44 günlük Vətən Müharibəsi zamanı torpaqlarımızın azad olunması uğrunda qəhrəmanlıqla döyüşərək şəhid olan qəhrəmanlarımızdan biri də polkovnik-leytenant Ramiz Sübhan oğlu Cəfərovdur.
Ramiz Cəfərov 1974-cü il dekabrın 10-da Ukraynanın Makeevka şəhərində anadan olub. Əslən Masallı rayonundan olan Ramiz Cəfərov 1981-1985-ci illərdə Sumqayıt şəhər 17 nömrəli, 1985-1989-cu illərdə Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə, 1989-1992-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 1992-1996-cı illərdə V.F.Marqelov adına “Suvorov” ordenli Ryazan Qvardiya Ali Hava-Desant Komandanlığı Məktəbində ali hərbi təhsilə yiyələnib. 2004-cü il martın 1-dən martın 20-nə qədər Birləşmiş Ştatlarda NATO-nun “Əməliyyat heyəti zabitləri” kursunda olub. Alman, ingilis və rus dillərini sərbəst bilib.
Azərbaycan ordusunda nümunəvi xidməti nəzərə alınaraq “Qüsursuz xidmətə görə” I, II, III dərəcəli, Azərbaycan Silahlı Qüvvələrinin “Azərbaycan Ordusunun 10 illiyi” yubiley medalı, “Azərbaycan Ordusunun 90 illiyi” yubiley medalı, “Azərbaycan Ordusunun 95 illiyi” yubiley medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı və “Azərbaycan Silahlı Qüvvələri Veteranı” medalları ilə təltif edilib.
Ramiz Cəfərov hələ kursant olduğu illərdə cəsarəti ilə seçilib. Hərbçi yoldaşları bildirir ki, Ryazanda oxuyanda paraşütlə tullanış zamanı Ramizin paraşütünün ipləri dolaşıb. Həmin vaxt özünü itirməyən Ramiz Cəfərov havada ikən problemi çevik həll edib vəziyyətdən çıxa bilib. Hələ xidmət dövründəki qəhrəmanlıqlarına görə dostları ona “Qartal” ləqəbi veriblər.
Ramiz Cəfərov 2016-cı il aprel döyüşlərinin iştirakçısı olub. Aprelin ilk günlərində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlayır. Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun “yenilməz Ohanyan xətti” olaraq adlandırdığı müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilir. Həmin döyüşlər zamanı Ramiz Cəfərov cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə iştirak edərək qələbənin əldə olunmasına öz töhfəsini verir.
Polkovnik-leytenantı Ramiz Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə qatılıb. Füzuli, Hadrut, Cəbrayıl, Qubadlı, Zəngilan və Şuşanın azadlığı uğrunda aparılan döyüşlərdə fəal iştirak edən qəhrəman zabitimizin sonuncu döyüşü Şuşa uğrunda olub.
Belə ki, Ramiz Cəfərov 2020-ci il noyabrın 6-da Şuşa şəhəri uğrunda aparılan döyüşlər zamanı qəhrəmanlıqla döyüşərək şəhid olub. Bakı şəhərində II Şəhidlər Xiyabanında dəfn olunub. Ramiz Cəfərovun beş övladı yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunan ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ramiz Cəfərova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
Ramiz Cəfərov bundan başqa Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Şərqi Zəngəzur məktəblərində Vətən Müharibəsi Qəhrəmanlarının təbliği” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.