“Ermənistan Avropanın sərhədi deyilsə, avropalı müşahidəçilər bu sərhəddə nə gəzirlər?..”
Ekskluziv
1681
05 Oct 2024 | 08:54

“Ermənistan Avropanın sərhədi deyilsə, avropalı müşahidəçilər bu sərhəddə nə gəzirlər?..”

“Ermənistanın Avropa İttifaqına üzvlük üçün müraciət etməsindən ötrü noyabrın 14-dək toplanmalı olan 50 min imzadan artıq 31 mini toplanıb...”
 
Ermənistanın Qərbyönlü qüvvələr və siyasi cəmiyyət nümayəndələri dünən Gümrü şəhərində olublar. Onlar Ermənistanın ikinci şəhərində “Avrovote” (Avropa İttifaqına qəbul üçün imzatoplama) kampaniyasının necə getdiyini görməyə gəliblər. Nümayəndələr imzatoplamanın davam etdiyi barədə məlumat toplamaq üçün də küçələri gəziblər.
 
Moderator.az xəbər verir ki, bu haqda “Azadlıq” radiosunun erməni bürosu məlumat yayıb.
 
Son məlumatlara görə, Ermənistanın Avropa İttifaqına üzvlük üçün müraciət etməsindən ötrü noyabrın 14-dək toplanmalı olan 50 min imzadan artıq 31 mini toplanıb.
 
Bəs görəsən, Ermənistanın müxtəlif vilayətlərində vətəndaşların bəhs edilən imzatoplamaya münasibəti necədir? “Respublika” partiyasının sədri Aram Sarkisyan təmaslarından belə qənaətə gəlib ki, əhalinin 50 faizi passivdir.
 
“...Daha doğrusu, qorxurlar, heç bir dəyişiklik istəmirlər, çünki hər hansı dəyişiklikdə təhlükə görürlər. Heç nə təklif etmirlər və istənilən təklifi rədd edirlər. Yerdə qalan 50 faiz aktivdir, o 50 faizin 30 faizi açıq-aydın bizimdir. O 30 faiz açıq şəkildə Avropa İttifaqını istəyir, qalan 20 faiz isə keçmiş və yeni arasında bölünür”, - deyə erməni siyasətçi diqqətə çatdırıb.
 
A.Sarkisyan Ermənistanın Avropa İttifaqında gözlənilmədiyi iddialarına qarşı çıxır. 
 
“Artıq Ermənistan-Azərbaycan sərhədi işarələnir. Ermənistanın sərhədyanı ərazilərinə gedin, görün kimlər monitorinq aparır. O monitorinqləri avropalı müşahidəçilər aparır. Əgər Ermənistan Avropanın sərhədi deyilsə, o avropalı müşahidəçilər bu sərhəddə nə gəzirlər? Yaxud Avropada olmağımızı istəmirlərsə, niyə bura gəlib sərhədlərimizə nəzarət edirlər?”, -deyə erməni partiya sədri sual edib.
 
S.Laçın
 
Link kopyalandı!
Son xəbərlər