Cahangir Məmmədli: “Mediamızın gücünə və peşəkarlığına inanıram!”
COP29 ərəfəsində Ermənistan və ermənipərəst güclərin ölkəmizə qarşı media-informasiya müstəvisində ciddi təxribatlara əl ata biləcəyi ilə bağlı ehtimallar səsləndirilməkdədir.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən professor Cahangir Məmmədli, bu kimi təxribatlarla mübarizəyə yalnız COP29 dönəmində deyil, hər zaman hazır olmağın vacibliyini vurğulayıb:
“Təbii ki, hər zaman ölkəmizə qarşı bədxahlıq etməyə çalışan qüvvələrin COP29 ərəfəsində də öz məkirli məqsədlərini həyata keçirməyə cəhd edə biləcəyi ehtimalı yüksəkdir. Çünki Azərbaycanın qələbələri, uğurları Ermənistanla yanaşı, onun himayədarlarını da narahat edir. Bu baxımdan hesab edirəm ki, biz yalnız indi yox, hər zaman hər cür təxribata hazır olmalıyıq. Azərbaycan mediasının ayıq-sayıqlığını qoruması, peşəkarlığını inkişaf etdirməsi vacibdir.
Bir faktı da qeyd etməliyəm ki, Azərbaycan mediası öz gücünü, peşəkarlığını 44 günlük Vətən müharibəsində bütün əzəməti ilə ortaya qoydu, nəyə qadir olduğunu göstərdi. Düşünürəm ki, mediamız informasiya müstəvisində həyata keçiriləcək istənilən təxribat cəhdinin qarşısını almağa, bu cəhdi ifşa etməyə qadirdir.
Mən mediamızın gücünə və peşəkarlığına inanır, dövlətimizə, jurnalistlərimizə, vətənimizin, milli maraqlarımızın keşiyində duran hər kəsə uğurlar arzulayıram”.
Seymur ƏLİYEV