"Düşmən hücum məqsədilə C-300/400 zenit-raket kompleksləri, X-59 idarəedilən aviasiya raketləri və zərbə dronlardan istifadə edib..."
Rusiyalı işğalçılar Ukraynanın Nikolayev şəhərinə raket zərbəsi endirib, bir qadın həlak olub, daha 16 nəfər yaralanıb.
Moderator.az xəbər verir ki, bu barədə "currenttime.tv" nəşri məlumat yayıb.
Nikolayev vilayəti Hərbi Administrasiyasının rəhbəri Vitali Kim məlumat verib ki, oktyabrın 15-də, saat 02:30 radələrində düşmən şəhərə ilkin olaraq C-300 raketləri ilə hücum edib. İnfrastruktur obyekti, restoran kompleksi, ticarət pavilyonu, yaşayış evləri və avtomobillər zədələnib.
"Yanğınlar baş verib, onların aradan qaldırılması üzrə tədbirlər davam etdirilir. Hücum nəticəsində bir qadın həlak olub, 16 nəfər yaralanıb, onlardan üçünə ambulator yardım göstərilib", - məmur deyib.
Regional Dovlət Fövqəladə Vəziyyət Xidmətinin (DFVX) rəhbərliyi məlumat verib ki, şəhər rayonlarının birində infrastruktur obyekti, özəl yaşayış evləri və avtomobillər zədələnib, orada yanğın baş verib, 30 kv.m və 400 kv.m sahələri əhatə edən yanğın operativ şəkildə söndürülüb.
"Digər rayonda restoran kompleksi və ticarət pavilyonları alışaraq yanıb. 1400 kv.m sahəni əhatə edən yanğın DFVX bölmələri tərəfindən söndürülüb".
Xilasedicilərin məlumatına görə, döyüş sursatları və qalıqların düşməsi nəticəsində bir qadın həlak olub. Hücumun nəticələrinin aradan qaldırılması üçün 77 nəfər və 14 vahid texnika cəlb edilib.
Nikolayev vilayəti Milli Polis Baş İdarəsi məlumat verib ki, hadisə yerlərində polis ərazini mühasirəyə alıb və nəqliyyatın hərəkətini dayandırıb. Hüquq mühafizəçiləri hərbi cinayətlərin nəticələrini qeydə alır, habelə vətəndaşlara yardım göstərir. Ukrayna CM-in 438-ci maddəsi üzrə ("Müharibənin qanun və adətlərinin pozuması") cinayət işi açılıb.
Eyni zamanda Ukrayna Silahlı Qüvvələri Hava Qüvvələrinin komandanlığı "Facebook" səhifəsində məlumat verib ki, oktyabrın 15-ə keçən gecə düşmən Nikolayev vilayətinə Krımdan C-300/400 idarəedilən zenit-raket kompleksləri ilə, Çerniqov və Sumı vilayətlərinə Rusiyanın Kursk vilayətinin hava məkanından X-59 idarəedilən aviasiya raketləri ilə, habelə 17 zərbə dronları ilə (Rusiyanın Kursk, Primorsk-Axtarsk rayonlarından) zərbələr endirib.
Hava hücumundan müdafiə qüvvələri Nikolayev, Kiyev, Odessa, Poltava, Çerniqov, Kirovoqrad və Çerkassk vilayətlərində düşmənin 12 PUA-sını vurub. Rusiyanın dörd dronu, ehtimal ki, radioelektron mübarizə vasitələri ilə lokal olaraq zərərsizləşdirilib. Daha bir dron havada məhv edilib.
Ukraynada müharibə - mühüm xəbərlər
Xəbər verildiyi kimi, oktyabrın 14-də Rusiyanın işğalçı ordusu Odessa dəniz ticarət limanına hücum edib, nəticədə iki mülki xarici gəmi zədələnib, bir nəfər həlak olub, daha 8 nəfər yaralanıb.
Ukrayna baş nazirunin Ukraynanın bərpası üzrə müavini Aleksey Kuleba bəyan edib ki, bütün zərərçəkənlər mülki şəxslərdir. Palau bayrağı altında üzən OPTIMA gəmisi artıq ikinci dəfədir ki, zədələnib. Bu gəmi bir həftə öncə ballistik hücuma məruz qalaraq zədələnib.
Həmçinin ekipaj üzvləri olan xarici vətəndaşlar zərər çəkib. Oktyabrın 14-də zədələnən digər gəmi Beliz bayrağı altında üzən "NS Moon" gəmisidir. Hücum zamanı həmçinin taxıl anbarları, yük kranları, anbarlar, texnika, Dəniz Limanları Administrasiyasının binası, avtomobillər də zədələnib.