“Şər bucağında qırılma” və ya Rusiyadan üz çevirənlər artır
Ekskluziv
1949
20 Sep 2024 | 23:39

“Şər bucağında qırılma” və ya Rusiyadan üz çevirənlər artır

Zəngəzur dəhlizi ilə bağlı İran-Rusiya münasibətlərində yaranan fikir ayrılığı iki ölkə arasında soyuqluq yaratdımı? 17 sentyabrda Sergey Şoyqunun Tehrana qısa müddətdə ikinci səfəri baş tutdu və mətbuatda yayılan xəbərlərə görə dəhlizlə bağlı İranın məlum mövqeyi ilə razı olduqlarını bildirdilər. Yəni, dəhliz və ya yol olmayacaq, nəticədə isə Rusiyanın bu dəhlizə nəzarəti də baş tutmayacaq. Bu, Qərbin də apardığı siyasətə uyğun oldumu? Rusiyanın bölgədə təsirini azaltmaq ilk növbədə Qərbin maraqları ilə üst-üstə düşür və heç də Zəngəzur yolundan imtina etmək deyil. Paşinyanın baş verənlərin ardınca “ İran ərazisindən keçən yolda hansı şərtləri irəli sürürsə, biz də suveren ərazimizdə eyni şərtləri təklif edirik” deməsi, perspektivdə Rusiyanın nəzarəti olmadan yolun istifadəyə veriləcəyinə işarə idi. O zaman sual yaranır: İran kimin müttəfiqidir?
 
 İranın Rusiyaya “Şahed” dronları verməsi və Ukrayna müharibəsində geniş istifadə olunduğu faktdır. Eyni zamanda İran istehsalı olan kiçik məsafəli 220 ədəd Fateh-360 ballistik raketlərin Xəzər dənizi üzərindən Rusiyaya verilməsi də həqiqətdir və raketlərin nəqlinin Amerika sputnikləri tərəfindən qeyd edildiyini The Wall Street Journal nəşri bildirmişdi. Amma, İranın yeni prezidenti Pezeşkian raketlərin Rusiyaya verilməsində öz iştirakını tamamilə inkar edir və bildirir ki, bu qərar onun vəzifəsinin icrasından əvvəl qəbul olunub. Pezeşkianın Qərblə, konkret olaraq ABŞ ilə diplomatik əlaqələrin yaxşılaşdırılması, beynəlxalq sanksiyaların ən azı yumşaldılması ilə bağlı siyasi xəttinin olduğu gizli deyil. Hələ ilk mətbuat konfranslarında İranın yeni prezidenti gözlənilmədən “biz Amerika xalqı ilə qardaşıq” deməsi təsadüfi deyil. Yeri gəlmişkən, Rusiya ilə münasibətlərə toxunanda, Pezeşkian yalnız “biz dostuq” kəlməsini işlətdi. Zəngəzur yoluna münasibətlə İran həm bölgədəki marağını qorumuş olur, həm də Rusiya ilə hərbi münasibətləri minimuma endirməklə Qərblə münasibətləri yumşaltmağa çalışır. Beləliklə, beynəlxalq siyasi şərhçilərdən birinin söylədiyi kimi “ Rusiya-İran- Çin- Şimali Koreya “şər bucağında” az da olsa qırılma yaranır”.  Rusiya Ukraynada müharibəni davam etdirdikcə yalnız “şər bucağı” ölkələri ilə deyil, hətta Qərblə xüsusi yaxınlığı olmayan dövlətlərlə də qırılma həddindədir, çünki Kreml ideoloqları bütün dünyanı nüvə silahı ilə təhdid edir. Guya Ukraynanı “xüsusi hərbi əməliyyatla” “denazifikasiya”, “ demilitarizasiya” edib bitirmiş Rusiyanın növbəti hədəfi Amerika Birləşmiş Ştatlarının "denazifikasiyası" və "demilitarizasiyası" olacaq. Putinin texnoloqlarının ideyasına görə nüvə silahları amerikalılardan alınmalı və Amerika dövləti iki yeni "super güc" - Rusiya və Çinin nəzarətinə verilməlidir. Bu ideya sıradan bir mediada deyil, RİA-Novosti dövlət agentliyinin saytında, Kreml üçün fəal işləyən tanınmış rus ideoloqu Timofey Sergeytsevin proqram materialında öz əksini tapıb. 
 
Qayıdaq Cənubi Qafqaz bölgəsinə. Əlbəttə, Rusiya asanlıqla Cənubi Qafqazda vacib bir nəqliyyat dəhlizinə nəzarəti itirmək istəməz. İranla indiki razılıq situativ xarakter daşıya bilər. Faktiki olaraq Zəngəzur yolu mövcud deyil, burada dəmir və magistral yolun çəkilməsinə başlanarsa 4-5 il çəkəcəyi realdır. İndi Ukrayna müharibəsinə görə ehtiyacı olduğu raketləri və dronları almaq Rusiya üçün daha önəmlidir. Yolun çəkilişi başa çatdığı müddət ərzində dünyada, eləcə də Ermənistanda çox siyasi kataklizmlərin yaşanması tamamilə gözləniləndir və görünür Rusiya bu günün yaratdığı şəraitə görə manevr imkanlarından istifadə edir. Amma, o da var ki, həmin kataklizmlər daha çox Rusiyadan yan keçəsi deyil və Ukrayna cəbhəsində qarşılaşdığı ağır durum sonunda Rusiyaya nəinki Zəngəzur yoluna, bütövlükdə Cənubi Qafqaza nəzarəti itirməklə başa gələ bilər. Buna səbəb həm də Rusiya təbliğatında atom bombası ilə bütün bəşəriyyətin hədələnməsi amili də dayanır.
 
Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Azərbaycan bu məslədə daha strateji qərarlar qəbul etməlidir və artıq ilkin olaraq sülh müqaviləsi layihəsindən Zəngəzur yolu müddəasını çıxarmaqla doğru addım atdığını sübut edib. Sabah bu yolun açılacağı reallaşanda Azərbaycanın da mövqeyi önəmli olacaq, çünki yol yalnız Zəngəzurdan keçən 40 km-lik ərazidən ibarət deyil. Yolun hər iki çıxışı Azərbaycan əraziləridir və Azərbaycanın da maraqları nəzərə alınmasa yol öz funksiyasını itirmiş olacaq. 
 
Moderator.az
Link kopyalandı!
Son xəbərlər