Çinin Tayvan ətrafında hərbi təlimləri başa çatar-çatmaz ABŞ və Kanada Pekinə sözün həqiqi mənasında göz dağı olacaq təşəbbüsə imza atıb.
Moderator.az xəbər verir ki, ABŞ və Kanadanın döyüş gəmilərindən ibarət bütöv bir freqat Çinin ona məxsus olduğunu iddia etdiyi Tayvan boğazından keçib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin 7-ci donanmasının verdiyi bəyanatda hərbi gəmilərin məlum keçidi “adi tranzit” kimi dəyərləndirib. ABŞ hərbi rəhbərliyi bildirib ki, bu, bütün ölkələr üçün naviqasiya azadlığı prinsipini dəstəkləyən addımdır və heç bir kənar məqsəd güdmür.
ABŞ və Kanada döyüş gəmilərinin keçidindən dərhal sonra Çin müttəfiq ölklərin bu addımını qəti şəkildə pisləyib. Pekin bəyan edib ki, bu, Çinin suverenliyi və təhlükəsizliyinə təhdiddir və əsla qəbul edilə bilməz.
Xatırladaq ki, uzun illərdir ki, Tayvanın azadlığına son qoymağa çalışan Çin ABŞ-ın ciddi müqaviməti ilə üzləşməkdədir. Ağ Ev Tayvana geniş hərbi-siyasi dəstək verməklə onun güclənməsinə kömək edir.
Seymur ƏLİYEV