"Dağıstan xalqı ən çətin məqamlarda Süleyman Kərimova dəstək verəcək və ona xeyirxah əməllərinə görə minnətdardır..."
Çeçenistan rəhbəri Süleyman Kərimovu qanlı qisasla təhdid edib. Buna cavab olaraq Dağıstan rəhbəri Məlikov bəyan edib ki, Süleyman Kərimov Dağıstan xalqının dəstəyinə bel bağlaya bilər.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
Dağıstan rəhbəri Sergey Məlikov Çeçenistan rəhbəri Ramzan Kadırov tərəfindən qanlı qisasla təhdid edilən bu respublikadan olan senator Süleyman Kərimova dəstək göstərəcəyini vəd edib.
"Dağıstan xalqı hər zaman Kərimova minnətdardır. Və lazım gələndə həmişə ona dəstək verəcək. Onun diqqətini, hərarətini, xeyirxahlığını öz üzərində hiss edən insanlar bu xeyirxahlığı onlara bəxş edən adamın yanında olacaq. Süleyman da bunu bilməlidir. Dağıstan lazım olanda, ən çətin dəqiqələrdə həmişə ona dəstək göstərəcək", - bunu Məlikov oktyabrın 12-də Mahaçqalada Süleyman Stalski adına parkın açılış mərasimində çıxışı zamanı deyib.
Yeni parkın açılışından danışarkən Dağıstan rəhbəri bəyan edib ki, bu, Kərimovun digər təşəbbüsləri ilə yanaşı "bir çox xeyirxah işlərindən biridir".
Süleyman Kərimovun digər xidmətlərindən danışan Sergey Məlikov "xüsusi hərbi əməliyyat" (Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsi nəzərdə tutulur) iştirakçılarının ailələrinə yardımı, Dərbənddə terror aktından sonra yəhidi və pravoslav kilsələrinin bərpası, həlak olan polislərin ailələrinə dəstəyi, xəstə uşaqlar üçün tibb mərkəzlərinin inşası və "yüzlərlə investisiya layihələrini" qeyd edib.
Ramzan Kadırovun təhdidləri
Xəbər verildiyi kimi, oktyabrın 10-da Çeçenistan rəhbəri Ramzan Kadırov bəyan edib ki, onun qətlini sifariş verən senator Süleyman Kərimova və Rusiya Dövlət Dumasının deputatları Bekxan Baraxoyevə və Rizvan Qurbanova qanlı qisas elan edəcək.
Kadırov Moskvada "Wildberies" şirkətinin ofisində atışmadan danışandan sonra onların adlarını çəkib.
"Orada bizneslə bağlı vəziyyət olub. Orada Baraxoyev Bekxan, Qurbanov Rizvan və Kərimov Süleyman olub. Orada həyat yoldaşlarının əllərindən aldıqları öz biznesləri ilə bağlı insidentlə yanaşı, onlar həm də mənim qətlimi sifariş ediblər", - Kadırov iddia edib.
Ertəsi gün Rizvan Qurbanov videomüraciət dərc edib: "'Mən rəsmən elan edirəm ki, hörmətli Kadırov Ramzan Axmatoviçin həyatına sui-qəsdlərin təşkilində heç vaxt iştirak etməmişəm, Allah buna şahiddir".
Qurbanov qeyd edib ki, "yaramaz adamlar aramızda ixtilaflar yaradır", amma kimləri nəzərdə tutduğunu izah etməyib, hazırda xaricdə olduğu barədə məlumat verib.
Bekxan Baraxoyev və Süleyman Kərimov Kadırovun qanlı qisas təhdidlərini açıq şərh etməyib.