“Hacı Zeynalabdin Tağıyevin gördüyü əksər işlərin arxasında babam dayanıb”- Tanınmış neft milyonçusunun nəticəsi olan müğənni (FOTO/VİDEO)
Ekskluziv
2953
30 Sep 2024 | 20:58

“Hacı Zeynalabdin Tağıyevin gördüyü əksər işlərin arxasında babam dayanıb”- Tanınmış neft milyonçusunun nəticəsi olan müğənni (FOTO/VİDEO)

Tanınmış müğənni, neft maqnatı Məşədi Kampanın nəticəsi Kamil Qədimzadə Moderator.az-ın suallarını cavablandırıb.
 
-Kamil, ötən mövsüm sizin üçün sənət baxımından necə yadda qaldı?
 
-Bizim hər günümüz, hər saniyəmiz sənətə bağlıdır. Həyatımız belə qurulub. Müxtəlif peşə sahiblərinin bir gün istirahət günü olur, həftəiçi işləyirlər. Ticarətçi malını satır, rəssam şəkilini çəkir və s. Bizim də işimiz hər gün yeni fəaliyyət, yeni-yeni mahnılar ərsəyə gətirmək, layihələr fikirləşməkdir. Biz insanların zövqünü oxşamaq üçün çalışırıq. Bəzi musiqilər var ki, bizim xoşumuza gəlir, amma biz kütləni də nəzərə almalıyıq. Kütlənin musiqi zövqünün formalaşmasında musiqiçilərin üzərinə böyük yük düşür. Biz də çalışırıq ki, yaxşı musiqi olsun ki, dinləyicilərimiz də bizdən razı qalsınlar. Düzdür, deyirlər ki, yaxşının alıcısı az olur. Bu hər sahədə belədir. Musiqidə də elədir. Yaxşı musiqinin kütləsi azdır. Biz də çalışmalıyıq kütləni artıraq. Bu məsuliyyət biz müğənnilərin üzərinə düşür. Keçən mövsüm 3 mahnı oxudum. Biri “Unut getsin”, digəri isə “Tərpənmə”, o biri isə “Bakı haqqında mahnı” oldu. Bu mahnıların ikisinin musiqisi mənə aiddir. “Unut getsin” mahnımın sözləri Orxan Hacıyevə, “Tərpənmə” mahnısının sözləri Kəmalə Rüstəmzala aiddir. Mahnı indi daha çox sevilən müasir estrada janrındadır. Şükür Allaha sevildi, getdiyim tədbirlərdə onu ifa edirəm. Ötən mövsüm sənətimə bir az uzun fasilə verdim. Əslində 5-6 mahnı yazılmalı, klip çəkilməli idi. Bu günlərdə “Xatirələr” adlı yeni bir mahnım və klipim təqdim olundu. Ötən mövsüm mən sevimli bəstəkarımız Xanım İsmayılqızından da bir mahnı oxudum. Bakı haqqında yaxşı bir mahnı oxumaq istəyirdim. Feysbukda status yazdım ki, Bakı haqqında yaxşı bir mahnı olsaydı oxuyardım. Bir də gördüm Xanım İsmayılqızı statusuma rəy yazıb ki, “VAR”. Mahnını vatsapa yolladı, qulaq asdım, bəyəndim. Xanım müəllim dedi ki, Kamil mahnını neçə ildir yazmışam, amma ifaçısını, sahibini tapmırdım. Demək ki, mənim qismətim imiş. Aranjiman edib Xanım müəllimə göndərdim, o da bəyəndi. Bu mahnı ömürlük mənim yaradıcılığımda qalacaq. Hansısa ciddi bir səhnəyə çıxanda səsləndirəcəm. Bu mahnılar və müəlliflərin əsərləri hər kəsin yaradıcılığında mütləq olmalıdır. Bu musiqilər tarixlərdə qalır. 
-Kamil, siz sırf sənətlə məşğulsuz. Amma sənətlə məşğul olmayan həmkarlarınız heç bəlkə də sizin qədər əziyyət çəkmir, sadəcə kütləni ələ ala bilirlər. Buna həsəd aparmısız?
 
