Moderator.az yazdı - Sumqayıtda bir özbaşınalıq durduruldu, amma sakinlər tələb edir ki...
Ekskluziv
1656
01 Nov 2024 | 14:09

Moderator.az yazdı - Sumqayıtda bir özbaşınalıq durduruldu, amma sakinlər tələb edir ki...

“Qanunla həmin cinayəti törədənlər barəsində cinayət işi qaldırılmalı, təşkilatçılar və icraçılar müvafiq qaydada cəzalandırılmalıdır. Biz əlaqədar qurumlardan bunu da tələb edirik ki, bir daha kimsə belə qanunsuzluq və özbaşınalıqları təkrarlamağa cəsarət göstərməsin...”
 
“Heç bir normal ölkədə, hətta Rusiyada belə, yaşayış binasının yaxınlığında restoran, kafe və s. tikilməsinə icazə verilmir. Bu həm insanların rahatlığını pozur, eyni zamanda da yanğın və s. təhlükəsi yaradır...”
 
Xəbər verdiyimiz kimi, bu günlərdə Sumqayıt şəhərində növbəti ekoloji cinayət və özbaşınalıq törədilib.  Belə ki, naməlum şəxslər 13-cü mikrorayon, Babək küçəsindəki 6-cı binanın həyətində qanunsuz olaraq bir neçə nadir, həmişəyaşıl ağacı kəsərək qeyri-qanuni tikinti aparmağa cəhd göstəriblər, hətta əraziyə iaşə obyekti üçün nəzərdə tutulmuş böyük bir köşk də quraşdırıblar. 
Həmin ünvanda yaşayan sakinlərin Moderator.az-a müraciətini ictimailəşdirdikdən bir neçə saat sonra yenə də özlərini təqdim etməyən naməlum şəxslər binanın həyətinə qoyulmuş köşkü götürüb aparıblar. Bu haqda Moderator.az-a məlumat verən bina sakini Təbiət İsmayılov bildirib ki, köşkü aparsalar da, həyətdə gördükləri bünövrə işlərini, eləcədə binanın yanındakı “Nənəmin təndiri” adlı iaşə obyektinə edilən növbəti qanunsuz tikinti əlavələrini aradan qaldırmayıblar.  
 
Sakinlər tələb edirlər ki, bütün bunlar da aradan qaldırılsın və  həmin qanunsuz  işləri görənlər müvafiq qurumlar tərəfindən layiqli şəkildə cəzalandırılsın ki, bir daha kimsə belə cinayətləri təkrarlamağa cəsarət göstərməsin.
 
“Binamızın lap qarşısı maşınların parklanma yeridir, düz arxası isə restoran... Mən bir çox inkişaf etmiş ölkələrdə olmuşam. Heç bir normal ölkədə, hətta Rusiyada belə, yaşayış binasının yaxınlığında restoran, kafe və s. tikilməsinə icazə verilmir. Bu həm insanların rahatlığını pozur, eyni zamanda da yanğın təhlükəsi yaradır.  Təəssüf ki, Sumqayıtda, o cümlədən 13-cü mikrorayonda da kim nəyi harda gəldi tikir, heç bir qanun-qaydaya riayət edilmir. Yaşayış binasının yaxınlığında bələdiyyələr və digər əlaqədar qurumlar sakinlərin istirahəti üçün yaşıllıqlar yaratmalı, oturacaqlar qoymalı, uşaqların əylənməsi üçün qurğular düzəltməlidirlər. Fəqət Sumqayıtda bunları etmək əvəzinə, əksinə, sakinlərin mümkün qədər rahatlığını pozurlar, dediyimiz kimi, ağacları kəsirlər, qanunsuz tikilılər tikirlər. İndi biz sakinlər ayağa qalxdıqdan, əlaqədar qurumlara xəbər verdikdən və Moderator.az da tələblərimizi ictimailəşdirdikdən sonra həyətə qanunsuz olaraq qoyulmuş köşkü götürüb apardılar. Ancaq həmin köşk götürülən zaman yenidən ağacların budaqlarını qırdılar. Və son günlər ərzində binanın həyətində bir neçə ağacın qanunsuz olaraq kəsənlərlə bağlı heç bir tədbir görülmədi. Halbuki, qanunla həmin cinayəti törədənlər barəsində cinayət işi qaldırılmalı və təşkilatlar və icraçılar müvafiq qaydada cəzalandırılmalıdır. Biz əlaqədar qurumlardan bunu da tələb edirik ki, bir daha kimsə belə qanunsuzluq və özbaşınalıqları təkrarlamağa cəsarət göstərməsin. Onsuz da özümüz tezliklə hadisə barədə akt tərtib edib bütün rəbhər qurumlara bu cinayət haqda bir daha ətraflı məlumat verəcəyik”, -deyə bəhs edilən binada yaşayan hüquqşünas Elnarə Hüseynova  bildirib.
Bir daha əlaqədar yerli və mərkəzi qurumların nəzərinə çatdırırıq ki, hər bir zaman, xüsusən də Bakıda keçirilməsinə sayılı günlər qalmış “COP-29” kimi mötəbər və nüfuzlu beynəlxalq tədbir ərəfəsində insanlarımıza və ekologiyamıza qarşı törədilən bu cür cinayət və özbaşınalıqların qarşısı qətiyyətlə alınmalıdır.
 
Əlaqədar qurumların şərhlərini təqdim etməyə hazırıq.
 
S.Laçın
 
Link kopyalandı!
Son xəbərlər