"Bu, maraqlı və çətin görüş olub, amma bir-birimizə hörmətlə yanaşırdıq..."
Pezeşkian israilli professorla görüşüb
ABŞ-da yaşayan israilli alim Nyu-Yorkda İran prezidenti Məsud Pezeşkianla görüşüb. Görüş prezident tərəfindən təşkil edilən konfessiyalararası dialoq çərçivəsində baş tutub.
Moderator.az xəbər verir ki, bu barədə "mignews.com" nəşri məlumat yayıb.
ABŞ Pensilvaniya Universitetinin tarix və yəhudi araşdırılmaları üzrə dosenti Loir Şternfeld deyir ki, Pezeşkian onun israilli olduğunu bilib, o, həmçinin bu barədə BMT-yə iclasdan öncə məlumat verib və dəvət ləğv edilməyib.
"İran və Sion arasında: İranın XX əsr yəhudi tarixi" kitabının müəllifi Şternfeld deyir ki, o, kitabının bir nüsxəsini İran prezidentinə hədiyyə edib.
Məlumatda deyilir ki, görüşdə bir neçə ravvin, habelə müsəlmanlar və xristianların nümayəndələri iştirak edib.
İranın "Press TV" telekanalı görüşdən fotoşəkillər dərc edib, bu şəkillərdə "Neturei Karta" antisionist qrupu üzvlərinin də görüşdə iştirak etdiyi görünür.
Qeyd edilir ki, Şternfeldi görüşə onun təmasda olduğu İran təqdiqatçıları dəvət edib. O, İsrailin rəsmi şəxsləri ilə məsləhətləşdikdən sonra onun görüşdə iştirak etməsi üçün razılıq alıb. Həmçinin deyilir ki, Şternfeld Qəzzada saxlanılan girovlar məsələsini qaldırıb.
"Bu, maraqlı görüş oldu. Çətin idi, amma bir-birimizə hörmətlə yanasırdıq", - Şternfeld görüş haqqında deyib və Pezeşkianın "müharibə dəhşətdir və ona son qoyulmalıdır" sözlərindən iqtibas gətirib.
İvrit dilində çıxan liberal "Relevant" nəşrində dərc edilən özəl şərhlərində Şternfeld bəyan edib: "İran girovlar məsələsində vasitəçilik rolunu oynamaq istəyir".
O, həmçinin iddia edir ki, Pezeşkian deyib ki, İsrail və fələstinlilər münaqişənin həllində əksəriyyət fələstinlilər üçün məqbul olan sazişə nail olduqdan sonra "İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq".