Serial sektorunda yeni mərhələ: “Əlvida xoşbəxtlik” və “Vətəndaş A” 
Ekskluziv
2181
04 Oct 2024 | 11:09

Serial sektorunda yeni mərhələ: “Əlvida xoşbəxtlik” və “Vətəndaş A” 

Son illərdə bir çox telekanallarimizdakı verilişlərin, əksər serialların keyfiyyətiylə bağlı həm dövlət səviyyəsində, həm də cəmiyyətdə, ziyalılar arasında həmişə müzakirələr gedir. Əfsus olsun ki, bu müzakirələrin əksəriyyətində daha çox narazılıqlar hiss olunur. Niyə bizim istehsalçılar yalnız aşağı məişət mövzularında çəkir, niyə seriallarda bu qədər qışqır-bağır var, niyə çəkiliş estetikası və aktyor oyunu bu qədər bayağıdır? Bu baxımdan ən çox da məhz efirdə daha çox görünən  gündəlik seriallar tənqid olunub.
 
Mən özüm də  bu tənqidçilərin əksəriyyəti ilə razı idim. Eyni zamanda düşünürdüm ki, həftəlik serialda bunu etmək bəlkə də mümkündür, lakin gündəlik serialın iş rejimində bundan artıq səviyyə əldə etmək, yəqin, mümkünsüzdür...
Lakin görünür ki, bu, belə deyilmiş. Yeni mövsümdən efirə çıxan ATV kanalında yayımlanan “Əlvida, xoşbəxtlik” və İTV kanalında yayımlanan “Vətəndaş A” serialları diqqətimi çəkdi. Hesab edirəm ki, “Əlvida, xoşbəxtlik” gündəlik serial sektorunda yeni bir mərhələdir. Həftədə bir dəfə efirə gedən “Vətəndaş A” serialının isə çəkiliş estetikası təqdirəlayiqdir. Biz hər iki serialda sanki filmə baxırıq.
 
Biz, adətən yalnız pis bir şey görəndə reaksiya verib səzimizi qaldırırıq. Yaxşını isə təbii hesab  edib, üstündən keçirik. Amma, məncə, bu, düzgün yanaşma deyil. Bəyənmədiyimiz pislərin içində yaxşı görəndə mütləq diqqətə çəkmək lazımdır. Ona görə mən də bu iki serial barədə yazmağı qərara aldım.
"Əlvida, xoşbəxtlik" serialı dünyada məşhur olan və bir çox ölkələrdə çəkilən serialın adaptasiyasıdır. Və əminliklə deyə bilərəm ki heç bir cəhətdən xarici adaltasiyalardan geri qalmır.
 
Bir qadının öz səadətini xəyanət nəticəsində itirməyinə həsr olunan bu serialın elə ilk epizodlarından tamaşaçı hiss edir ki, əksər gündəlik seriallardan adət etdiyimiz qara-qışqırıq, dava-dalaş burada təqdim olunmayacaq. Tamaşaçını yalnız bayağı konfliktlərlə cəlb edə bilən və tez-tələsik, başdansovdu çəkilən gündəlik seriallardan fərqli olaraq, burada biz çox gözəl estetik çəkiliş üslubu, səliqəli, düzgün aktyor oyunu, maraqlı kino üslublu planlar, çoxaktyorlu səhnələr görürük. 
Obrazların arasındakı konfliktlər də daimi dava-dalaşla, hay-küylə təqdim olunmur. Gündəlik seriallarımız tarixində ilk dəfədir ki, yaradıcılar bütün konfliktləri daxili dramatizm kimi təqdim  edib. Ən ağır situasiyada belə, biz bazar adamları əhvallı qışqır-bağırı müşahidə etmirik.
Serialdakı aktyorların oyunu da ümumi estetikaya uyğundur. Dialoqlar çox səlis, dəqiq qurulub. Xüsusilə, Zemfira Əbdülsəmədova, Firdovsi Atakişiyev, Ülviyyə Rza, Vüsal Murtuzəliyevin oyunu xüsusi diqqət çəkib.
 
Bir sözlə, bütün yaradıcı heyətin fəaliyyəti ümumi istiqamətə xidmət edir...
“Vətəndaş A” serialının ssenarisi Cəfər Cabbarlının "Almaz" pyesindən təsirlənərək yazılıb. Serialın əsas qəhrəmanı Almazdır. O, şəhərdən ucqar rayonlardan birinin kənd məktəbinə təyinat alır. Almaz köhnə adət-ənənələrə, qarşı çıxan idealist və müasir bir müəllimdir. Hadisələr həmin kənddə baş verir. Çəkiliş və aktyor oyunu xüsusi diqqəti cəlb edir. Serialda Günəş Mehdizadə, Qurban İsmayılov, Şövqi Hüseynov, Şamil Süleymanlı, Ötkəm İsgəndərov, Nəsibə Eldarova, Xalidə Əliməmmədova, Rauf Şahsuvarov, Oktay Mehdiyev, və digərləri çəkiliblər. 
 
Hər iki serial ümumilikdə bu sektor üçün yenilikdir və hər ikisinin də uğur qazancağına, bol reytinq əldə edəcəyinə inanıram.
Məncə, bizim serialları tənqid edənlərə nümunə kimi məhz bu cür seriallarımız göstərilməlidir. Tamaşaçıların estetik zövqünü məhz bu cür çəkilmiş seriallar vasitəsiylə formalaşdırmaq lazımdı.
 
Əminəm ki, istər “Vətəndaş A”, istərsə də “Əlvida xoşbəxtlik” serialının heç olmasa bir seriayasına baxanlar, əvvəl tənqid etdikləri şeyləri görmədiklərinə görə, həvəslə izləyəcəklər. Çünki hər ikisi dinamika, duyğusallıq, təsir gücü səviyyəli və bədii keyfiyyəti olan detallar üzərində qurulub.
Ümumilikdə, ATV və İTV-nin təqdim etdiyi bu cür yuksək bədii keyfiyyətli  seriallar Azərbaycan tamaşaçılarının estetik zövqünü formalaşdirmağa dəstək olacaq. Və belə seriallar çoxaldıqca, əminəm ki, telekanallarımızı tənqid edənlərin sayı da azalacaq. 
 
 
Xəyalə Rəis
 
Link kopyalandı!
Son xəbərlər