"Usik böyük çempiondur, mən onun adi cinayətkar kimi qandallanmasına kimin və nəyə görə əmr verdiyini bilmək istəyirəm..."
Ukraynalı boksçu, WBC, WBA, WBO və IBO versiyaları üzrə dünya çempionu Aleksandr Usik Polşanın Krakov şəhərinin hava limanında saxlanılıb.
Moderator.az xəbər verir ki, bu barədə ilk olaraq Ukrayna Ali Radası gənclər və idman məsələləri üzrə komitəsinin sədr müavini və sabiq ukraynalı döyüşçü Jan Belenyuk məlumat verib. Sonradan Usik azad edilib. Məlumatı "dw.com" nəşri yayıb.
Usikin həyat yoldaşı Yekaterina qeyd edib ki, "anlaşılmazlıq" baş verib. "Usik azadlıqdadır", - o, əlavə edib.
Məşhur ukraynalı boksçusunun saxlanılmasını Ukrayna prezidenti Vladimir Zelenski şərh edib. "Mənə indicə məlumat verilib ki, hər şey artıq yaxşıdır, çempionumuz azadığa buraxılıb, daha heç kimin onunla işi yoxdur", - Zelenski qeyd edib
O, saxlanıldıqdan sonra Usiklə ünsiyyətdə olduğu barədə məlumat verib: "Mən bizim vətəndaşımıza və çempionumuza qarşı belə münasibətdən qəzəb keçirmişəm".
Ukrayna dövlətinin başçısı baş verənlərin səbəblərini açıqlamayıb. "Ukrayna xarici işlər naziri Andrey Sibiqa və daxili işlər naziri İqor Klimenkoya baş vermiş insidentin bütün detallarının dərhal aydınlaşdırılmasını tapşırmışam", - Zelenski əlavə edib.
Sibiqa öz növbəsində bəyan edib ki, çempion Aleksandr Usikə qarşı hərəkətlər "qeyri-mütənasib və yolverilməzdir" və Polşa tərəfinə müvafiq nota veriləcək.
Tanınmış polşalı təşviqatçı Anjey Vasilevski ukraynalı çempionun həbsinə münasibət bildirib. "Usik böyük çempiondur, sabiq mütləq dünya çempionudur. O, azadlıqdadır. Mən onun adi cinayətkar kimi qandallanmasına kimin və nəyə görə əmr verdiyini bilmək istəyirəm. Bu, bütün dünya üçün rüsvayçılıqdır", - o, deyib.
ESPN idman telekanalının insayderi Mayk Koppincerin məlumatına görə, Krakov hava limanının işçiləri müyəyyən edib ki, Usikin və onun məşqçisi Sergey Lapinin fiziki vəziyyəti uçuş üçün yararsız olub. Usikin komandası bunu yorğunluqla izah edib. "Dil maneəsinə görə və Usikin heç nəyi pozmadığını iddia etdiyinə görə o və Lapin saxlanılıb", - Koppincer məlumat verib.
Aleksandr Usikin özü "İnstagram" səhifəsində Krakov hava limanında saxlanıldığı və anlaşılmazlıq baş verdiyi barədə məlumat verib.
"Dostlar, hər şey yaxşıdır. Anlaşılmazlıq baş verib və tez bir zamanda aradan qaldırılıb. Ukraynalı diplomatlara dəstəyə görə minnətdaram. Polşanın hüquq-mühafizə orqanlarına da öz vəzifələrinin icrasına vicdanlı münasibətinə görə minnətdaram. Allaha şükürlər olsun", - o, yazıb və şəxsən prezident Zelenskiyə dəstəyə görə minnətdarlıq edib.
Aleksandr Usik əslən Simferopoldandır. May ayında 37 yaşlı idmançı superağır çəkidə mütləq dünya çempionu adını qazanıb. Sonradan o, Beynəlxalq Boks Federasiyasının versiyasına görə tituldan imtina edib, çünki zəruri olan müddətlərdə onu müdafiə edə bilməyəcək.
Usik 2012-ci ildə Londonda keçirilən Olimpiadanın çempionu olub. Boksçu peşəkar rinqdə bütün 22 döyüşü udub. Usikin dekabrın 21-də Ər-Riyadda britaniyalı Tayson Fyuriyə qarşı döyüşəcəyi gözlənilir.