Qənirə Paşayeva haqqında irfanlı xatirələr kitabı – Bu dəfə turan aydınlarından...
Ekskluziv
1872
02 Nov 2024 | 20:21

Qənirə Paşayeva haqqında irfanlı xatirələr kitabı – Bu dəfə turan aydınlarından...

2024-cü il sentyabrın 28-də mərhum millət vəkili Qənirə Paşayevanın vəfatından bir il ötdü. Ondan düz bir il əvvəl, 27 sentyabr – Anım Günündə Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdiyimiz anda belə hamımızın qulağı səsdə idi – Qədirbilən xalqımız Mərkəzi Klinikanın reanimasiya şöbəsində koma vəziyyətində olan Vətənpərvər Qızının intizarını çəkirdi. Əfsus..!
 
“ – Hələ nə yaşı var idi ki?!”
“ – Deputat olmasaydı da belə millət vəkili idi...”
“ – Yaxşı ki, arzusuna qovuşdu, Qarabağı işğaldan azad görə bildi!”
“ – Şəhidlər gününün ertəsi vəfat edib, ona da Şəhid demək olar...”
“ – Niyə də yox? Daim şəhid ailələrinin yanında idi...”
“ – Allah qəni-qəni rəhmət eləsin“.
“ – Rəhməti sağlığında qazanmışdı...”
 
