Kənddə doğuldu, Harvardda oxudu, ABŞ-da təhsil şirkəti qurdu...
1918
05 Oct 2024 | 09:17

Kənddə doğuldu, Harvardda oxudu, ABŞ-da təhsil şirkəti qurdu...

Həyatda elə insanlar var ki, onlar çətin şərtlər daxilində böyük uğurlara imza ataraq hər kəsi heyrətləndirməyi bacarır, sözün həqiqi mənasında öz talellərinin memarı qismində çıxış edirlər. Bu cür şəxslərdən biri də Moderator.az-ın müsahibi Dünyamalıyev Asim Oqtay oğludur.

 

-Asim bəy, zəhmət olmasa özünüz haqqında məlumat verərdiniz.

 

-Mən Zərdab rayonunun Məlikumudlu kəndində anadan olmuşam. 2004-cü ildə orta təhsilimi başa vurub Qafqaz Universitetinin Filologiya fakültəsinə (ingilis dili və əədəbiyyatı) daxil olmuşam. Unversitet təhsilimi vaxtından əvvəl – cəmi üç ilə universitet birincisi kimi bitirmişəm.

 

Təhsilimi universitet birincisi kimi bitirməyim mənə Qafqaz Universitetində müəllim və təşkilatçı kimi işləmək imkanı verdi.

 

Universitet illərində sadəcə dərslərimi hazırlamaqla kifayətlənmir, əlavə ədəbiyyatlar oxuyur, dil bilgilərimi inkişaf etdirirdim. Universiteti bitirsəm də qərara aldım ki, özümü inkiaşf etdirmək üçün təhsilimi davam etdirməliyəm. Bu məqsədlə də 2023-cü ildə ABŞ-ın Boston şəhərində hüquq məktəbinə - Massachusetts School of Law-ya daxil oldum. Bir illik təhsil müddətində hüquq elmi, xüsusilə də hüquq tarixi və beynəlxalq hüquq haqqında qiymətli məlumatlar əldə etdim.

 

Bir illik Boston həyatı mənə ABŞ-ın təhsil həyatı ilə yanaşı, ictimai həyatını da yaxından müşahidə etməyə, öyrənməyə imkan verdi. Mən bu mühitdə müstəqil şəkildə yaşamağı, qarşılaşdığım çətinlikləri dəf etməyi, problemləriminin öhdəsindən gəlməyi öyrəndim. Bu mənim xaricdə - ölkəmizdən uzaqda qazandığım ilk uğurlu təcrübə oldu.

-Hüquq məktəbindəki təhsilinizi başa vurandan sonra nə etdiniz?

 

-Bundan sonra təhsilimi Harvard Universitetində davam etdirməyə qərar verdim. Məqsədim beynəlxalq təhsil sistemindəki qabaqcıl idarəetmə metodları ilə tanış olmaq, bu sahədə əldə etdiyim bilikləri daha da genişləndirmək idi. Bu məqsədlə də Harvadrda qəbul oldum və bu gün sözügedən universitetdə Təhsildə Rəhbərlik, Təşkilatlar və Sahibkarlıq (Education Leadership, Organizations, and Entrepreneurship) proqramı  üzrə əyani magistr təhsili alıram. Eyni zamanda, MIT universitetindən de  idarəçiliklə bağlı  əyani dərslər alır, təhsilimi paralel şəkildə davam etdirirəm.

 

-Bəs necə oldu ki, öz təhsil şirkətinizi açmaq qərarına gəldiniz?

 

-Əslində bu fikir məndə tələbəliyimin ilk illərində yaranmışdı. Yəqin ki, buna səbəb ixtisasımın da bu sahə ilə bağlı olması idi. Sonrakı dövrlərdə ABŞ təhsil həyatı ilə tanışlığım məndə bu fikrin daha da güclənməsinə səbəb oldu. Təbii ki, bunu çox istəməyimə rəğmən içimdə bəzi tərəddüdlər də var idi.

 

Mən bu sahəyə daha yaxından bələd olmaq üçün bir müddət ABŞ-da təhsil şirkətlərinin birində təhsil koordinatoru kimi fəaliyyət göstərdim. Burada çalışdığım dönəmdə başa düşdüm ki, öz arzumu reallaşdıra bilərəm. Buna görə də bu istiqamətdə konkret addımlar atmağa başladım və sevinirəm ki, mənim üçün hər şey uğurlu oldu.

 

Bir məqamı da qeyd edim ki, təhsil şirkəti açmağımın digər bir səbəbi də burada oxuduğum və çalışdığım dönəmlərdə soydaşlarımızın təhsil almaqla bağlı yaşadığı çətinliklərə şahid olmağım, onları bu çətinliklərdən qurtarmaq istəyim oldu.

