“44 günlk Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfər sadəcə ərazi bütövlüyümüzü təmin etmədi, həm də bütün dünyanın bizə olan münasibətini dəyişdi”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib. Ekspert qeyd edib ki, bunu xaricə səfər edən, yaxud əcnəbilərlə təmasda olan azərbaycanlılar daha aydın hiss edir:
“Etiraf etməliyik ki, Vətən müharibəsindən öncə bizə olan münasibət fərqli idi. Lakin qələbə bizə olan bu münasibəti kökündən dəyişdi.
Bu gün dünyanın hər yerində bizə qalib dövlətin vətəndaşları kimi yanaşırlar. Bunu xaricə səfər edən, yaxud əcnəbilərlə təmasda olan azərbaycanlılar daha aydın hiss edir. Bu, bizi qürurlandırır. Bizə necə böyük, əzəmətli qələbə qazandığımızı xatırladır. Təbii ki, biz buna görə şəhidlərimizə, qazilərimizə, ordumuza, xalqımızın həmrəyliyinə və Müzəffər Ali baş Komandanımıza borcluyuq”.
Ekspertin sözlərinə görə, indi əsas məqsəd birliyimizi, həmrəyliyimizi qorumaq olmalıdır:
“Bu gün bəzi qüvvələr dövlətimizin inkişafına mane olmağa çalışır, Ermənistana dəstək sərgiləyirlər. Biz müharibə dönəmində sərgilədiyimiz həmrəyliyi qoruyub saxlamalı, bundan sonra da dövlətimizin düşmənlərinə eyni qətiyyətlə cavab verməliyik. Bizim bütün gələcək uğurlarımız bu birliyə bağlıdır və biz nəyin bahasına olursa olsun bu həmrəyliyi qorumalıyıq!”
Seymur ƏLİYEV