Ekskluziv
1777
05 Oct 2024 | 13:16

"Livanda peycerlərin partladılması MDB ölkələrinə birbaşa təhlükədir" - Rusiya FTX direktoru

 
"Anqlosakslar Azərbaycanla Ermənistan arasında dinc nizamlanmanı qəsdən uzadır..."
 
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bəyan edib ki, "Hizbullah"a məxsus olan rabitə vasitələrinin partlayışları "MDB ölkələrinin təhlükəsizliyi üçün təhlükədən" xəbər verə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya FTX rəhbəri Aleksandr Bortnikov MDB təhlükəsizlik və xüsusi xidmət orqanları Şurasının iclasında bəyan edib. Məlumatı "fontanka.ru" nəşri yayıb.
 
"Bu yaxınlarda Livan və Suriyada peycerlərin partlayışları ilə bağlı aksiyaların göstərdiyi kimi, düşmənin xüsusi xidmət orqanlarının informasiya resurslarının həssaslığı ilə bağlı məlumatların toplanması və "kəşfiyyat qurğuları"nın gizli şəkildə tərbiq edilməsi üzrə işinin nəticələri təkcə kritik infrastrukturun dağıdılması üçün deyil, həm də lazımi məqamda daşınan elektronikanın köməyilə dövlət hakimiyyəti nümayəndələrinə sui-qəsdlərin təşkili üçün istifadə edilə bilər", - Bortnikov deyib. "Bu, MDB ölkələrinin təhlükəsizliyinə birbaşa təhlükədir", - o, əlavə edib.
 
Bununla əlaqədar olaraq Rusiya FTX rəhbəri MDB-dən olan həmkarlarına beynəlxalq terrorçuluq, transmilli cinayətkarlıq, narkotrafiklə mübarizə üzrə birgə tədbirlərə, konstitusiya quruluşunun müdafiəsi və informasiya təhlükəsizliyinin təmin edilməsinə çağırış edib.
 
Aleksandr Bortnikovun sözlərinə görə, daxili siyasi vəziyyət, "nəticə etibarilə dövlətlərin təhlükəsizliyi" bundan asılıdır.
 
Rusiya FTX rəhbəri həmçinin Rusiya ilə Ukrayna arasında gedən döyüş əməliyyatlarının qonşu ölkələrə-Belarus və Moldovaya genişlənəcəyini proqnoz edib. Güman edilən eskalasiyaya görə məsuliyyəti Bortnikov ABŞ və Böyük Britaniya rəhbərliyinin üzərinə qoyub.
 
Onun sözlərinə görə, "anqlosakslar" həmçinin "Cənubi Qafqazda uzunmüddətli qeyri-sabitlik amilinin yaradılması, Mərkəzi Asiyaya Əfqanıstan istiqamətindən terrorçu ekspansiyaya təhrik edilməsi" məqsədilə Azərbaycanla Ermənistan arasında dinc nizamlanmanı qəsdən uzadır.
 
Rusiya FTX direktorunun belə proqnozlarla çıxış etməsi ilk dəfə deyil. Bu ilin may ayının sonunda o, bəyan edib ki, NATO ölkələri Moldovanı Rusiya və Belarusa qarşı müharibəyə cəlb edir. Onun fikrincə, Şimali Atlantika Alyansının nümayəndələri bunu Kişinyovdakı məmurlarla manipulyasiya edərək həyata keçirir.
Link kopyalandı!
Son xəbərlər