-Xeyr, həsəd aparmamışam. Müəyyən bir musiqilər var ki, onların ömrü az olur. Bu həqiqətən də illərlə təcrübədən keçən bir sözdür. Bu mənim sözüm deyil. Keçən il yutub trendində olan 10 mahnıdan birinin adını deyə bilərsiz? Yoxdur, qalmayıb. Həmin mahnıların vitamin çatışmazlığı var (gülür). Mən ümumiyyətlə heç trendə də baxmıram. Mənim “Sevilən rəqslər” adlı bir mahnım var, xəbərim olmadan trendə düşüb. Mahnının 2 milyondan çox baxışı var. Burada mövzu milli rəqslərdir. Elə mahnılar olub ki, yazmaq istəmişəm, amma son anda fikrimdən daşınmışam. Düşünmüşəm ki, bu mahnını yazacam, amma kütləsi az olacaq. Amma indi elə deyiləm, mübarizə aparıram. Qoy eybi yox 10 faiz insan qulaq asssın. O 10 faiz onsuz da çoxalacaq. Musiqiçi, ifaçı savad almalıdır. Bəzən deyirlər ki, Rəşid Behbudov təhsil almayıb. Sən axı Rəşid Behbudov deyilsən! Sən bir özünə bax! 
-Mədəniyyət sahəsində böyük bir xaos var. Bu sənətkarlarımızı, bəstəkarlarımızı da narahat edir. 
 
-Əlbəttə ki, bu vəziyyət sənətlə ciddi məşğul olan hər kəsi narahat edir. Bəlkə də Vaqif Gərayzadənin də sandıqda qalan mahnıları da var. O da sahibini gözləyir. Ümumi dünyada musiqi platforması, albomu dəyişilib. Yaxşı musiqilər var. 
 
-Sizdən toyda bayağı mahnılar istəyənlər olur?
 
-Əlbəttə olur. Allah xalqımıza hər zaman toy, şadlıq qismət etsin. Mənim zövqüm məni toya çağıran insanların zövqü ilə eynilik təşkil edir. Bu həqiqətən də belədir. Toydan əvvəl mən onların istəklərini nəzərə alıram. Deyirlər ki, Kamil bəy, ola bilər ki, qonaqlardan hansısa sizə yaxınlaşıb bayağı mahnı istəyər, xahiş edirik narazı qalmamaq şərtilə onları birtəhər yola gətirəsiniz. Toy edən adam da istəmir ki, məclisində bayağı mahnı səslənsin.
-Efirlərdə də sizi çox görmürük. Buna səbəb nədir?
 
-Efirlərdə olmamağımın səbəbi də özüməm. Efirə çoxu toy, məclis tutmaq üçün çıxır. Məndə şükür Allaha bu baxımdan vəziyyət yaxşıdır. Həm də seçim edirəm. Mən o efirlərə getmirəm ki, mənə sual versinlər filankəs yaxşı oxuyur, yoxsa bəhmənkəs?! Mən münsiflər heyəti deyiləm. Yaxud da mədəniyyətimizdə söz sahibi deyiləm axı. Efirdə elə adamların adını gündəmə gətirib hallandırırlar ki, vallah o səviyyəli müğənnilərin yerinə də utanıram, öz yerimə də. Bunu mən də edə bilərəm. Lap deyə bilərəm ki, mənim adımı çəkin, məndən danışın, mənim şəkilimi qoyun ortaya nə istəyirsiz danışın. Etmərəm. Ümumiyyətlə ciddi musiqi ilə məşğul olan sənətçi bunu etməz. 
-Siz böyük sənətkarımız, novator Vaqif Gərayzadə məktəbindən su içmisiz. Bu dahi şəxsiyyətin sənət həyatınıza gəlməsi sizə necə təkan oldu?
 
