"Putinin təhriki ilə Tramp Ukraynanın ABŞ-da seçkilərə müdaxiləsi barədə sui-qəsd nəzəriyyəsini irəli sürüb..."
2017-ci ildə Donald Tramp Vladimir Putindən Ukrayna barəsində məsləhət alıb, Putin Trampı öz tərəfinə çəkməyə müvəffəq olub.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times"' nəşri yazıb.
Nəşr öz mənbələrinə istinadən yazır ki, 28 yanvar 2017-ci ildə özünün prezidentliyi dönəmində Putinlə ilk telefon söhbətində Tramp ilk olaraq Ukrayna barəsində məsələ qaldırıb və ondan öz möqeyini bildirməyi xahiş edib.
"Rusiya prezidenti bundan istifadə edib. O, Ukraynada korrupsiya barədə geniş monoloqa baş vurub. Tramp cavabında təmkinli olub, Putinlə razılaşmayıb və Ukraynanı müdafiə edib, lakin etiraf edib ki, Rusiyanın Ukrayna ilə mübahisəsi Moskva ilə münasibətlərin yaxşılaşdırılması üçün ona maneədir", - nəşr yazıb.
Elə həmin gün Almaniya kansleri Angela Merkel Trampa digər nöqteyi-nəzəri çatdırmağa cəhd edib, ona Ukraynaya dəstəyin davam etdirilməsinin və Rusiyanın Ukraynada təcavüzdən çəkindirilməsinin nə qədər vacib olduğunu deyib.
Lakin Tramp onun fikrinə etinasız yanaşıb və söhbətə son qoyub. "Çox sağ olun, görüşənədək", - Tramp deyib.
Putin bəyan edib ki, Ukrayna Hillari Klintona onun seçkilərdə qalib gəlməsinə kömək etməyə cəhd göstərib, bundan sonra Tramp Ukraynanın ABŞ-da seçkilərə müdaxiləsi barədə sui-qəsd nəzəriyyəsini irəli sürüb.
Rusiya XİN rəhbəri Sergey Lavrovla 2017-ci ilin may ayında görüşü zamanı isə Tramp onunla Ukrayna ilə Klinton arasında əlaqələri müzakirə edib, Lavrova ukraynalı məmurlarla amerikalı demokratlar arasında əlaqələr barədə çoxsaylı suallar ünvanlayıb.
Bu zaman Trampın Ukrayna ilə bağlı narazılığı artdıqca, onun bəzi müşavirləri Ukraynanın deyil, məhz Rusiyanın 2016-cı ilin seçkilərinə müdaxilə etdiyinə inandırmağa cəhd edib. Lakin, hər şeydən göründüyü kimi, Tramp onlara qulaq asmayıb, nəşr yazır.
2017-ci ilin iyulunda Hamburqda Putinlə görüşü zamanı bir gün öncə "Rusiya Ukraynada sabitliyi pozan fəaliyyətinə son qoymalıdır" bəyan edən Tramp yenə də Rusiya prezidentinin kələyinə uyub.
Qeyd edilir ki, Putin Ukraynanın şərqində rusdilli sakinləri "etnik təmizləmədən" qorumalı olduğunu dilə gətirib. Bu zaman o, 1904-cü ildə prezident Teodor Ruzveltlə və Amerikanın Latın Amerikası ölkələrinin daxili işlərinə qarışması ilə bağlı analogiyaya əl atıb.
Trampın prezidentlik dönəmində Milli Təhlükəsizlik Şurasının baş elmi əməkdaşı Fiona Hill qeyd edib ki, böyük ehtimalla, Putin Ruzveltin adını ona görə xatırladıb ki, "cənab Trampın sabiq "gücə meylli" prezidentə qarşı olduğunu bilib".
Tramp və Ukraynada müharibə
Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə son görüşündən sonra sentyabr ayında etiraf edib ki, ondan "çox
şeyləri öyrənib" və Ukrayna üçün "ədalətli sülhə" nail olmağa çalışacağını vəd edib. Bu zaman Tramp Putinin də sülhə can atdığına əmin olduğunu ifadə edib.
Eyni zamanda Böyük Britaniyanın sabiq baş naziri Boris Conson bəyan edib ki, Tramp ABŞ prezidenti olsaydı, Putin Ukraynaya hərbi müdaxilə etməzdi. Onun fikrincə, Tramp Putini suveren ölkə ilə müharibənin riskli olduğuna inandıra bilərdi.