“…Hökmranlar gəlir-gedir. Və onlar Allahdan qorxmasalar da, bu şərli-xeyirli dünyamız yenə Allaha qalır...”
“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...
İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır. Və dəhşət burasındadır ki, bu “ölülükdə” – soyuqluqda bir müdhiş birlik, bir qorxunc həyatilik, bir allahsız-imansız ƏBƏDİLİK var!..”
Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...
Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.
Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.
Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik.
Kitabın ön sözündə daha sonra deyilir:
“...Hökmranlar Allahdan qorxmur, çünki hökmranların Allahı olmur. Və Allahı olmayan əməlin izahı ola bilməz: bəlkə buna görə hökm sahiblərini bir çox əməllərini biz adi adamlar heç vaxt izah eləyə bilmirik...
Mir Cəfər Bağırov kim idi? Dünyanı, tarixi, həyatı dəyişməyə və bundan ötrü baş kəsməyə, qan tökməyə onu kim vəkil eləmişdi: özümü, zamanmı, Allahmı, Şeytanmı?..
1956-cı ilin yazında Mir Cəfər Bağırovun məhkəməsində outran adamların arasında bu çətin suallara cavab axtaranlar da yəqin ki, olmuşdu. O məhkəmədə Mir Cəfər Bağırova ölüm hökmü kəsildi, ancaq bu hökm, nədənsə, yerinə yetirilmədi.
Bu hökmün çıxarıldığı vaxtdan təxminən iyirmi il sonra Mir Cəfər Bağırov Kazan şəhərindəki həbsxanaların birində bu dünyadan öz əcəli ilə köçüb getdi…
…Hökmranlar gəlir-gedir. Və onlar Allahdan qorxmasalar da, bu şərli-xeyirli dünyamız yenə Allaha qalır...
1895-ci ildə anadan olub, 1976-cı ilin yazında olub. Bağırov Mir Cəfər Abbas oğlunun şəxsi və xidməti tərcümeyi-halı 1895-ci ildə Quba şəhərində anadan olub. 1915-1917-ci illər arasında kənd müəllimi işləyib. Fevral inqilabının əvvəlindən bir sıra rəhbər vəzifələrdə çalışıb. 1918-ci ildən1921-ci ilədək əvvəlcə Qızıl Orduda müxtəlif siyasi rəhbər vəzifələrdə: polk komandiri, Azərbaycan diviziyasının hərbi komissarı, Rusiya hərbi dairəsi Qafqaz korpusunun təlimatçısı, Azərbaycan diviziyası inqilab tribunasının və səyyar sessiyasının sədri kimi vəzifələrdə çalışıb.
1921-ci ildən 30-cu ilədək Xalq Daxili İşlər Komissarlığı Baş Siyasi idarəsi orqanarında çalışıb: Azərbaycan Baş Siyasi İdarəsində sədr, 1927-ci ildən 30-cu ilədək isə orada kollegiyanın sədri, eyni zamanda Zaqafqaziya su təchizatı idarəsinin rəisi vəzifəsində çalışıb. 1930-cu ildə kollegiya sədrliyindən azad olunub və bütövlükdə Zaqafqaziya su təchizatı işinə keçib. Sonra partiya işinə keçirilib. Hazırda AK (b) PMK-nın katibidir. Hərbi xidmətlərinə görə bir sıra mükafatlara, Əmək ordeni, Qırmızı Bayraq ordeni və s. layiq görülüb.
Təhsili: Quba şəhərində 4 sinif, Petrovsk şəhərində 2 illik kurs bitirib.
Ailə vəziyyəti:
Arvadı- Yevgeniya, 20 yaşında;
Anası- Mariya, 52 yaşında;
Bacısı qızı- Səkinə, 14 yaşında;
Oğlu- Vladimir, 10 yaşında.
Təhsili orta, Azərbaycan, rus, ləzgi dillərini bilir
Məxfi
0043 №-li cinayət işi üzrə
Bağırov Mir Cəfər Abbasoviçin,
Atakişiyev Ağa Səlim İbrahim oğlunun,
Markaryan Ruben Ambarsumoviçin,
Qriqoryan Xoren İvanoviçin,
Borşev Timofey Mixayloviçin,
Lemelyanov Stepan Fyodoroviçin
RSFSR CM-nin 58 -1 (b); 58-8; 58-II maddələri ilə müqəssir bilinmələri barədə
İTTİHAM
1953-cü ilin iyununda L.P.Beriyanın xarici kapitalın mənafeyi naminə sovet dövlətini sarsıtmaq, hakimiyyəti ələ almaq, sovet fəhlə-kəndli quruluşunu dağıtmaq, burja hakimiyyətini bərpa etmək məqsədilə SSRİ hökümətinin və Sov.İKP-ni Daxili İşlər Nazirliyindən asılı vəziyyətə salmaq cəhdləri dövlət, partiya əleyhinə cinayətkar fəaliyyət kimi MK tərəfindən ifşa edilmişdir. SSRİ Ali Sovetinin 1953-cü il 8 avqust tarixli qərarına müvafiq olaraq Beriyanın və onun əlaltılarının işi baxılmaq
üçün SSRİ Ali Məhkəməsinə göndərilmişdir.
1953-cü il dekabrın 23-də SSRİ Ali Məhkəməsi Vətənə xəyanət və digər ağır dövlət cinayətləri törətdiklərinə görə Beriya və onun yaratdığı xəyanətkar qrupun digər fəal üzvləri: Merkulov, Dekanozov, B.Kobulov, Qoqildze, Meşik, Blodzimirski ən böyük cəzaya- güllələnməyə məhkum edildilər. Beriya və onun yaxın əlaltılarının ifşası ilə əlaqədar olaraq sui-qəsdçi qrupun başçılarının Beriyanın digər həmməsləkləri ilə əlaqələri araşdırılmağa başladı. Məlum oldu ki, xalq düşməni Beriyanın ən yaxın və aktiv məslək dostu uzun illərdən bəri cinayətkar fəaliyyətdə onunla sıx tellərlə bağlı olan, bu iş üzrə
müqəssir hesab edilən M.C.Bağırov olmuşdur.
Göstərilənlərə əsasən M.C.Bağırov həbs olunmuşdur.
(Davamı var)
Təqdim etdi:
Sultan Laçın