-Bu mənim uşaqlıq arzum, istəyim olub. Əgər nəyisə ürəkdən istəyirsənsə Allah sənə yetirir. 11-12 yaşım var idi. 2000-ci illərin əvvəlləri idi. Efirlərdə Vaqif müəllimin hit əsərləri səslənirdi. O qədər ifaçılar onun musiqilərini oxuyublar ki.. Yatmışdım, yuxu görürəm. Görürəm ki, qara bir povilyondur, Vaqif müəllimin qarşısındayam. Mən oxuyuram, o mənə dərs keçir. Bəlkə də çox istədiyimdən Vaqif müəllim yuxuma girmişdi. İllər keçəndən sonra bu yuxu gerçək oldu. Vaqif müəllimə Allah can sağlığı versin. O bugünki gündə musiqimizin banilərindəndir. Onun yazdığı musiqilər, yetişdirdiyi tələbələr tam fərqlidir. Mən Vaqif müəllimdən çox şeylər öyrənmişəm. İstər sənətlə bağlı, istərsə də həyata dair nələrsə. Çox xoşbəxt və şanslıyam ki, onun kimi bir insanı, sənətkarı Allah qarşıma çıxarıb.
-Kamil, sizin babanız, xeyriyyəçi, neft maqnatı Məşədi Kampan adı ilə tanınan Əlibaxış Qədimov olub. Onunla bağlı hansı məlumatları bizimlə bölüşə bilərsiniz?
 
-Hər kəs öz ailəsi, nəsli ilə fəxr etməlidir. Mən də həmin şəxslərdən biriyəm. Mənim sənətə gəlməyimdə valideynlərimin böyük rolu olub. Babam Məşədi Kampan həmişə yaxşılıqlar edib, amma deyib ki, filan şəhərdə ev tikin, məktəblər açın, insanlara kömək edin amma mənim adımı hallandırmayın. Babamın əsl adı Əlibaxış Qədimov olub. Amma onu “Məşədi Kampan” kimi tanıyıblar. O mənim ulu babam olub, mən onun kötücəsiyəm. Kampan 19-cu əsrdə dünyaya gəlib, 20-ci əsrin əvvəllərində, yəni 1928-ci ildə dünyasını dəyişib. Dünyanın 7-ci neft maqnatı olub. Nobel qardaşları əsrin əvvəllərində Bakıya gəldikdə 7-ci maqnatla sazişi bağlamaq üçün İngiltərəyə yollanmalı idilər. Kampanyorlara nəzarət etmək üçün. Gedirlər də. Həmin gün də Bakı şəhərində yaşayan bütün neft maqnatları ilə konfrans keçirirlər. O İngiltərəyə gedəndə Balaxanı kəndində deyiblərmiş ki, Əlibaxış getdi Nobellərlə kampanlara qoşulmağa. Kampan da şərik deməkdir. Onun bu gün adına Rusiyada da, İngiltərədə də nələrsə var. Məşədi Kampan səxavətli, əliaçıq insan olub. Nə var-dövləti olubsa hamısını kasıblara paylayıb. Ondan bizə qalan bir piano, bir də portreti olub. O da bugünki gündə mənim yaşadığım evdədir, mənə qalıb. Pianonu oğlu Əliabbas üçün Berlindən gətiribmiş. Oğlu Sibirə sürgün olunub. Məşədi Kampanın bir şüarı var idi- “Kampan verdiyini heç vaxt almır, etdiyini də heç vaxt demir”. Qar yağıb, qapılar buz bağlayıb, heç kim evindən çölə çıxa bilməyib. Kampan işçilərinə deyib ki, aparın bu ərzaqları qoyun qapılara, qaçın. Onlar görməsinlər ki, Kampanın işçiləri bunu edib. Amma qapını açan insanlar onsuz da bilirdilər ki, bunu Kampan göndərib. Hacı Zeynalabdin Tağıyevin gördüyü əksər işlərin arxasında Məşədi Kampan dayanıb. Amma deyib ki, mənim adımı çəkməyin. Şollar suyunu Bakıya çəkdirmək layihəsində də onun əməyi olub. Bir müddət olub ki, pul qurtarıb, işi saxlayıblar. Kampan bundan xəbər tutub, yenidən işlər qaydasına düşüb. Məşədi Kampanın ölümü də qəribə olub. Uzanıb evdə, deyib ki, gedin Molla Məhəmmədi çağırın gəlsin üstümdə quran oxusun. O oxuya-oxuya Kampan yatıb. Yatmayıb, sən demə canını tapşırıb. 1-2 saatdan sonra gəlib görüblər ki, Məşədi Kampan keçinib. Kampan adını atama veriblər. Atam da bugünki gündə onun adını layiqincə daşıyır. O da neftçidir.

 

Link kopyalandı!
Son xəbərlər