“Moderator.az daim heç kəsin diqtəsi olmadan obyektiv reallığı əks etdirməyə çalışır...”
1547
01 Nov 2024 | 11:11

“Moderator.az daim heç kəsin diqtəsi olmadan obyektiv reallığı əks etdirməyə çalışır...”

“Və bu portalın kollektivinin hansı böyük zəhmət və əziyyətlər müqabilində Zülfüqar Hüseynzadənin qoyduğu xətti davam etdirə bildiyini də bilirik, hiss edirik...”
 
 
Moderator.az saytının rəhbərliyini və bütün kollektivini ad günləri münasibətilə səmimi-qəlbdən təbrik edirik... 
 
Bu infomasiya portalı rəhmətlik sayılıb-seçilən jurnalistimiz  Zülfüqar Hüseynzadənin adı ilə bağlıdır. O, Moderator.az-ı alın təri ilə, çox ağır şərtlər daxilində, öz zəhməti ilə yaratdı. Özü də heç nədən, əliyalın yaratdı və  bu elektron nəşri Azərbaycanda ən öndə gedən media vasitələrindən birinə çevirdi. Allah rəhmət eləsin Zülfüqar bəyə! Onun Kəlbəcərdə, Başlıbeldə - öz doğma yurdunda dünyasını dəyişməsi hamımızı yandırdı. Heç onun yoxluğuyla barışa bilmədik... 
 
Eyni zamanda  Zülfüqar bəyin Haqq dünyasına qovuşmasından sonra xeyli müddət bizləri daimi oxucu olaraq bir məsələ də narahat etdi ki, görəsən, Moderator.az kollektivi rəhmətlik baş redaktorun qoyduğu kursu uğurla davam etdirə biləcək,  yoxsa yox... Allaha şükürlər olsun ki,  Zülfüqar bəyin qoyduğu təməl o qədər möhkəm oldu ki, saytın ona sadiq kollektivi artıq bir il yarıma yaxındır ki, o təməl üzərində bu nəşrin nüfuzunu qorumaqda davam edir. Və yəqin ki, Zülfüqar Hüseynzadənin ruhu da saytın uğurlarını duyur və sevinir...
 
Moderator.az hərtərəfli bir elektron nəşrdir. Ölkədəki digər saytlardan fərqli bir informasiya portalıdır. İstənilən ictimai-siyasi yön, təbəqə, siyasi partiya, ictimai təşkilat, iqtidar- müxalifət - heç bir kəsə fərq qoymadan istənilən vətəndaş üçün Moderator.az-ın qapısı, səhifələri, tribunası açıqdır. Bununla belə, hiss olunur ki, bu nəşrin öz prinsipləri var. Əsas prinsip də ondan ibarətdir ki, saytın verilən açıqlamalara, müsahibələrə, xarici xəbərlərə yanaşmasında heç bir daxili senzura yoxdur. Azərbaycan üçün bu, həddindən artıq vacibdir, olduqca vacibdir. Yəni bizlər də digər saytları da izləyirik, baxırıq, müqayisə edirik. Bir sözlə, Moderator.az daim heç kəsin diqtəsi olmadan obyektiv reallığı əks etdirməyə, xəbərləri operativ qaydada çatdırmağa, xalq üçün, dövlət üçün, bəşəriyyət üçün ən vacib, aktual məsələləri işıqlandırmağa çalışır.  Dövlətimizin, xalqımızın da bu gün Moderator.az kimi saytlara çox böyük ehtiyacı var... Və bu portalın kollektivinin hansı böyük zəhmət və əziyyətlər müqabilində Zülfüqar Hüseynzadənin qoyduğu xətti davam etdirə bildiyini də bilirik, hiss edirik...  İnanırıq ki, bundan sonra da Moderator.az informasiya portalı öz fəaliyyətini daha geniş, əhatəli miqyasda davam etdirə biləcək, dövlətimiz, millətimiz üçün daha faydalı işlər görəcəkdir...
 
Moderator.az kollektivini bir daha 12-ci ad günləri ilə bağlı ürəkdən təbrik edir, yeni-yeni, bol-bol uğurlar diləyir, “Var olun!” deyirik...
 
Dərin hörmət və sayğılarla: 
 
Akif Nağı, Azad Vətən Partiyasının sədri
 
Link kopyalandı!
Son xəbərlər