İsrailin Yaxın Şərqdə həyata keçirdiyi əməliyyatlar bölgədə vəziyyətin daha da gərginləşməsinə səbəb olub.
Moderator.az xəbər verir ki, mürəkkəbləşən vəziyyət fonunda Pentaqon Yaxın Şərqdə İsrailə dəstək məqsədilə əlavə hərbi qüvvələr cəlb etməkdədir ki, bu da ABŞ ictimaiyyəti daxilində müəyyən narahatlıqla izlənməkdədir. ABŞ-ın üçüncü ildir ki, Ukraynaya böyük həcmdə hərbi yardımlar göstərdiyini, dolayısı ilə bu coğrafiyada Rusiya ilə qüvvətükədən müharibə apardığını bildirən bəzi ekspertlər hesab edir ki, Pentaqonun Yaxın Şərqdə aktiv hərbi əməliyyatlara qoşulması, ABŞ üçün arzuedilməz nəticələrə səbəb ola bilər. Hərbi mütəxəssislərin fikrincə, Vaşinqtonun Ukrayna ilə paralel şəkildə İsrailə genişmqiyaslı hərbi yardım göstərməsi ABŞ-ın öz müdafiə qabiliyyətini zəiflədə bilər. Çünki istənilən halda ABŞ-ın Ukrayna və İsrailə göstərdiyi hərbi yardımın yerini doldurması xeyli zaman və böyük maliyyə vəsaiti tələb edəcək. Bu isə ABŞ büdcəsi üçün ciddi itkidir. Ekspertlərin fikrincə, ABŞ-ın İsrailə fəal dəstəyi Yaxın Şərq regionunda onun nüfuzuna da mənfi təsir göstərəcək.
Bütün bunlara baxmayaraq, Pentaqon sözçüsü Sabrina Sinq ABŞ-ın öz “gücündən əmin olduğunu, ehtiyac olarsa İsrailə yardım göstərəcəklərini bildirib.
Seymur ƏLİYEV