“Bələdiyyə torpağımı 2 nəfərə satıb, sənədimi itirib, nə pulumu ala bilirəm, nə də ki...” - AKTYOR pərişan halda - İDDİA
Ekskluziv
2168
01 Nov 2024 | 15:42

“Bələdiyyə torpağımı 2 nəfərə satıb, sənədimi itirib, nə pulumu ala bilirəm, nə də ki...” - AKTYOR pərişan halda - İDDİA

“Fevral ayında Binəqədi qəsəbəsindən torpaq sahəsi aldım. Sənədin çıxarışı yox idi. Sadəcə bələdiyyə sənədi var idi. Torpağı mənə satan şəxs dedi ki, çıxarışı bələdiyyədən ala bilərsən. Torpağın pulundan da əlavə mən həmin insana pul verdim. O da mənimlə birlikdə getdi Binəqədi qəsəbə bələdiyyəsinə və bildirdi ki, gəlib sənədini bələdiyyənin hüquqşünası Natiq Kazımovdan götürərsən. Mart ayının 5-də getdim sənədi götürməyə, Natiq Kazımov dedi ki, hazır deyil, 8-dən sonra zəng edəcəm. Bildirdi ki, Novruz bayramına qədər hazır olacaq. Gedib sənədi götürdüm, mənə yenə də dedilər ki, çıxarış həmin dəqiqə həll olunmur, mənə bir sənəd verdilər və arxiv sənəddə  də hər şeyin mənim adıma olduğunu bildirdilər. Aprel ayında qızımın toyu oldu, başım açıldı və istədim ki, aldığım torpaqda ev tikim. Bir nəfər üzə çıxıb dedi ki, bu torpağı mən almışam”.
 
Bunu Moderator.az-a açıqlamasında aktyor Tahir İsmayılov Qəlbinur deyib.
 
Aktyor bildirib ki, bütün hadisələr də bundan sonra başlayıb:
 
“Bu azmış kimi o  tərəfdən də başqa bir xanım üzə çıxdı ki, buranı mən almışam. O vaxta qədər də bu iki insanın bir-birindən xəbəri olub, hətta məhkəməyə müraciət ediblər. Torpaq qanuni şəkildə mənim ola-ola iki nəfər bir-birlərini qanunsuz sənədə görə məhkəməyə veriblər. Qanunsuz sənəd də nədir? Mən torpağı etibarnamə ilə almışam. Onlar gizlincə gedib etibarnəmi ləğv ediblər. Bütün bu problemlər də etibarnamənin ləğvi zamanı ortaya çıxdı. Mənə mesaj gəldi ki, sizin adınızda olan etibarnamə ləğv oldu. Nə pulumu ala bilirəm, nə də bələdiyyənin arxiv sənədini. Bir müddət sonra yenidən məni bələdiyyəyə çağırdılar. Hətta 2 min manat da pul verdilər ki, məsələni yoluna qoyacağıq. Az qalır ki, 2 ay keçsin hələ də bir xəbər yoxdur. O gün yenə bələdiyyəyə getdim, çığırdım, bağırdım. Təzyiqim yerindən oynadı, şəkərim qalxdı. Bunlar da mənim bu vəziyyətimdən istifadə edib tez mənim şəxsi sənədlərimin içərisində həmin sənədin orijinalını götürüblər. Bu məsələdən də özümə gələndən sonra xəbər tutdum. Onlara bildirdim ki, bilirəm sənədi siz götürmüsüz, amma xahiş edirəm arxivdən sənədimi hazırlayıb verin. 12 gündür gah deyirlər arxivin qızları işə gəlməyib, gah deyirlər COP-29 tədbirinə getmişik, gah da şəhid adından istifadə edirlər. Elə həssas yerlərin adını çəkirlər ki, cavab verə bilmirəm. Mən onlardan bələdiyyənin arxiv sənədimi tələb edirəm. Bələdiyyənin sədri deyir ki, mənim bunlardan xəbərim yoxdur. Sənin xəbərin olmadan torpağı kim sata bilər ki?” deyə o bildirib.
 
Binəqədi qəsəbə bələdiyyəsinin hüquqşünası Natiq Kazımov saytımıza açıqlamasında bildirib ki, aktyorun səsləndirdiyi iddialar əsassızdır. Amma buna baxmayaraq ona kömək etməyə hazırdılar.
 
“Torpaq iki nəfərə satıla bilməz. Tahir dediyinə görə Gənc Tamaşaçılar Teatrının aktyorudur. Onun ailəsinə yaxın olan bir insan, evlərində çörək kəsən Xəyal adlı şəxs ona pul atıb, aldadıb, sənəd verib. O adam da çıxıb gedib Rusiyaya. Sənədin saxtalığı haqda məlumatım yoxdur. O sənədi özü hardasa itirib. Mən ona dedim ki, sənədin tarixini, nömrəsini de axtarıb tapıb, verim. O adam mənim yanımda olub. Aktyora kömək etməyə hazırıq, amma sənədin tarixini və nömrəsini gətirsin, mən də tapıb ona verim. Başqa bir mövzudan xəbərim yoxdur. O torpaq heç kimə satılmayıb, onundur. Orada bir balaca mübarizə də aparmaq lazımdır. Baxma, kənd yeridir, hamı istəyir nəyəsə nail olsun, şəhər başqadır, kənd başqadır”, - deyə hüquqşünas bildirib.
 
Aktyor hüquqşünasın iddiaları ilə razılaşmayıb və mübarizəsini sona qədər aparacağını bildirib.
Link kopyalandı!
Son xəbərlər