqteyi-nəzərin lobbiçiliyindən gedir.
 
"Baxın, amerikalılar və onların satellitləri hər zaman bizə deyirlər: "Siz qaydalara əsaslanan nizamı pozursunuz". Bu, anlaşılan deyil, bu nə düzəndir və onu kim yaradıb?
 
Əslində bu, sadəcə, Birləşmiş Ştatlar və onun müttəfiqləri, ilk növbədə NATO-nun dünyada işlərin necə sərfəli aparılmasını anlamasıdır. Təbii ki, bu, çox dayanıqsız konstruksiyadır. Elə ən çox zərər çəkən də bu düzənin daxilində olanlar olacaq", - o, bəyan edib.
 
Medvedev həmçinin deyib ki, bütün Qərb ölkələri Rusiyaya qarşı "müharibə" aparır. O, əlavə edib ki, Kreml və Qərb ölkələri Ukrayna münaqişəsinin nizamlanması barədə razılığa gələ bilərdi, lakin onlar eskalasiya yolunu tutdular.
 
ABŞ-da keçiriləcək prezident seçkilərindən danışarkən Medvedev deyib ki, "böyük mənada Kamala Harris, yoxsa Donald Trampın qalib gəlməsi fərq etməz. Əgər Ağ Evin növbəti rəhbəri Ukraynaya silah yardımını davam edəcəksə, bu, üçüncü dünya savaşına, yəni "cəhənnəmə aparacaq yol" olacaq.
 
Bundan öncə Medvedev bəyan edib ki, Rusiya xarici siyasətinin məqsədi ABŞ-ın dağılması və ya ABŞ-a qarşı bərabər güc yaradılması, "Qərbin, o cümlədən Avropanın maksimum zəiflədilməsi və aşağılanmasıdır".
 
Onun sözlərinə görə, buna alternativ "bəşəriyyətin tam məhvinədək total müharibə" ola bilər. Bundan başqa, o, hər gün Birləşmiş Ştatlar və  onların müttəfiqlərinə maksimum ziyan vurmağa cəhd göstərməyə" çağırış edib.
 
"Onların iqtisadiyyatı, təsisatları və hakimiyyətlərinə ziyan vurulmalıdır. Onların vətəndaşlarının rifahına zərər vurmaq lazımdır. Bunun üçün bundan sonra da onların iqtisadiyyatının kritik həssas yerlərini axtarıb tapmaq, bütün sahələrdə onlara zərbə vurmaq gərəkdir. Bütün yerlərə zərbə vurmaq, onların şirkətləri və dövlət müəssisələrinin işini iflic etmək lazımdır", - o, iyun ayında "Telegram-kanalı"nda yazıb.
 
Sentyabr ayında Medvedev "consonlar, borrellər və digər rusofob əcinnələr kimi rəzil əclafların "bədəli ödəyəcəklərinin qaçılmaz olduğu" barədə mülahizə irəli sürüb.
 
"Bunun qaçılmaz olduğu vacibdir. Milliyətindən, etiqadından asılı olmayaraq hər bir nacins bilməlidir ki, onların qapıları döyüləcək.
 
Qoy gecələr rahat yatmasın, küçələrdə ətraflarına boylansın, öz vətəndaşlığını dəyişsin, özləri ilə silah gəzdirsin, gizli mənzillərdə vurnuxsunlar.
 
Qoy bütün sutkanı maniakal həyəcan və təqib olunma əlamətləri olan xəstə siçovullara çevrilsin. Bəlkə də nə zamansa onlar qorxudan donaraq gəbərəcəklər", - Medvedev arzusunu gizlətməyib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər