Ekskluziv
1707
15 Oct 2024 | 16:55

"İsrail İrana cavab zərbəsi ilə bağlı ABŞ-ı məlumatlandırıb" - "The Washington Post"

 
"Biz Birləşmiş Ştatların fikrini dinləyirik, lakin son qərarları öz milli maraqlarımıza uyğun olaraq qəbul edəcəyik..."
 
"İsrailin İrana hücum planı hazırdır, amma son məqamadək gizli saxlanılacaq..."
 
İsrail baş naziri Binyamin Netanyahu İranın neft və ya nüvə obyektlərinə deyil, istisnasız olaraq hərbi obyektlərinə zərbələr endirməyi planlaşdırdığı barədə Bayden administrasiyasını məlumatlandırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın "The Washington Post" nəşri vəziyyətdən xəbərdar olan iki məmura istinadən məlumat verib. Məlumatı "kommersant.ru" nəşri yayıb.
 
Nəşrin dəyərləndirməsinə görə, bu o deməkdir ki, yəhudi dövləti tərəfindən "tammiqyaslı müharibəyə yol verilməməsi üçün İrana daha məhdud cavab zərbəsi" endirilə bilər.
 
İranın bu yaxınlarda artıq ikinci genişmiqyaslı raket hücumundan sonra Yaxın Şərq İsrailin vəd etdiyi cavaba hazırlaşıb, bu zaman iki ölkənin onilliklərlə davam edən kölgə müharibəsinin birbaşa hərbi qarşıdurmaya çevriləcəyindən ehtiyat edib.
 
Vəziyyətin belə kəskinləşməsi Vaşinqton üçün seçkilərə bir aydan da az zaman qaldığı siyasi cəhətdən gərgin vaxtda baş verir. Görünür, prezident Co Bayden bu səbəbdən açıq şəkildə bəyan edib ki, İsrailin İranın nüvə obyektlərinə zərbəsinə dəstək verməyəcək.
 
Baydenlə Netanyahunun söhbəti oktyabrın 9-da baş tutub və bu, "iki lider arasında getdikcə artan gərginlikdən" yeddi həftədən çox müddət ərzində onların ilk şəxsi təması olub. Məhz bu söhbət zamanı İsrail baş naziri öz amerikalı həmkarını əmin edib ki, İranın neft və nüvə obyektləri toxunulmaz qalacaq.
 
Yəni o, hücumu elə planlaşdırmağa razı olub ki, bu, ABŞ-da qarşıdakı seçkilərə təsir etməsin. Energetika obyektlərinə hücum nəzəri cəhətdən neftin qiymətinin kəskin artmasına gətirib çıxara bilər, bu da vitse-prezident Kamala Harrisin qələbə şanslarını azaldacaq, çünki seçicilər benzinin qiymətinin yüksək olmasından narazıdır.
 
Qəzetin mənbələrinin sözlərinə görə, İsrail İranın hücumuna cavab tədbirlərini zəiflik və qətiyyətsizlik ittihamlarından yan keçmək üçün 5 noyabr seçkilərindən öncə həyata keçirəcək.
 
Nəşr qeyd edir ki, Ağ Ev bu məlumatı hələlik şərh etməyib. Amma İsrail hökuməti bəyan edib: "Biz Birləşmiş Ştatların fikrini dinləyirik, lakin son qərarları öz milli maraqlarımıza uyğun olaraq qəbul edəcəyik".
 
Xəbər verildiyi kimi, bundan öncə Amerikanın rəsmi şəxsləri "NBC News" telekanalına məlumat verib ki, onların dəyərləndirmələrinə görə, İsrail İranın hücumuna "cavab zərbəsi üçün hədəflər dairəsini daraldıb".
 
Telekanal dəqiqləşdirib ki, "söhbət İranın hərbi və energetika infrastrukturundan gedir". Bu zaman, nəşrin məlumatına görə, İsrailin "nüvə obyektlərinə zərbələr endirəcəyini planlaşdırdığının" hər-hansı əlamətləri yoxdur".
 
Bu arada isə bəlli olub ki, oktyabrın 13-də İsrail baş naziri, müdafiə naziri və Baş Qərargah rəisi kəşfiyyat bazalarının birində İrana qarşı mümkün hücumun təfsilatlarını müzakirə etmək üçün gizli müşavirə keçirib. Müşavirədə Netanyahunun yaxın silahdaşı olan nazir Ron Dermer də iştirak edib. Görüşdə ordu tərəfindən yüksək vəzifəli kəşfiyyat zabitləri iştirak edib.
 
Bu o deməkdir ki, qərar Netanyahu, Qalant və general Halevi tərəfndən qəbul ediləcək, kabinet üzvləri isə ümumi şəkildə məlumatlandırılacaq. İrana hücum planı artıq hazırdır və son məqamadək gizli saxlanılacaq.
Link kopyalandı!
Son xəbərlər