Amerika müsəlmanları Kamala Harrislə görüşdə nələri xahiş edib? - CNN
Ekskluziv
1662
07 Oct 2024 | 17:48

Amerika müsəlmanları Kamala Harrislə görüşdə nələri xahiş edib? - CNN

 
"Biz istəyirik ki, o, bizim ağrı və əzablarımız barədə birbaşa bizim icmalarla danışsın..."
 
Ötən cümə günü, oktyabrın 4-də Miçiqan ştatında keçirilən seçkiöncəki mitinqin kuluarlarında amerikalıların hüquqlarını qoruyan ərəb mənşəli müdafiəçiləri vitse-prezident Kamala Harrislə ünsiyyətdə olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın CNN telekanalı məlumat yayıb.
 
Məlumatda deyilir ki, 10 dəqiqə davam etməli olan söhbət 20 dəqiqə çəkib.
 
Amerikalı müsəlmanların maraqlarının qorunması ilə məşğul olan "Emgage Action" təşkilatının baş katibi Vael əl-Zayatın sözlərinə görə, görüş iştirakçıları Harrisdən "Co Baydenin İsrail ilə bağlı siyasətindən əl çəkməyi və Qəzza bölgəsində müharibənin dayandırılmasına kömək etməyi" xahiş edib.  
 
Əl-Zayat qeyd edib ki, Harris "heç bir konkret vəd verməyib", lakin görüş iştirakçılarını əmin edib ki, "o da həmçinin müharibənin başa çatdırılmasına çalışır və bütün səylərini bu məqsədə nail olmağa yönəldir".
 
"O, bizim birliklə işləyəcəyini vəd edib və deyib ki, nədən danışdığımızı tamamilə anlayır. O, ümid edir ki, əgər qalib gələrsə və prezident olarsa, bizim xahişlərimizi icra edə biləcək", - əl-Zayat deyib.
 
"Biz onun prezident olacağı təqdirdə öz üzərunə müharibəni dayandırmaq öhdəliyi götürməsini istəyirik. Biz istəyirik ki, o, bizim ağrı və əzablarımız barədə birbaşa bizim icmalarla danışsın", - o, əlavə edib.
 
Onun sözlərinə görə, cümə günü görüşdə iştirak edən görkəmli demokratlar arasında Miçiqan ştatının qubernatoru Qrethen Uitmer, Harrisin seçkiöncəki kampaniyasının rəhbəri Culiya Çaves-Rodriges, habelə ABŞ-ın Mərakeşdəki sabiq səfiri, hazırda Livan qaçqınlarına yardımla məşğul olan Edvard Qebriel də olub.
 
Görüşdə iştirak edənlərdən biri də Ueyn dairəsi rəhbərinin müavini, əslən Livandan olan Əsəd Turfe olub, o, deyib ki, Birləşmiş Ştatlar bu yaxınlarda Livana çoxmilyonlu humanitar yardım paketi vəd edib, bu, "kifayət etməsə də, olmamaqdan daha yaxşıdır".
 
"Bütün bunlar əslində lazım olanlarla müqayisədə dənizdə damla olsa da, hələlik başlanğıcdır. Bu 157 milyon dollar vəsait düzgün istifadə edilərsə,  həlledici rol oynaya bilər", - Turfe bəyan edib.
 
Amerikanın Livana yardım paketi barədə cümə günü Dövlət katibi Entoni Blinken elan edib. Onun sözlərinə görə, 157 milyon dollar həm Livanın daxilində, həm də qəbul edən icmalarda daxildə yerini dəyişənlərin və qaçqınların tələbatlarının ödənilməsinə yönələcək. 
 
Həmçinin qonşu Suriyaya qaçmağa məcbur olan şəxslərə də dəstək göstəriləcək. Amerikanın yardımı "ağlasığmaz çətinliklərdən keçənlər
üçün xilasedici dairədir", Blinken bəyan edib.
 
Bu yardıma Dövlət Departamenti xəttilə təxminən 82 milyon, ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Agentliyi (USAID) xəttilə isə 75 milyon dollar daxildir. Blinken qeyd edib ki, USAID artıq 11, 5 milyon dollarlıq təxirəsalınmaz yardım ayırıb və yaxın həftələrdə daha 63, 5 milyon dollar ayrılması üçün Konqreslə iş aparır.
 
"Bu vəsaitlər əhalinin həssas qruplarının ərzaq, yaşayış yeri, ədyallar, gigiyena vasitələri, su və müdafiənin təmin edilməsinə yönələcək", - Blinken qeyd edib.
 
Xatırladaq ki, sentyabrın sonunda "Emgage Action" hüquq-müdafiə qrupu Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisi rəsmən dəstəkləyib və bəyan edib ki, sabiq prezident Donald Tramp əhalisinin əksəriyyəti İslama etiqad edən ölkə vətəndaşları üçün ABŞ-a girişin məhdudlaşdıracağını vəd etməklə böyük təhlükə törədir.
Link kopyalandı!
Son xəbərlər