Dünyasını dəyişməsi xəbərini eşidib müzakirə edənlər ona belə qulağa sadə gələn, yəni, insan övladı üçün bir növ sıradan sayılan, xəstəlik üzündən ölümü yaraşdırmırdılar. Xəbərə üzülənlərin nəzərincə, o, məsələn, jurnalist həmkarı Çingiz Mustafayev kimi cəbhədə mərmi qəlpəsinə tuş gəlib Şəhidlik, Qəhrəmanlıq zirvəsinə yüksəlməliydi. Yaxud, sağ qalması möcüzə olan deputat Fazil Mustafa kimi güllə yağışına tutulmalıydı. Ya da, vətəndaş müharibəsi gedən Somalidə ac, xəstə, yetim uşaqlara tibbi yardım göstərdiyi vaxt terrorla qətlə yetirilməliydi. Axır ki, əgər alnına qocalmadan ölmək aqibəti yazılmışdısa, Azərbaycanın, Türk Dünyasının bu cəsur övladını həyatdan aparan səbəb adi olmamalıydı. Çoxu haqlı olaraq düşünürdü ki, düşmənin əlinə fürsət düşməyib, yoxsa, onun canına sui-qəsd edərdi.
Bu bir il ərzində barəsində çox yazılıb, çox deyilib. Azərbaycan həqiqətlərinin, xalqımızın mədəni dəyərlərinin dünyaya çatdırılmasında, Qarabağ münaqişəsində haqsız tərəf Ermənistanın təcavüzkar siyasətinin ifşa edilməsində misilsiz xidmətləri olan, türk düşmənlərinin ölkəmizin ətrafında hördükləri informasiya blokadasının yarılması uğrunda davamlı, gərgin və nəticə etibarilə uğurlu əmək sərf etmiş Qənirə Paşayevadan yenə yazılacaq, yenə söz ediləcək. Haqqın rəhmətinə qovuşmasının ildönümünə həsr olunan daha bir qədirşünaslıq nümunəsi qardaş Türkiyədə işıq üzü görən “Ganire Paşayeva portresi: Onu tanıyanların perspektifindən” adlı kitab oldu. Türkiyəli qənirəsevərlərin Gənirə xanım haqqında xatirə oçerklərindən, müsahibələrindən ibarət olan bu nəşr, şübhəsiz, onun ölümündən sonra xatirəsinə ucaldılmış yazılı abidələr sırasında əhəmiyyətli yer tutacaq.  
Təbii, dil birliyi kitabı bütün Türk Dünyası, o cümlədən, Azərbaycan oxucusu üçün əlçatan edir. Kitabda yer alan xatirə qeydləri Qənirə Paşayeva şəxsiyyətinin böyüklüyü barədə təsəvvürlərimizi bir az daha dəqiqləşdirməyə kömək edəcək. Hörmətli oxucu Qənirə xanımın dostluq, yoldaşlıq etdiyi Türkiyə ictimaiyyətinin görkəmli simalarının, elm, siyasət, təhsil, mədəniyyət xadimlərinin, sənət adamlarının qəlblərində buraxdığı dərin izlərlə tanış olacaq, xanım siyasətçinin üzərinə götürdüyü müqəddəs missiyanı şərəflə yerinə yetirərkən göstərdiyi qətiyyətə, iradəyə valeh olacaq.
Kitab tərtibçinin giriş sözündən dərhal sonra Qənirə Paşayevanın əmisi professor Qəzənfər Paşayevin “48 illik qürurla yaşanan bir ömür” sərlövhəli məqalə ilə başlayır. Hörmətli alim fəxarət hissi ilə xatırlayır ki, bir vaxtlar Qənirə xanım “Qəzənfər müəllimin qardaşı qızı” kimi tanınırdısa, sonradan onun özünü “Qənirə Paşayevanın əmisi” kimi isnad verirdilər.
Türkiyəli məsləkdaşları Prof. Dr. Necdet ÜNÜVAR, Dr. Şemsettin KÜZECİ, Rafet ULUTÜRK, Hamit ÖZPOLAT, İsmail TÜRK, Işık Sadık AHMET, Dr. Seyfullah TÜRKSOY, Mustafa Kemal SALLI, Arzuman AZAFLI, Dr. Fatma SÖNMEZ, Hulusi KILIÇ, Hikmet EREN, Enver DEMİREL, Seyit Ahmet ARSLAN, İmdat AVŞAR, Serhat KABAKLI və başqaları xatirə qeydlərində Qənirə Paşayevanın vaxtsız ölümünü Türkiyə və Azərbaycan, ümidlə müstəqillik mücadiləsi aparmaqda olan qədim türk yurdları Kərkük, Kipr, Krım, Ahıska, Türküstan və ümumiyyətlə, bütün 300 milyonluq Türk Dünyası üçün çox böyük itki kimi dəyərləndirir, onu “Türk Dünyasının Qütb Ulduzu”, “Milli Kimlik Davaçısı” adlandırır, Asena (türk mifologiyasında önəmli rol oynayan əfsanəvi dişi qurdun dünyaya gətirdiyi on qız uşağından biri – P.S.) ilə, Tomrislə (massagetlərdən və saklardan olan məşhur peçeneq qadın sərkərdə, skif dövlət xanı, sakların şahzadəsi – P.S.) müqayisə edirlər.
Ürəklərdə yaşayan Qənirə Paşayevanın övladı olduğu Vətən, vətəndaşı olduğu Dövlət qarşısında xidmətlərinin, göstərdiyi vətənpərvərlik nümunəsinin cəmiyyətə təsir gücündən danışanda onun gənclərlə apardığı faydalı işin məntiqi nəticəsi olaraq, xüsusən gənc, təhsilli Azərbaycan qızları arasında ardıcıllarının, yandırdığı məşəl-estafeti təhvil alıb daşımağa müntəzirlərin yetişdiyini vurğulamağa dəyər. Elə haqqında məlumat verdiyimiz kitabın ərsəyə gəlməsi də məhz müşahidə olunan bu müsbət tendensiyanın bariz təzahürüdür desəm, bəlkə də yanılmaram. Kitabın tərtibçisi araşdırmaçı jurnalist, Türkiyənin Qazi Universitetinin doktorantı Şəhla Aslan (İbişova) belə bir təşəbbüsə imza atmaqla nə qədər zəhmət və vaxt tutumlu olsa da, sonuc etibarilə çox dəyərli, alqışa layiq iş görmüşdür. Müsahibələr götürdüyü şəxslərin nüfuzu, mənsəb və mövqeləri Şəhla xanımın gənc olmasına baxmayaraq, akademik təhsil aldığı müddətdə Türkiyə ictimaiyyəti, qardaş ölkənin aydınları ilə sıx əlaqələr qurmağa müvəffəq olmasının əyani göstəricisidir.   
 Orta əsr ispan mütəfəkkiri Baltasar Qrassian yazırdı: “Qəhrəmanla dostlaşmaq, məhz qəhrəmana xas əlamətdir və bu sirli, gözəl xüsusiyyət təbiətin möcüzələrindən biridir. Ürəklərin və xarakterlərin oxşarlığı mövcuddur. Kənar müşahidəçilərin çoxu bunu sehrli qüvvənin təsiri kimi başa düşür. Rəğbətin başlanğıcı hörmətdir, sonra bu, artaraq heyranlığa, axırda isə bağlılığa çevrilir. Rəğbət olan yerdə nəyə isə inandırmaq üçün sözə, əldə etmək üçün isə zəhmətə ehtiyac yoxdur. Rəğbəti hiss etmək, duymaq, anlamaq, fərqləndirmək və qazanmaq böyük məharət tələb edir. Belə əsrarəngiz meyl öz-özünə yaranmasa, heç bir inadlı səy onun yaranmasına kömək edə bilməz".
Sağ olsun, Şəhla Aslan öz təəssübkeşliyi ilə, həssaslığı, zəhmətsevərliyi ilə rəğbətinə ünvan seçdiyi Qənirə Paşayevanın haqqında bu dəyərli xatirə kitabını ərsəyə gətirərək, bütün Qənirəsevərlərin qəlbinə güvənlik, xatircəmlik işığı salmışdır: Bu fani dünyada Qənirə Paşayevanın Şəhid statusu kağız üzərində möhürlənən qərarla təsbit olunmasa da, haqq dünyasında ruhu cənnətdədir, şəhidlərimizin ruhları ilə eyni məqamdadır!
  Şəhla Aslan həm də Türkiyədə demək olar əksəriyyətində iştirak etdiyi Azərbaycanla bağlı mədəni tədbirlərin təşkil edilməsinə, mediada işıqlandırılmasına, əhəmiyyətinin qiymətləndirilməsinə əməli töhfələr verir. O, qardaş ölkədə təhsil alan Azərbaycanlı tələbələrin də ən səmimi dostu və yolgöstərənləri sırasındadır. Davamlı olaraq gənclərin savada yiyələnməsi üçün təbliğat aparan xanım jurnalist, Əziz Sancar və başqa görkəmli alimlərdən sitatlar gətirir, xüsusən də qızlara təlqin etməyə çalışır ki, onlar üçün ən yaxşı cehiz, heç vaxt işığı solmayan zinət – məhz, elm, təhsildir. Çünki ölkənin, cəmiyyətin inkişaf etməsi üçün təbii resurslardan daha vacib şərt insan kapitalıdır ki, onun da təməlini uşağa tərbiyə verən savadlı ana qoymalıdır. 
 Kitabın qəhrəmanına Allahdan rəhmət diləyirəm. Müəllifə isə uğur arzulayıram. Onu da qarşıda hələ xeyli xeyir işlər gözləyir – Axı, Qalib Azərbaycanın hədəfləri çoxdur!
 
Pünhan ŞÜKÜR, 
Publisist, “Dərkənar” qəzetinin baş redaktoru
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər