“Bu ABŞ generalı olmasa, İsrail İrana qarşı bu dördsəviyyəli müdafiə sistemini qura bilməz...”  
Ekskluziv
1799
09 Oct 2024 | 19:48

“Bu ABŞ generalı olmasa, İsrail İrana qarşı bu dördsəviyyəli müdafiə sistemini qura bilməz...”  

“Düzdü, müasir texnologiya baxımından İsrailin silah və texnikaları İranınkından yüksəkdir. Amma canlı qüvvə sayı, müəyyən texnika sayı, eləcə də ümumi əhali sayı və ərazi baxımından İran daha üstündür. Lakin o da var ki...”
 
“Oktyabrın 6-da xəbərlər yayıldı ki, ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının rəhbəri general Maykl Kurilla İsrailə səfər edib. Əgər belə bir yüksək çinli Amerika generalı regiona gəlirsə, bunu müharibənin başlama ehtimalının çox yüksək olması kimi də dəyərləndirmək olar. Elə bu səfərdən bir qədər əvvəl təxminən  3-5 günə İsraillə İran arasında müharibənin başlanacağı haqda proqnozlar yayılmışdı. Kurillanın qərargahı Qətərdədir. O, Qətərdən İsrailə yollanıb. İsrailin regionda bir neçə müdafiə sistemləri arasında koordinasiya yarada biləcək şəxs məhz general Kurilladır. Bir tərəfdən İsrailin özünün müdafiə sistemi, ikincisiŞ ABŞ-nin bölgədə, Yaxın Şərqdə müdafiə sistemi var. Üçüncüsü, regionda Avropa ölkələri və NATO-nun müdafiə sistemi və dördüncü- bölgədəki ərəb ölkələrinin müdafiə sistemi...Beləliklə, bu sadalanan nəhəng dördsəviyyəli müdafiə sistemlərini koordinasiya etməyin öhdəsindən İsrail özü təkbaşına gələ bilməz”. 
 
Bunu Moderator.az-a açıqlamasında Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov İran və İsrail arasındakı gərginlikdən bəhs edən söyləyib.
 
“Məsələn, İsrail NATO üzvü olmadığına görə, həmin alyansa üzv olan ölkələrlə nəyisə birbaşa razılaşdıra bilməz. Eyni zamanda regiondakı ərəb ölkələri ilə də İsrailin münasibətləri olmadığına görə onların müdafiə sistemləri ilə də bağlı koordinasiya işini apara bilməz. Odur ki, bu işin hamısını Amerika generalı Maykl Kurilla öz öhdəsinə götürüb. Və bu mənada da İsrail ABŞ-dən asılı durumdadır... Amma bu fakt həm də onu göstərir ki, ola bilsin, doğrudan da İranla İsrail arasında müharibə yaxınlaşır... Düzdür, öncə dediyim kimi, hər iki tərəf baş verə biləcək savaşın nəticəsini başa düşür. Lakin artıq vəziyyət “iki qoçun başı bir qazanda qaynamaz” həddinə gəlib çatıb...
 
İranla İsrail arasındakı hazırkı durum məşhur komik aktyorlarımız Lütvəli və Bəşir Səfəroğlunun “vur-vurum” səhnəciyindəkinə bənzəyir. Amma o da var ki, kim birinci vuracaqsa, günah onun boynunda qalacaq...
 
Və əgər, Allah eləməmiş, bu müharibə başlasa, region üçün, o cümlədən Azərbaycan üçün böyük təhlükələr, təhdidlər yaranacaq və onun nə vaxt bitəcəyi də məlum deyil. Hətta qısa çəkəcəyi halda belə yenə də hər hansı genişmiqyaslı  savaş böyük təhlükə, insan faciələridir.  Bu saat bölgədə sabitliyin, əmin-amanlığın olması müharibədən yenicə çıxmış, torpaqlarını azad etmiş, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan üçün də hava-su kimi lazımdır”, -deyə davamında diplomat diqqətə çatdırıb.
 
“Deyirsiz ki, İranla müharibə başlayacağı halda İsrail ətrafında  dördsəviyyəli müdafiə sistemini yalnız ABŞ generaliteti koordinasiya edib qura bilər. Bu belə bir məntiqi nəticəyə gətirmir ki, ABŞ istəsə, İsraili İranla genişmiqyaslı savaşdan çəkindirə bilər?” sualını isə keçmiş səfir belə cavablandırıb:
 
“Sözsüz ki, Amerikanın dəstəyi olmasa, İsrail uzun müddət İranla savaşda nə hərbi, nə də iqtisadi baxımdan duruş gətirə bilər. Amma görək, ABŞ Netanyahunu bu savaşdan çəkindirməyə ciddi şəkildə cəhd edəcəkmi?.. Düzdü, müasir texnologiya baxımından İsrailin silah və texnikaları İranınkından yüksəkdir. Ancaq canlı qüvvə sayı, müəyyən texnika sayı, eləcə də ümumi əhali sayı və ərazi baxımından İran daha üstündür. Lakin o da var ki, İsrail bu gün dinc durmur, İranın “Hizbullah”, “HƏMAS” kimi proksilərinin tam məhvi üçün çalışır ki, müharibə halında İranın çox əl-qol aça bilməsin. Deməli, İsrail müharibəyə hazırlıq görür…”
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər