Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-ın “Newsweek” nəşrində dərc olunmuş məqaləsində maraqlı çağırışla çıxış edib. Bütün dünyanı ölkəmiz adından “COP atəşkəsi”nə dəvət edən Hikmət Hacıyev, sammit müddətində planetdəki müharibə və münaqişələrin dayandırılmasının önəminə diqqət çəkib.
Məlumat üçün qeyd edək ki, Hikmət Hacıyev bir müddət bundan öncə də sözügedən təkliflə çıxış etmiş, dünya dövlətlərini COP29 sammiti ərzində silahlı qarşıdurmaları dayandırmağa səsləmişdi.
Azərbaycan dövlətinin iqlim dəyişikliyinə həsr edilən sammit ərəfəsində, həm də beynəlxalq sülh və təhlükəsizlik məsələsini gündəmə gətirməsi, bu iki problemi bir-biri ilə əlaqələndirməsi son dərəcədə təqdirəlayiqdir. Bu, Azərbaycan dövlətinin bütün bəşəriyyətin bugünü və sabahına olan həssas münasibətindən, planetin gələcəyi üçün duyduğu məsuliyyət hissindən, tarixi humanizmindən xəbər verir. Bu fakt göstərir ki, Azərbaycan dövləti planetin hansı guşəsində olmasından asılı olmayaraq, hər yerdə insan həyatını xilas etməkdə, zorakılıq və qarşıdurmanın qarşısını almaqda maraqlıdır.
Yer kürəsindəki iqlim dəyişikliklərini qarşısını almaqla bəşəriyyəti küll halında xilas etməyə çalışan ölkəmiz, dünyadakı qaynar nöqtələrdə silahlı qarşıdurmaları dayandırmaqla insanlığı həm də fərd halında xilas etməyə cəhd edir. Azərbaycan COP29-un keçiriləcəyi noyabr ayını bütün dünya üçün sülh və təhlükəsizlik ayına döndərməyə çalışır ki, bu da dövlətimizin yalnız öz milli maraqlarını deyil, həm də bütün bəşəriyyətin mənafeyini düşündüyünü göstərir.
“COP atəşkəsi” – bu, Azərbaycanın müharibə və zorakılıqlardan əziyyət çəkən müasir dünyamıza təqdim etdiyi xilas yoludur. Bəşəriyyətin xilası üçün özündə gərəkli gücü tapıb-tapmadığından asılı olmayaraq, bu təklif Azərbaycan dövlətinin, Azərbaycan xalqının əzəli-əbədi humanizminin təzahürü kimi hər zaman dünya xalqları tərəfindən ehtiramla xatırlanacaq və minnətdarlıq hissi ilə yad ediləcək.
Seymur ƏLİYEV