Ayətüllah Xamenei İsrailə yeni hücuma hazırlaşmağı əmr edib
1495
01 Nov 2024 | 16:03

Ayətüllah Xamenei İsrailə yeni hücuma hazırlaşmağı əmr edib

 
"İranın İsrailin sionist rejiminə cavabı qətiyyətli və ağrılı olacaq..."
 
İranın mümkün hücumu ABŞ-da prezident seçkilərindən öncə, yoxsa sonra baş verəcək?..
 
İranın Ali dini rəhbəri ayətüllah Əli Xamenei oktyabrın 28-də İranın Ali Milli Təhlükəsizlik Şurasına İsrailə növbəti hücuma hazırlaşmağı tapşırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, İsrailin İrana son zərbəsi zamanı dəyən zərərin təhlili Xameneini yeni hücuma sövq edib. O, bu nəticəyə gəlib ki, vurulan zərər həddən artıq çoxdur və bunu görməzdən gəlmək olmaz.
 
İran rəsmi şəxslərinin məlumatına görə, hazırda ölkənin hərbi komandanlığı İsrail ərazisində onlarla potensial hədəflərin sıyahısını hazırlayır.
 
Onların sözlərinə görə, bu zaman İranın cavab hücumu çətin ki, ABŞ-da prezident seçkilərindən öncə baş versin, çünki Tehran regionda gərginliyin yenidən artmasının Respublikaçılar Partiyasından namizəd Donald Trampın xeyrinə ola biləcəyindən ehtiyat edir.
 
Bundan öncə İsrail kəşfiyyatı güman edib ki, İran artıq yaxın günlərdə, ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkilərindən öncə İraq ərazisindən İsrailə hücum etməyə hazırlaşır. Bu barədə Amerikanın "Axios" nəşri məlumat verib.
 
Məlumatda deyilir ki, hücumun böyük sayda dron və raketlərdən istifadə edilməklə həyata keçiriləcəyi gözlənilir. 
 
Qeyd edilir ki, İraqdakı İranyönümlü qüvvələrin əlilə İsrailə hücum Tehranın İsrail Hərbi-Hava Qüvvələrinin İrandakı strateji hədəflərə daha bir hücumundan yan keçmək cəhdi ola bilər.
 
Bundan öncə CNN telekanalı xəbər verib ki, İran İsrailin bu yaxınlardakı hücumuna cavab verəcək. "İran İslam Respublikasının sionist rejiminə cavabı qətiyyətli və ağrılı olacaq", - məlumatda deyilib.
 
İsrailin hərbi və siyasi rəhbərliyi isə öz növbəsində dəfələrlə bəyan edib ki, yəhudi dövləti İranın mümkün raket hücumuna hazırdır və İsrail ərazisinə bundan sonra ediləcək istənilən istənilən hücuma daha qətiyyətli və daha genişmiqyaslı cavab veriləcək.
Link kopyalandı!
Son xəbərlər