Əgər miras qoyan bütün əmlakını vəsiyyətnamə ilə bir şəxsə vəsiyyət edibsə,onun ailə üzləri bu mirasdan məhrum olur ya yox?
Bəs əgər miras qoyan əmlakını ölənədək bağışlayıbsa necə?
Bununla bağlı vəkil İlhamə Həsənovanın təqdimatında Moderator.az -ın "Vəkil məsləhəti" rubrikası təqdim edir:
Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz.
Vəsiyyət üzrə vərəsəlik zamanı isə miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir.
Lakin nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı prinsipi mütləq xarakter daşımır. Belə ki, mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və vəsiyyət etmək azadlığı məcburi vərəsələr institutu ilə məhdudlaşdırılmışdır. Məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir. Həmin şəxslərin dairəsinin mövcudluğu vərəsəlik hüququnun cəmiyyətdə sosial-təminat funksiyasına malik olması ilə əlaqədardır. Bu funksiyanın təyinatı məhz birinci növbəli vərəsələr dairəsinə aid olan, bilavasitə miras qoyana daha yaxın olan, onunla bir qayda olaraq, birgə təsərrüfat aparan, onun himayəsində olan və ya həmin əmlakın əldə edilməsində bu və ya digər formada rolu olan şəxslərin maraqlarının müdafiəsindən ibarətdir.
Mirasda məcburi payın anlayışı və ona hüququ olan subyektlərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi payı tələb etmək hüququ isə mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər (Mülki Məcəllənin 1194-cü maddəsi).
Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır.
Vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olması ailə-təminat prinsipindən irəli gəlir. Bu prinsipə əsasən, mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlakın (əmlakın müəyyən hissəsinin) iqtisadi təminatı vəfatından sonra əsasən onun yaxın ailə üzvlərinə məxsus olmalıdır. Mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır.
Məcburi payın həcminin müəyyənləşdirilməsi qaydası Mülki Məcəllənin 1195-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.
Bəzən miras qoyan vəfatından öncə yalnız vəsiyyətnamə ilə deyil, bağışlama müqaviləsi əsasında əmlakını əvəzsiz özgəninkiləşdirməklə də qanuni vərəsələrini həmin mirasdan məhrum edə və ya miras əmlakın həcmini azalda bilər. Bununla əlaqədar qeyd edilməlidir ki, mülkiyyətçinin öz əmlakına dair sərəncam verməsi, bağışlaması onun konstitusiya hüquqlarından biridir. Bu hüquqların məhdudlaşdırılması isə yalnız qanunvericilik qaydasında ola bilər və belə məhdudlaşdırma digər şəxslərin bəşəri hüquqlarının müdafiəsinə xidmət etməlidir.
Mülki Məcəllənin bağışlamaq və hədiyyəni qəbul etmək qabiliyyətini müəyyən edən 667-ci maddəsində isə bağışlamanın həyata keçirilməsi üçün zəruri olan şərtlər nəzərdə tutulmuşdur. Belə ki, Məcəllənin 667.1-ci maddəsində göstərilmişdir ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.
Mülki Məcəllənin 1200-cü maddəsinə uyğun olaraq, mirasda məcburi pay hüququ olan şəxslərin miras qoyan tərəfindən bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etmək hüquqları vardır. Belə ki, həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.
Beləliklə Mülki Məcəllənin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir.Bu pay qanun üzrə vərəsəlikdə onlara çatan payın yarısını təşkil edir.
Əgər miras qoyan hələ öz sağlığında mirasa daxil ola bilən əmlakını bağışlamışsa,onda onun birinci növbəli vərəsələri mirasda məcburi payın tamamlanması tələbini irəli sürə bilərlər.
Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır:
- tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı;
- əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı;
- əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli;
- həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi.
Mülki Məcəllənin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər.
Yuxarıda göstərilən hüquqi məsələlər “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair”AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN 8 yanvar 2021-ci il tatixli qərarında da təsbit olunmuşdur.