İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda qəhrəmanlıqla döyüşərək şəhid olan qəhrəmanlarımızdan biri də polkovnik-leytenant Faiq Qaçay oğlu Qasımovdur.
Faiq Qasımov 10 fevral 1974-cü ildə Qubadlı rayonunun Qayalı kəndində anadan olub. Faiq Qasımov orta təhsilini də Qubadlı rayonunun Qayalı kənd tam orta mətəbində alıb. Faiq uşaq yaşlarında Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin məşqçiliyi altında idmanın güləş mövü ilə məşğul olub. 1993-cü il avqustun 31-də Qubadlı rayonunun ermənilər tərəfindən işğal edilməsindən sonra Faiq Qasımovun ailəsi Sumqayıt şəhərinə pənah gətirib.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları başlayanda Faiq də Vətənin müdafiəsinə qoşulmaq üçün ordu sıralarına yollanmaq istəyib. Faiq Qasımov 1991-ci ildə könüllü olaraq döyüşə qatılmaq istəsə də, yalnız 1992-ci ildə 18 yaşı tamam olduqdan sonra Azərbaycan Milli Ordusunun sıralarına çağırılıb. Faiq Qasımov Qubadlı rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə Əliyar Əliyevin rəhbəri olduğu taborda topçu olaraq savaşıb. 1992-ci ildə Yuxarı Cibikli isiqamətində gedən döyüşlər zamanı Faiq Qasımovun qardaşı – “Qorxmazçılar” Batalyonunun komandiri Həsənqulu Qasımov 23 yaşında həlak olub. Həmin gündən Faiq Qasımov qardaşının qisasını almaq üçün hərbçi olmağı qərara alıb.
Faiq Qasımov 1993-cü ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olunub. Həmin məktəbi 1995-ci ildə “Motoatıcı” ixtisası üzrə bitirən Faiq Qasımov zabit kimi xidmətə başlayıb. Faiq Qasımov 1995-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində, 2010-2012-ci illərdə Balakən rayonunda yerləşən “N” saylı hərbi hissəsində, 2012-2013-cü illərdə Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissəsində, 2013-cü ildən isə Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.
2016-cı ilin aprel döyüşləri başlayanda Faiq Qasımov da döyüşlərə qatılıb. Aprel döyüşləri zamanı Faiq Qasımov cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. Həmin döyüşlər zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi işğaldan azad olunub. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan ordusunun “yenilməz Ohanyan xətti” olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilib.
“Lələtəpə”uğrunda gedən döyüşlərdə Faiq Qasımov düşmənin çox sayda yüksək rütbəli hərbçilərini məhv etdiyinə görə, Ali Baş Komandan İlham Əliyev tərəfindən “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
Faiq Qasımov bundan başqa hərbi xidmət dövründə “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə” III dərəcəli medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə” II dərəcəli medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” I dərəcəli medalı, “Azərbaycan Silahlı Qüvvələri Veteranı” medalı ilə təltif edilib.
Faiq Qasımov 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən Müharibəsi zamanı da böyük sücaət göstərib. Həmin gün Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən törədilən genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks hücuma keçib. Faiq Qasımov 44 günlük Vətən Müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə də qəhrəmanlıq göstərib. Faiq Qasımov həmin istiqamətdə gedən döyüşlərdə şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Faiq Qasımov ailəli idi. Özündən sonra bir oğlu və bir qızı yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunan ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Faiq Qasımova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Faiq Qasımov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Şərqi Zəngəzur məktəblərində Vətən Müharibəsi Qəhrəmanlarının təbliği” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.