 

Bu gün rəhbəri olduğum təhsil şirkəti Avropa və Amerikanın müxtəlif universitetlərində yüzlərlə azərbaycanlının təhsil almasına dəstək verir. Eyni zamanda, şirkətimizin dəstəyi ilə dünyanın ilk onluğunda olan qabaqcıl universitetlərində onlarla soydaşımız öz təhsilini davam etdirir ki, bu da məni qürurlandırır.

 

Onu da qeyd edim ki, xaricdə təhsil şirkəti təsis edən digər soydaşlarımız da var ki, onlar da uğurlu fəaliyyətləri ilə diqqət çəkir.

-Asim bəy, xaricdə təhsil şirkəti təsis edən soydaşlarımızdan kimləri qeyd edə bilərsiniz?

 

-Xaricdə doğma vətənimizi layiqincə təmsil edən, soydaşlarımıza təhsillərində böyük dəstək verən azərbaycanlılardan biri Lalə Əliyevadır. Məlumat üçün qeyd edim ki, Əliyeva Lalə Rauf qızı 6 iyul 1986-cı ildə Tovuz rayonunda anadan olub. 2003-cü ildə orta təhsilini A.S.Puşkin adına orta məktəbdə başa vuraraq Azərbaycan Dillər Universitetinin İngilis Dili və Filologiyası fakultəsinə qəbul olub. 2008-2010 cu illərdə Azərbaycan Beynəlxalq Universitetində Avropa Ölkələri və Tarixi üzrə magistr təhsili alıb. Lalə xanım, 2012-ci ildə Kembric universiteti tərəfindən Müddətsiz Beynəlxalq Müəllimlik və Treyner sertifikatı (CELTA) ilə təltif edilib.

 

Lalə xanım karyera müddəti ərzində AC Nielsen beynəlxalq auditinq şirkətində “Data Management” departamentində baş menecer və “Xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrinə geri qaytarılması” layihəsini həyata keçirən UAFA (United Aids For Azerbaijan) adlı beynəlxalq şirkətdə sinxron tərcüməçi kimi fəaliyyət göstərib. Sonradan peşə fəaliyyətini müəllim olaraq Xəzər Universitetində davam etdirib. Hal-hazırda "Qadın və Uşaqların Təhsilinə Dəstək ictimai Birliyi" ndə təhsil kordinatoru və Joseph Xaricdə Təhsil Mərkəzinin təsisçi direktoru kimi fəaliyyət göstərir.

 

Lalə xanım 2024-2025-ci akademik tədris ilində Amerika Birləşmiş Ştatlarında yerləşən, dünyanın ən nüfuzlu universitetləri sırasında olan Harvard Universitetindən Təhsil Siyasəti və Təhlili proqramı üzrə magistr dərəcəsi üzrə qəbul qazanlb və hal-hazırda həmin universitetdə təhsil alır.

-Xaricdə təhsil alan soydaşlarımızdan daha kimləri nümunə göstərə bilərsiniz?

 

-Bu kateqoriyadan olan soydaşlarımızdan biri də Aysun Məmmədlidir. Azərbaycan Dillər Universitetinin Fəxri Məzunu Aysun Məmmədli, 2024-2025-ci tədris ili üçün Harvard Universitetində Təhsildə Rəhbərlik, Təşkilatlar və Sahibkarlıq (Education Leadership, Organizations, and Entrepreneurship)  ixtisası üzrə magistratura təhsili alır. Eyni zamanda MIT Universitetindən də bir sıra dərslər alaraq hər iki TOP Universitetin tələbəsi olaraq yaradılan imkanlardan yararlanır. Onun təhsil xərcləri 2024-2025 “Dövlət Proqramı” Təqaüd Proqramının qaliblərindən biri olaraq tam şəkildə dövlətimiz tərəfindən maliyyələşdirilir. Qeyd etmək istərdim ki, O bütün bunları heç bir xaricdə təhsil şirkətindən dəstək almadan öz gücünə edib. Hal-hazırda isə digər gənclərin TOP Universitetlərə qəbuluna dəstək olmaq üçün mentorluq fəaliyyəti ilə məşğuldur.

-Asim bəy, sonda xaricdə təhsil almaq istəyən soydaşlarımıza nə tövsiyə edərdiniz?

 

-Mən xaricdə təhsil almaq istəyən hər bir azərbaycanlıya uğurlar arzulayır, müvəffəqiyyətlə diləyirəm. Hər şeydən əvvəl onlara tövsiyə edərdim ki, öz məqsədlərinə çatmaq üçün sona qədər qətiyyət göstərsinlər və çətinliklərdən qormasınlar. Çünki bütün çətinliklər müvəqqətidir və bir gün onların hamısı geridə qalır.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər