Sabir Rüstəmxanlı: “Müasir ədəbiyyatın bu missiyanın üzərindən nə dərəcədə gəldiyini zaman göstərəcək”
Prezident İlham Əliyev Qarabağ Universitetindəki çıxışı zamanı milli-mənəvi dəyərlərin təbliğinin, vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Maraqlıdır, bəs ədəbiyyatımız bu missiyanın öhdəsindən nə dərəcədə gəlir?
Moderator.az-a açıqlama verən Xalq şairi Sabir Rüstəmxanlı mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Azərbaycanda milli dəyərləri, mili kimlik göstəricilərini ənənəvi olaraq qoruyan, onun nəsildən nəsilə keçməsini təmin edən ədəbiyyat olub. Azərbaycanda bu yükü, bu ənənəni ilk növbədə ədəbiyyat daşıyır. Bu, digər sənət sahələri ilə müqayisədə daha çox ədəbiyyatın çiynindədir. Bəs müasir ədəbiyyat bu işin öhdəsindən nə dərəcədə gəlir? Bunu zaman göstərəcək.
Bu gün həm Qarabağ müharibəsi, həm də digər məsələlərlə bağlı kitablar yazılır. Eləcə də, vətən torpaqlarının gənclərə tanıdılması istiqamətində işlər aparılır və s. Yəni ədəbiyyat bu gün də bu istiqamətdə çalışır. Lakin qeyd etdiyim kimi, görülən işin miqyası, keyfiyyəti və s. kimi məsələlərə zamanla aydınlıq gələcək”.
Seymur ƏLİYEV